Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər, islahatlar həyata keçirilib.
Bunun da nəticəsində cəmiyyət inkişaf edib, münasibətlər sistemində mütərəqqi yeniliklər ortaya çıxıb. Belə bir şəraitdə həmin yeniliklərin qanunlarla tənzimlənməsi, ölkə Konstitusiyasında öz əksini tapması zərurətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə dünən respublikamızda keçirilən ümumxalq səsverməsi də məhz bu zərurətdən irəli gəlir.
26 sentyabr referendumu ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendum Aktı demokratiyanın inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına, siyasi sistemin optimallaşdırılmasına, idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu mənada, 26 sentyabr referendumu böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində muxtar respublikamızda 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərib. Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, ümumilikdə, 35 seçki məntəqəsində müşahidə kameraları ilə internet vasitəsilə seçkilərin gedişini izləmək mümkün olub. Bu, referendumda şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi.
Sevindirici haldır ki, digər seçkilərdə olduğu kimi, 26 sentyabr referendumunda da Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdiriblər.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində referendum keçirilib. Həmin seçki dairələrində qeydə alınmış 271 min 939 seçicidən 206 min 127 nəfər, yəni seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 664 nəfər seçicidən 30 min 3 nəfəri, yəni seçicilərin 77,6 faizi səsvermədə iştirak edib.
Referendum günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxuculara təqdim edirik.
Naxçıvan şəhəri
Tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərində ümumxalq səsverməsi (referendum) ruh yüksəkliyi və seçici fəallığı şəraitində keçirilib. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində biz bunun bir daha şahidi olduq. Məlumat üçün deyək ki, dairə üzrə 37 məntəqədə, ümumilikdə, 44 min 304 seçici vardır ki, onlardan da 615 nəfəri ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Dairənin 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Muxtar respublikanın paytaxtında – Naxçıvan şəhərində referendum prosesini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq. Bu məntəqədən müşahidəmizə başlamağımızın simvolik səbəbi məntəqənin Azərbaycan xalqının ümummilli lideri, ölkənin demokratikləşmə tarixində misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin adını daşıyan bir məkanda yerləşməsi idi.