Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyabrın 12-də referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan keçən dövr ərzində ölkəmizdə milli qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılması, xüsusilə də siyasi-hüquqi sistemin liberallaşdırılması istiqamətində kompleks tədbirlər, islahatlar həyata keçirilib.
Bunun da nəticəsində cəmiyyət inkişaf edib, münasibətlər sistemində mütərəqqi yeniliklər ortaya çıxıb. Belə bir şəraitdə həmin yeniliklərin qanunlarla tənzimlənməsi, ölkə Konstitusiyasında öz əksini tapması zərurətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə dünən respublikamızda keçirilən ümumxalq səsverməsi də məhz bu zərurətdən irəli gəlir.
26 sentyabr referendumu ilə Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcı qoyuldu. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Referendum Aktı demokratiyanın inkişafına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminat mexanizmlərinin formalaşdırılmasına, siyasi sistemin optimallaşdırılmasına, idarəçilik sisteminin daha da təkmilləşdirilməsinə, ictimai-siyasi sabitliyin və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Bu mənada, 26 sentyabr referendumu böyük əhəmiyyətə malikdir.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsində muxtar respublikamızda 292-si açıq və 24-ü qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərib. Muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, ümumilikdə, 35 seçki məntəqəsində müşahidə kameraları ilə internet vasitəsilə seçkilərin gedişini izləmək mümkün olub. Bu, referendumda şəffaflığın təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik idi.
Sevindirici haldır ki, digər seçkilərdə olduğu kimi, 26 sentyabr referendumunda da Naxçıvan Muxtar Respublikasının seçiciləri səsvermə prosesində xüsusi fəallıq nümayiş etdiriblər.
Qəzetimiz çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımovla əlaqə saxladıq. O bildirdi ki, muxtar respublikada 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində referendum keçirilib. Həmin seçki dairələrində qeydə alınmış 271 min 939 seçicidən 206 min 127 nəfər, yəni seçicilərin 75,8 faizi ümumxalq səsverməsində iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 664 nəfər seçicidən 30 min 3 nəfəri, yəni seçicilərin 77,6 faizi səsvermədə iştirak edib.
Referendum günü muxtar respublikamızın şəhər və rayonlarından hazırladığımız reportajları oxuculara təqdim edirik.
Naxçıvan şəhəri
Tarixən Azərbaycanda siyasi fikrin formalaşdığı əsas mərkəzlərdən biri olan Naxçıvan şəhərində ümumxalq səsverməsi (referendum) ruh yüksəkliyi və seçici fəallığı şəraitində keçirilib. 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin əhatə etdiyi seçki məntəqələrində biz bunun bir daha şahidi olduq. Məlumat üçün deyək ki, dairə üzrə 37 məntəqədə, ümumilikdə, 44 min 304 seçici vardır ki, onlardan da 615 nəfəri ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Seçki məntəqələrinin hamısı müasir binalarda yerləşir. Dairənin 4-10, 4-12, 4-15, 4-17 və 4-28 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılıb.
Muxtar respublikanın paytaxtında – Naxçıvan şəhərində referendum prosesini izləmək, seçicilərin fikirlərini öyrənmək üçün müşahidələrimizə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yerləşən 9 saylı seçki məntəqəsindən başladıq. Bu məntəqədən müşahidəmizə başlamağımızın simvolik səbəbi məntəqənin Azərbaycan xalqının ümummilli lideri, ölkənin demokratikləşmə tarixində misilsiz xidmətləri olmuş ulu öndər Heydər Əliyevin adını daşıyan bir məkanda yerləşməsi idi.
Qaydalara uyğun olaraq, 4-9 saylı məntəqə seçki komissiyasının sədri Namiq Novruzov komissiya üzvləri qarşısında şəffaf qutuların möhürlənməsini həyata keçirdi. Həm daşınan qutu, həm də məntəqədə yerləşən şəffaf qutular ayrı-ayrılıqda möhürləndi. Məntəqədə səsverməyə vaxtında – saatlarımız 800-ı göstərəndə start verildi. Referendumun ilk saatlarından başlayaraq məntəqəyə seçicilərin axını müşahidə edilirdi. Məntəqədə ilk səs verən Hikmət Muxtarovla həmsöhbət oluruq. O deyir: “Bütün seçkilərdə mən həmişə çalışmışam ki, öz səsvermə hüququmdan istifadə edim. Çünki mən belə hesab edirəm ki, keçirilən hər bir seçki bizim ölkəmizin taleyində əhəmiyyətli rol oynayır. Bu mənada, Konstitusiyaya əlavə və dəyişikliklərin çıxarıldığı ümumxalq səsverməsi böyük əhəmiyyətə malikdir. Ona görə də səhər ilk işim 4-9 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququmdan istifadə edərək vətəndaşlıq mövqeyimi bildirməyim oldu. Gəldim və müvafiq əlavə və dəyişikliyə səs verdim. Burada səsvermənin şəffaf və azad keçirilməsi üçün hər cür şəraitin yaradıldığının şahidi oldum. Referendumun uğurla başa çatacağına və ölkəmizin gələcəyi üçün faydalı olacağına əminəm”.
Artıq saat 1500-a qədər 937 nəfər seçicinin qeydiyyatda olduğu məntəqədə 462 nəfər öz səsvermə hüququndan istifadə etmişdi.
Müşahidələrimizi Naxçıvan şəhərindəki 17 nömrəli tam orta məktəbdə yerləşən 4-36 saylı seçki məntəqəsində davam etdiririk. Məntəqənin yerləşdiyi binaya yaxınlaşarkən burada seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə referendumda iştirak etmələri diqqətimizi cəlb etdi. 26 sentyabr referendum günü həm də ad gününü qeyd edən Arif Qurbanovla rastlaşdıq. Arif Qurbanov bildirdi ki, bu gün həyatının ən yaddaqalan günü olacaq. Sevincini bizimlə bölüşən Arif dedi: “Ad günümün ümumxalq səsverməsinin keçirildiyi günə təsadüf etməsi məni hədsiz dərəcədə sevindirdi. Çünki bu gün muxtar respublikamızda insanlar bayram əhval-ruhiyyəsindədirlər. 26 sentyabr ölkəmizin ictimai-siyasi tarixində əlamətdar gün kimi qalacaqdır. Həm də bu gün mən ilk dəfə səsvermə hüququmdan istifadə etdim. Yəni mən də bir vətəndaş kimi mövqeyimi səsvermə yolu ilə bildirdim. Bu mənada, 26 sentyabr mənim üçün üçqat bayramdır”.
4-36 saylı məntəqə seçki komissiyasının sədri İsa Məhərrəmovun sözlərinə görə, 1495 seçicinin qeydiyyatda olduğu məntəqədə 24 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edən seçici var. Bu gün onlar fəallıqları ilə seçiliblər.
4-37 saylı seçki məntəqəsində də gənclərin fəallığı diqqətimizi cəlb etdi. Məntəqə seçki komissiyasının sədri Həsən Əliyevdən öyrəndik ki, məntəqədə qeydiyyatda olan 1494 seçicidən 18 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Seçicilərin hamısı səsvermə prosesində fəallıq nümayiş etdirirlər. Məntəqədə səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədr müavini Sultan İsmayılov bizimlə söhbətində hər bir vətəndaşın səsvermədə şəffaf və demokratik şəkildə öz iradəsini bildirməsi üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu qeyd etdi. Konstitusiyamızda dəyişikliklərlə əlaqədar qabaqcadan paylanan müqayisəli təqdimatla yaxından tanış olduğunu deyən Sultan İsmayılov Konstitusiya islahatlarının ölkəmizin gələcək inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirdi.
Veb-kamera ilə təchiz edilmiş 4-28 saylı seçki məntəqəsində də olduq. Bu məntəqə Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə yerləşir. Məntəqə seçki komissiyasının sədri Arzu Abdullayevdən aldığımız məlumata görə, 1494 seçicinin qeydiyyatda olduğu məntəqədə 18 nəfər ilk dəfə səs verəcək. Səsvermədə bütün seçicilər həvəslə iştirak edirdilər.
4-28 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edən, əslən ukraynalı olan Azərbaycan Respublikasının vətəndaşı Zoya Seyidova qeyd etdi ki, həqiqətən də, muxtar respublikada hər seçkidə seçicilərin yüksək fəallığını müşahidə edib. 1983-cü ildə Naxçıvan şəhər sakini Mirşücayət Seyidov ilə ailə həyatı quran və o vaxtdan Naxçıvan şəhərində yaşayan Zoya Seyidova dedi: “Bu gün məntəqəyə gələndə burada seçicilərin fəallığını müşahidə etdim. Bunun əsas səbəbi muxtar respublikada yaradılan demokratik şəraitdir. Digər tərəfdən seçicilərin fəallığı onların siyasi proseslərdən məlumatlı olduğunu göstərir. Mən də yaradılan bu şəraitdən bəhrələnərək Azərbaycan Respublikasının vətəndaşı kimi səsvermə hüququmdan istifadə etdim. Mən məntəqə seçki komissiyası üzvlərinin biz vətəndaşlara necə hörmətlə yanaşdığını, lazım gələndə qanunvericilik çərçivəsində bizə hər cür köməklik göstərdiklərini gördüm. Bu, çox müsbət haldır”.
Müşahidə apardığımız növbəti ünvan “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin binasında təşkil edilən 4-17 saylı seçki məntəqəsi oldu. Burada məntəqə seçki komissiyasının işində Yeni Azərbaycan Partiyasının, Böyük Quruluş Partiyasının, Ana Vətən Partiyasının təmsilçiləri və bitərəflər iştirak edirdilər. Bu məntəqədə 1376 seçici qeydiyyatdadır. Səsvermə prosesinə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.
Bu məntəqənin seçki komissiyasında Ana Vətən Partiyasının təmsilçisi olan Aytac Vəlizadə bildirdi ki, komissiya üzvü olduğu 4-17 saylı seçki məntəqəsində vətəndaşların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb: “Səsvermənin gedişatından razıyıq, proses normal qaydada keçir. Seçici fəallığını xüsusilə qeyd etməliyəm. İnsanlar məntəqəyə gəlir və heç bir müdaxilə olmadan səs verirlər”.
Naxçıvan şəhərindəki 5 nömrəli uşaq bağçasının binasında yerləşən, 1496 nəfər seçicinin qeydiyyatda olduğu 4-20 saylı seçki məntəqəsində 28 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edib. İlk dəfə səsvermə hüququndan istifadə edən Tahir Gülmalıyev sərbəst şəkildə səsvermədə iştirak etdiyini bildirdi.
Qeyd edək ki, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən referendum gününün sonunda – saat 1900-da aldığımız məlumata görə, dairədə səs verməli olan 44 min 304 seçicidən 34 min 158 nəfəri seçkilərdə iştirak edib. Dairə üzrə qeydiyyatda olan seçicilərin 77,1 faizi səs verib. Bu, ölkə üzrə ən yüksək göstəricilərdən biridir.
Rauf Əliyev
Şərur rayonu
Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan 21 il ötür. Bu illərdə respublikanın ictimai-siyasi, sosial və iqtisadi həyatında çox mühüm dəyişikliklər baş verib. Dövlətimizin beynəlxalq aləmdə nüfuzu artıb, ölkəmizdə demokratik cəmiyyət bərqərar olub. Konstitusiyada müvafiq müddəaların dəyişdirilməsi, yeniləşdirilməsi zərurəti yaranıb.
Ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulub. Bu dəyişikliklər ölkə həyatının ən müxtəlif sahələrini – silahlı qüvvələri, insan hüquq və azadlıqlarının əsas prinsiplərini, bərabərlik, mülkiyyət, şəxsi toxunulmazlıq, tətil, fikir və söz azadlığını, sərbəst toplaşmaq azadlığını, seçki və müraciət etmək hüququnu, Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələbləri, Prezident seçkilərinin əsaslarını, Azərbaycan Respublikasında vitse-prezident institutunun yaradılması və digər məsələləri əhatə edir.
Sentyabrın 26-da 2 saylı Şərur Seçki Dairəsində olduq. Burada 1 qapalı, 52 mülki olmaqla, yaradılmış 53 məntəqədə 41 min 995 seçici qeydiyyata alınmışdı. Onların 590 nəfəri ilk dəfə səs verəcəkdi. Dairə Seçki Komissiyasının sədri İbrahim Abbasov bildirdi ki, seçicilərin səs verməsi, öz fikrini müstəqil ifadə etməsi üçün bütün şərait yaradılıb. Səsvermə, demək olar ki, yüksək fəallıq şəraitində keçir. Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin mahiyyəti vaxtında izah olunub. Rayonun bütün sakinləri ümumxalq səsverməsinə çox ciddi hazırlaşıb.
2-1 və 2-50 saylı Şərur şəhər, 2-4 saylı Qarxun, 2-5 saylı Məmmədsabir, 2-8 saylı Sərxanlı kənd seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı.
2-4 saylı Qarxun seçki məntəqəsində gördüklərimiz belə deməyə əsas verirdi ki, kənd sakinləri Konstitusiyaya təklif edilən dəyişiklikləri müdafiə edir, səhər saatlarından məntəqəyə gələrək səs verirdilər. Məntəqənin həyətində asılmış seçici siyahısında 1496 seçicinin adı var idi ki, onlardan 17-si ilk dəfə belə bir tədbirdə iştirak edirdi. Bu məntəqədə saat 12-də artıq 350 seçici öz iradəsini ifadə etmişdi. Onlardan biri – ilk dəfə səs verən Cəmşid Əliyev dedi ki, mən də digər seçicilər kimi sevinc içərisindəyəm. Ona görə ki, bu gün ölkə vətəndaşlarının seçimi ilə Konstitusiyamız daha da təkmilləşdirilir. Bundan sonra Azərbaycan vətəndaşı daha yüksək hüquqlara malik olacaq, Konstitusiyamız dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edəcək. Bu ali hüquqi sənədin Azərbaycanın tərəqqisinə, vətəndaşların parlaq gələcəyinə xidmət edəcəyini dərindən bilən seçicilərin ümumxalq səsverməsində fəal iştirakı təbiidir.
2-45 saylı Tənənəm seçki məntəqəsində də olduq. Öyrəndik ki, bu məntəqədə muxtar respublikanın ən yaşlı sakinlərindən biri, 104 yaşlı Bəyim Qəribova da səs verməlidir. Onun üçün daşınan qutudan istifadə edildi.
Şərur şəhərindəki dəmiryol vağzalının inzibati binasında təşkil olunmuş 2-50 saylı seçki məntəqəsində səs verən Münəvvər Əhmədova seçki hüququ, azad sahibkarlıq hüququ müddəalarına dəyişikliklər edilməsini günün vacib məsələsi kimi dəyərləndirdi. Dedi ki, Azərbaycan demokratik inkişaf yolu seçmiş ölkə kimi insan amilini daim uca tutur və onun şəxsiyyətinin müdafiəsində dayanır. Bu baxımdan Konstitusiyanın 24-cü maddəsinə təklif edilən əlavə və dəyişikliklər insan ləyaqətinin qorunmasını dövlətin ali məqsədlərindən biri kimi önə çəkir. İnsan ləyaqətinin uca tutulması, ona hörmətin konstitusion norma kimi təsbit edilməsi, dövlətin bununla bağlı üzərinə öhdəliklər götürməsi son dərəcə təqdirəlayiqdir.
Şərur rayonu ərazisində müşahidə apardığımız seçki məntəqələrinin hamısında seçici fəallığı var idi. İnsanlar bayram əhval-ruhiyyəsində seçki məntəqələrinə gəlirdilər. Hər kəs bilirdi ki, bu referendum müstəqil Azərbaycanın işıqlı gələcəyi üçün keçirilir, insan hüquq və azadlıqları bundan sonra daha etibarlı şəkildə qorunacaq.
Konstitusiyamıza dəyişikliklərlə əlaqədar keçirilən referendumda – ümumxalq səsverməsində fəal iştirak edən Şərur rayonunun səsvermə hüququna malik olan sakinləri öz azad və demokratik seçim hüquqlarından istifadə etdilər. Ümumxalq səsverməsinin nümunəvi keçməsi üçün Şərur rayonunda fəaliyyət göstərən dairə seçki komissiyaları üçün inzibati binaların tikilib istifadəyə verilməsi, məntəqə seçki komissiyalarının yerləşdikləri otaqlarda lazımi şəraitin yaradılması, seçicilərlə aparılan maarifləndirici iş bu mühüm tədbirin uğurla başa çatmasını təmin etdi.
Muxtar Məmmədov
Babək rayonu
Babək rayonunda da Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda səsvermə prosesi rayon sakinlərinin aktiv iştirakı ilə yadda qaldı. Rayon ərazisindəki seçki məntəqələri bütün zəruri texniki avadanlıqlarla təmin edilmişdi. Məntəqələrdə referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmışdı.
3 saylı Babək-Kəngərli-Naxçıvan, 5 saylı Şahbuz-Babək və 6 saylı Culfa-Babək Seçki dairələrinin Babək rayonu ərazisindəki məntəqələrində qələbəlik idi. Səsvermə prosesi başlayan kimi səsvermə hüququ olan vətəndaşlar mütəşəkkil şəkildə məntəqələrə gəlirdilər.
3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin Babək qəsəbəsindəki Babək Rayon Mədəniyyət Evində təşkil edilmiş 3-42 saylı seçki məntəqəsinə gələnlər şəxsiyyət vəsiqəsini göstərir, bülleten alıb kabinəyə keçirdi. Öyrəndik ki, məntəqə üzrə 1156 seçici var. Məntəqə seçki komissiyasının sədri Əli Məmmədovla söhbət zamanı bildirdi ki, seçicilərin sərbəst şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb.
Adıçəkilən seçki dairəsinin Kərimbəyli kənd tam orta məktəbində yaradılan, 1072 nəfərin qeydiyyatda olduğu 3-23 saylı məntəqəsində ilk dəfə bu prosesdə iştirak edən 18 yaşlı gənclərdən Naxçıvan Dövlət Universitetinin tələbəsi Səmral Əkbərova ilə həmsöhbət olduq. O bildirdi ki, referendumdan öncə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı xeyli məlumat əldə edib, ona görə də bülletenlərlə tanış olmaq onun üçün o qədər də çətin olmayıb. Qürur duyur ki, ilk dəfə səsvermə hüququndan məhz Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendumda istifadə edir.
5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Babək rayonunun Sirab kənd tam orta məktəbində yerləşən 5-26 və 5-27 saylı məntəqələrində də qələbəlik hökm sürür, seçicilər mütəşəkkillik nümayiş etdirirdilər. Məntəqə seçki komissiyasının üzvləri qaydalara uyğun hərəkət edir, referendumun gedişində heç bir pozuntu olmaması üçün səy göstərirdilər.
6 saylı Culfa-Babək Seçki Dairəsinin Nehrəm kənd 1 nömrəli tam orta məktəbindəki 6-8 saylı seçki məntəqəsində də seçicilərin yüksək əhval-ruhiyyə ilə referendumda iştirak etməyə gəldiyini müşahidə etdik. Məntəqənin önündə qarşılaşdığımız Qalib Həsənov dedi ki, Konstitusiyamıza əlavə və dəyişikliklərlə bağlı referendumda fəal iştirak etməyi özünün vətəndaşlıq borcu hesab edir və bir azdan o da digər rayon sakinləri kimi öz səsvermə hüququndan istifadə edəcək. Sözügedən əlavə və dəyişikliklərlə tanış olmaq üçün bir neçə gün öncədən məlumat əldə edib və bu, onun qısa zamanda səs verməsinə kömək edəcək.
Referendumun gedişində 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi dairə seçki komissiyasının sədri Zahid Ələkbərovla da görüşüb həmsöhbət olduq. O bildirdi ki, referendumun keçirilməsi üçün seçki dairəsi üzrə 49 məntəqə yaradılıb. Məntəqələrin 21-i Babək rayonunda, 20-si Kəngərli rayonunda, 8-i Naxçıvan şəhərindədir. Ümumilikdə, bu məntəqələrdə 44 min 75 nəfər seçici qeydiyyatdadır. Onlardan 678 nəfəri ilk dəfə səs verənlərdir.
Ümumiyyətlə, referendum günü apardığımız müşahidələr zamanı belə qənaətə gəldik ki, ümumxalq səsverməsinin şəffaf, demokratik şəkildə başa çatdırılması üçün yaradılan şərait ürəkaçandır. Səsvermə hüququ olan insanlar da bu şəraitdən istifadə edərək referendumun azad və şəffaf şəraitdə başa çatması üçün fəallıq göstərməklə Əsas Qanunumuza edilən dəyişikliklərə öz münasibətlərini bildirirdilər.
Səbuhi Hüseynov
Ordubad rayonu
Ordubad rayonunda da seçicilər səsvermə prosesində fəallıq nümayiş etdirdilər. 7 saylı Ordubad-Culfa Seçki Dairəsində 52 məntəqə fəaliyyət göstərir. Onlardan 45-i Ordubad rayonu, 7-si isə Culfa rayonu ərazisində yerləşir. Dairədə 34 min 865 nəfər seçici qeydiyyatdadır. Onlardan 28 min 531 seçici Ordubad rayonu ərazisində yaşayır. Həmin seçicilərin 481 nəfəri ilk dəfə səs verənlərdir.
Dairənin 7-1, 7-2, 7-3, 7-4 və 7-6 saylı seçki məntəqələrində veb-kameralar quraşdırılmışdı.
Saat 800-da ilk olaraq 7-5 saylı məntəqədə olduq. Məntəqə üzvlərinin iştirakı ilə qutular möhürləndi və seçkiyə start verildi. 812 seçicinin səs verəcəyi məntəqədə səhər saatlarından seçici fəallığı hiss olunurdu. İlk səs verənlərdən Azər Babayevlə söhbətimizdən bir daha əmin olduq ki, seçicilər ümumxalq səsverməsində yüksək əhval-ruhiyyə ilə iştirak edəcəklər. O dedi ki, Konstitusiya dəyişikliyi hər bir ölkənin həyatında mühüm ictimai-siyasi hadisədir. Referendum Aktı layihəsi ictimai müzakirəyə çıxarıldığına görə, dəyişikliklərin hansı maddələr üzrə aparıldığı barədə əksəriyyətin məlumatı var. Konstitusiyaya edilən hər bir dəyişiklik xalqımızın, dövlətimizin xoşbəxt gələcəyinə hesablanıb. Məhz buna görə də mən öz səsvermə hüququmdan istifadə etmək üçün səhər tezdən məntəqəyə tələsdim.
Veb-kamera ilə təchiz olunmuş 7-2 saylı seçki məntəqəsində də eyni ab-havanı gördük. Məntəqədə vətəndaşların öz iradələrini azad şəkildə, heç bir maneə olmadan ifadə etmələrinə tam şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədov bildirdi ki, seçici siyahısında 1376 nəfər qeydiyyatdadır. Onlardan 20 nəfəri ilk dəfə səsvermədə iştirak edəcək.
İlk dəfə səs verən seçici Vəfa Əliyeva öz təəssüratlarını bizimlə bölüşərək dedi:
– Bu gün çox sevincliyəm. Çünki ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan referendumda iştirak edirəm. Konstitusiyaya edilən dəyişikliklərin ölkəmizin gələcək inkişafına böyük töhfə verəcəyinə əminəm. Məhz buna görə də təklif olunan bütün dəyişiklikləri dəstəklədim.
Bu məntəqədə artıq saat 1000 radələrində 118 seçici öz səsvermə hüququndan istifadə etmişdi.
Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 7-1 saylı, rayon Mədəniyyət Evində yerləşən 7-3 saylı, Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən 7-4 saylı məntəqələrdə də olduq.
7-3 saylı məntəqədə qeydiyyatda olan seçicilərdən Qəzənfər Bağırov, Elmira Allahverdiyeva, Faiq Mehdiyev və digərləri referendumun şəffaf və demokratik şəkildə keçirildiyini bildirərək dedilər ki, bu gün muxtar respublikamızda demokratik seçkilərin keçirilməsi, insanların öz iradələrini azad ifadə edə bilmələri üçün hər cür şərait yaradılıb. Bu gün keçirilən referendumda da biz bunun bir daha şahidi olduq. Hər kəs seçki məntəqələrinə gələrək sərbəst şəkildə səs verir. Bütün proseslərin qanunauyğun qaydada aparılması gənclərin gələcəyə inamını daha da artırır.
Rayonun Gənzə kənd tam orta məktəbində yerləşən 7-8 saylı məntəqədə də qələbəlik var idi. Kənd sakinləri həvəslə referendumda iştirak etməyə gəlirdilər. Burada da seçki prosesi qanunvericiliyə uyğun aparılırdı. Kütləvi informasiya vasitələri nümayəndələrinə onları maraqlandıran suallar üzrə müfəssəl məlumat almaq imkanı yaradılmışdı. İlk dəfə səsvermədə iştirak edən 20 nəfər 18 yaşlı gənclə yanaşı, 1910-cu il təvəllüdlü uzunömürlü Məleykə Həsənova da səsvermədə iştirak edirdi.
Rayonun Aşağı və Yuxarı Əylis kəndlərində yerləşən seçki məntəqələrində də müşahidələr apardıq. 7-11 saylı məntəqə Yuxarı Əylisdəki kənd mərkəzində yerləşir. Biz burada səsvermənin azad və şəffaf keçirilməsi üçün hərtərəfli şəraitin yaradıldığının şahidi olduq. Söhbət etdiyimiz hər bir seçici əminliklə qeyd edirdi ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərin hər biri Azərbaycanın daha da inkişaf etməsinə yol açacaq. Ona görə də hər bir seçici Konstitusiyaya edilən dəyişikliklərə səs vermək üçün məntəqəyə tələsir. Elə səs verərək məntəqədən ayrılmaq istəyən 81 yaşlı kənd sakini Bahadur Əliyev də eyni fikirləri təsdiqlədi. O dedi:
– Uzun illərdir, müxtəlif seçkilərdə iştirak edirəm. Bu dəfə də referendumda iştirak edərək vətəndaşlıq borcumu yerinə yetirdim. Bizim üçün yaradılan şəraitə görə minnətdaram. Mənə məntəqədə qanun çərçivəsində hər cür kömək göstərdilər. İnanıram ki, bu ümumxalq səsverməsində də hər bir kəs Azərbaycanın gələcəyinə səs verəcək.
Aşağı Əylis kənd tam orta məktəbində yerləşən və 918 seçicisi olan 7-12 saylı məntəqədə gördüklərimiz də belə qənaət yaratdı ki, seçki komissiyaları öz işini seçkilərlə bağlı mövcud təlimatlara uyğun qurub. Burada da seçicilər ölkəmizin inkişaf və tərəqqisi naminə seçki məntəqəsinə gələrək səs verməyə tələsirdilər. Çünki gələcəyimiz bizim bugünkü seçimimizdən asılıdır. Necə ki, referendumun başlandığı iki saat ərzində bu məntəqədə artıq 87 nəfər səs vermişdi.
Axşam saatlarına əldə etdiyimiz məlumatlara əsasən, Ordubad rayonundakı seçicilərin əksəriyyəti səsvermə hüququndan istifadə etmişdi. Seçki dairəsinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.
Hafizə Əliyeva
Culfa rayonu
Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsinə 6 saylı Culfa-Babək və 7 saylı Ordubad-Culfa Seçki dairələri üzrə Culfa rayonunda 30 məntəqə yaradılmışdı. Ümumilikdə, rayonda 25 min 6 nəfər seçici qeydiyyata alınmışdı. Biz ayrı-ayrı ünvanlarda fəaliyyət göstərən seçki məntəqələrində olduq. Rayonda referenduma nümunəvi hazırlıq görülmüşdü. Culfa rayonundakı seçki məntəqələrinin hər birində səsvermə mütəşəkkilliklə keçirildi. Şəffaflığı təmin etmək məqsədilə 5 məntəqədə veb-kameralar quraşdırılmışdı.
6 saylı Culfa-Babək Seçki Dairəsinin Culfa şəhərində fəaliyyət göstərən 6-18 saylı seçki məntəqəsində səhər saat 800-dan başlayaraq mütəşəkkillik müşahidə olunurdu. Məntəqə seçki komissiyasının sədri Murad Hümbətov dedi:
– 1461 seçicisi olan məntəqəmizdə vətəndaşların tam sərbəst şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb. Referendumun başlandığı ilk saatlardan insanlar məntəqəyə axışırlar. Qeyd edim ki, heç bir qanun pozuntusu müşahidə edilməyib.
Məntəqədə səs verən seçicilər arasında yüksək fəallıq göstərən bir gənc diqqətimizi cəlb etdi. Öyrəndik ki, ilk dəfədir, səs verir. 18 yaşı yenicə tamam olub. Gənc seçici Nərmin Babayevanın ürək sözləri:
– Çox həyəcanlıyam. Məntəqədə əsl bayram əhval-ruhiyyəsi vardır. Culfa şəhər sakinləri böyük ruh yüksəkliyi ilə məntəqəyə gələrək vətəndaşlıq borclarını yerinə yetirirlər. Mən də referendumda iştirak etdim və bundan böyük qürur hissi duyuram. Öz Vətənimlə fəxr edirəm. Xoşbəxtəm ki, belə demokratik bir ölkədə yaşamaq mənə nəsib olub.
Seçki məntəqələrindən biri Culfa şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşir. 6-16 saylı məntəqə seçki komissiyasının sədri Sərdar Əliyev ümumxalq səsverməsinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq, artıq 280 nəfərin səs verdiyini bildirdi.
Bir sözlə, səsvermə prosesi öz qaydasında, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəffaf və demokratik şəraitdə gedirdi. Ən çox diqqəti cəlb edən isə seçicilərin yüksək əhval-ruhiyyədə olması idi. Ona görə də onların ürək sözlərini dinləməyə üstünlük verdik. Seçici Əli Məhərrəmov:
– Bu gün Vətənimiz və dövlətimiz üçün əlamətdar bir gündür. Biz ölkə Konstitusiyasına dəyişikliklərə səs veririk. Odur ki, bugünkü tədbirdə qürur və fərəhlə iştirak edirəm. Mən digər seçicilərin də bu günün əhəmiyyətini yaxşı dərk etdiklərini bilirəm. Hər kəs öz vətəndaşlıq borcunu məmnuniyyət, eyni zamanda məsuliyyət hissilə yerinə yetirir.
Seçici Həqiqət Mustafayeva isə təəssüratını belə ifadə etdi:
– Çox sakit və rahatlıqla məntəqəyə daxil olaraq səs verdik. Heç bir qanun pozuntusuna rast gəlmədim. Bir seçici kimi məni budəfəki seçki prosesi də tam qane edir. Şükürlər olsun, artıq elə bir dövrə yetişdik ki, seçici sərbəst şəkildə, kənardan heç bir müdaxilə olmadan öz iradəsini ifadə edir. Zənnimcə, bu, demokratiya göstəricisi, insan hüquqlarına və onun səsinə hörmətin ən yüksək formasıdır.
Həmin gün rayonun ucqar dağ və sərhəd kəndlərində də seçkilər yüksək seçici fəallığı ilə keçirilirdi. Rayonun Şurud kəndindəki 7-42 saylı seçki məntəqəsində də izdiham var idi. 86 yaşlı seçici Əli Şəkərəliyev referendumun çox yüksək səviyyədə keçirildiyini qeyd edərək bildirdi ki, insanlar məntəqəyə gələrək sərbəst şəkildə səs verirlər. Onlar ötən seçkilərdə olduğu kimi, yenə də gülərüzlə, ailəliklə məntəqəyə gəlirlər. Bax bu fakt ölkəmizdəki seçkilərin şəffaf və ədalətli keçirildiyindən xəbər verir.
Rayonun Gal, Camaldın, Yaycı, Dizə, Gülüstan, Ərəzin, Əbrəqunus, Kırna, Bənəniyar, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində yerləşən 7-43, 7-44, 7-45, 7-46, 7-47, 7-48, 6-20, 6-21, 6-22, 6-23, 6-24, 6-25, 6-35, 6-36, 6-37 saylı seçki məntəqələrində də seçicilər yüksək fəallıq nümayiş etdirirdilər.
Kərəm Həsənov
Kəngərli rayonu
Dünən müstəqil Azərbaycan öz tarixinin çox mühüm bir gününü yaşadı. 26 sentyabr hər bir Azərbaycan vətəndaşı üçün böyük əhəmiyyət kəsb edirdi. Artıq bir müddətdir, referenduma hazırlıq prosesi yüksək səviyyədə təşkil olunmuş, Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər haqqında əhali ətraflı məlumatlandırılmışdı. Vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün muxtar respublikamızın hər yerində olduğu kimi, Kəngərli rayonunda da lazımi tədbirlər görülmüşdü.
Səsvermə prosesini müşahidə etmək üçün həmin gün Kəngərli rayonundakı bir neçə seçki məntəqəsində olduq. Azərbaycan Respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermə üçün 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Kəngərli rayonunda 20 seçki məntəqəsi fəaliyyət göstərirdi. Rayon üzrə 20 min 894 seçici qeydə alınmışdı.
3-12 saylı seçki məntəqəsi Şahtaxtı Kənd Mərkəzində yerləşir. 1246 nəfər seçicidən 22-nin ilk dəfə səs verən vətəndaşlar olduğu məntəqədə onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Seçicilərdən ilk dəfə səs verən Zivər Babayeva dedi:
– Mənim kimi ilk dəfə səs verən gənclərin səsvermədən əvvəl seçki proseduru ilə bağlı maarifləndirilməsi bizim seçkilərdə fəal iştirak etməyimizə zəmin yaradır. Konstitusiyamıza edilən dəyişikliklər ölkəmizin hərtərəfli və davamlı inkişafına şərait yaradacaq. İnanırıq ki, bu gün keçirilən ümumxalq səsverməsi bundan sonra da Azərbaycanda sabitliyin və hərtərəfli inkişafın qarantı olacaq.
Qıvraq qəsəbə tam orta məktəbində yaradılan 3-17 saylı məntəqədə də seçici fəallığı hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Nazim Əsgərov dedi ki, burada 1211 nəfər seçici qeydiyyata alınıb. Seçicilərdən 25 nəfəri ilk dəfə səs verənlərdir. Günortaya kimi seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə edib. Məntəqədə qayda pozuntusu qeydə alınmayıb. Məntəqənin veb-kamera ilə təchiz olunması referendumun sərbəst şəkildə müşahidə olunmasına imkan verir.
Rayonun ən böyük yaşayış məntəqəsi olan Qarabağlar kəndində də seçicilərin fəallığı yüksək idi. 3-4 saylı seçki məntəqəsi kənddəki 1 nömrəli tam orta məktəbin binasında yerləşir. Bu məntəqə üzrə 1524 nəfər seçici qeydiyyata alınmışdı. Seçicilərdən Mirələm Seyidov bildirdi ki, məntəqədə səsvermə üçün hərtərəfli şərait yaradılıb. Hər kəs öz iradəsini sərbəst şəkildə ifadə edir. Bilirik ki, Konstitusiyaya edilən dəyişikliklər ölkəmizin, eləcə muxtar respublikamızın sürətli inkişafına və yeniləşməsinə xidmət edir. Mirələm Seyidov dedi ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklər ölkəmiz üçün yeni uğurlu mərhələnin başlanğıcıdır. Bütün bu dəyişikliklər Azərbaycanın davamlı və sabit inkişafını təmin etmək, siyasi və hüquqi idarəçilik mexanizmlərini müasir dünyanın aktual çağırışlarına uyğunlaşdırmaq, islahatları sürətləndirmək məqsədi daşıyır. Digər kənd sakini Yaşar Məhərrəmov da Konstitusiyamıza ediləcək dəyişikliklərə müsbət yanaşdığını bildirdi və dedi ki, vətəndaşlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb.
Xok kənd tam orta məktəbindəki 3-2 saylı seçki məntəqəsində də seçicilər üçün hərtərəfli şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Mübariz İsayevdən öyrəndik ki, burada 1192 seçici qeydiyyata alınıb. Onlardan 26 nəfəri ilk dəfə səsvermədə iştirak edənlərdir. Həmsöhbətimiz bildirdi ki, kənd sakinləri səsvermədə fəal iştirak edirlər. Saat 1200-dək 465 nəfər seçici səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 39 faizini təşkil edir.
Gənc seçici Ramin Əsgərli bizimlə söhbətində bildirdi ki, Konstitusiyamıza təklif edilən dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirilməsində yaxından iştirak edir. Ölkəmizin, eləcə də muxtar respublikamızın bundan sonrakı inkişafında da insan amilinin öndə olacağına əminliyini bildirən müsahibimiz vurğuladı ki, ümumxalq səsverməsində gənclər yekdilliklə iştirak edir.
Rayonda olarkən Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi üçün yaradılan digər seçki məntəqələrində də olduq və həmin məntəqələrdə də seçici fəallığını müşahidə etdik.
Səbuhi Həsənov
Şahbuz rayonu
Müstəqil Azərbaycanın müasir inkişafı xalq-dövlət birliyi ilə xarakterizə olunur. Ötən müddət ərzində bu həmrəylik demokratik cəmiyyət quruculuğu və iqtisadiyyatın inkişafı yolunda xeyli dərinləşib, sivil dünyanın tamhüquqlu üzvü kimi ölkəmizin nüfuzunu daha da artırıb. Cəmiyyətin hər bir üzvünə öz hüquq və azadlıqlarından istifadə etmək üçün geniş imkanlara və dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsinə yol açacaq ümumxalq səsverməsi – 26 sentyabr referendumu Şahbuz rayonunda da yüksək seçici fəallığı ilə keçirilib.
Referendum günü səhər saatlarından Şahbuz şəhərinin mərkəzində canlanma var idi. Saat 8-də Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşən 5-1 saylı seçki məntəqəsində ilk səs verən Şahbuz şəhər sakini Həsən İsmayılov oldu. Səsvermədən sonra onun fikirlərini soruşduqda Həsən müəllim ölkəmizdə keçirilən bu referendumun bütün cəmiyyətimizə faydalı olacağına inandığını bildirdi. Uzun illər rayonda müxtəlif vəzifələrdə çalışmış 80 yaşlı əmək veteranı ümumxalq səsverməsinə çıxarılmış bütün dəyişikliklərin cəmiyyətimizin öz sosial sifarişi olduğunu və ölkəmizdə bərqərar olmuş sabit inkişafın qorunub saxlanılmasına xidmət etdiyini vurğuladı.
Bu məntəqədə ilk dəfə səs verən gənc seçici Dilarə Şahgəldiyeva bu il yüksək balla tələbə adını qazanıb. O, ilk dəfə səsvermədə iştirak etdiyi üçün çox həyəcanlı idi. 18 yaşlı Dilarə gənclərin cəmiyyətdəki fəallığının artırılmasına da yol açan bu səsverməyə böyük sevinclə gəldiyini bildirdi.
Şahbuz uzunömürlülər diyarıdır. Burada yaşayan ahıl vətəndaşlar da səsvermədə həvəslə iştirak edirdilər. Rayon üzrə ən yaşlı seçici Ceyran Qafarovanın da 5-1 saylı məntəqədə səs verəcəyini öyrəndik. Səsvermədən sonra Ceyran nənəyə yaxınlaşdıqda o, həmişə dövlətimizin bayrağının uca olmasını arzu etdiyini bildirdi. Yaşı yüzə çatmış bu xanım televiziya vasitəsilə ümumxalq səsverməsi barədə məlumat aldığını və gənclərə dövlətimizə arxa olmağı nəsihət etdiyini dedi.
1445 nəfərin səsvermədə iştirak edəcəyi Şahbuz şəhərinin mərkəzindəki bu seçki məntəqəsində müşahidələrimizi tamamladıqda artıq saat 9 olmuşdu. Məntəqə seçki komissiyasının sədri Məhərrəm İsmayılov dedi ki, səsvermə başlanandan bir saat içində seçicilərin 6 faizi səsvermədə iştirak edib.
5-7 saylı seçki məntəqəsi rayonun iri yaşayış məntəqələrindən biri olan Kolanı kəndində yerləşir. Bu məntəqədə 1256 nəfər seçici qeydiyyatdadır. Onlardan 20 nəfəri ilk dəfə səs verənlər idi. Məntəqə seçki komissiyasının sədri Mahir Nəcəfov ilk saatlardan səsvermə fəallığının yüksək olduğunu və səhər saat 930-da artıq 80 nəfərin ümumxalq səsverməsində iştirak etdiyini bildirdi.
Ağbulaq Şahbuzun ucqar dağ kəndlərindəndir. Burada təşkil olunmuş 5-22 saylı seçki məntəqəsində 287 nəfər vətəndaşın səsvermədə iştirak edəcəyi bildirildi. Bu məntəqədə də yüksək fəallıq var idi. Məntəqədə olarkən səsvermədə iştirak etmiş kənd sakini Çərkəz İsmayılova yaxınlaşdıq. Çərkəz müəllim ölkəmizin gələcək inkişafı, onun daha da qüdrətli olması üçün Konstitusiyamızda ediləcək dəyişiklikləri dəstəklədiyini bildirdi. Dedi ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirməyə yönəlib. Bir sıra əlavə və dəyişikliklərdə insanların şərəf və ləyaqətinin qorunması, onların hüquqlarının müdafiə olunması, ayrı-ayrı orqanlarda vətəndaşların müraciətlərinə baxılması, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə fərdin hüquqlarının pozulmasının qarşısının alınması kimi məsələlər əsas götürülüb. Odur ki, bizim kəndin sakinləri də hüquq və azadlıqlarının qorunmasına xidmət edən bu referendumda iştirak etmək üçün seçki məntəqəsinə gəlir, ölkəmizin xoşbəxt gələcəyinə səs verirlər.
Günortadan sonra, saat 1400-da baş çəkdiyimiz 5-2 saylı Şahbuzkənd seçki məntəqəsində artıq 795 nəfər seçicinin 31,8 faizi səsvermədə iştirak etmişdi. Veb-kamera ilə referendum prosesinin izlənildiyi bu məntəqədə seçki komissiyasının sədri Xəqani Həzrətquliyev vətəndaşların referendumda fəallıq göstərdiyini və səsvermənin tam şəffaflıqla keçirildiyini bildirdi.
Ümumilikdə, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin Şahbuz rayonu üzrə 25 seçki məntəqəsində 15 min 105 nəfər səsvermə hüququna malik olan vətəndaş vardır. Onlardan 223 nəfəri ilk dəfə olaraq səs verəcəkdi. Rayon ərazisindəki iki məntəqədə quraşdırılmış veb-kameralarla referendumu izləmək mümkün olub. Şahbuzdakı bütün məntəqələr referendumun normal keçirilməsi üçün zəruri olan avadanlıqlar və daşınan səsvermə qutuları ilə təmin olunmuşdu. Axşam saat 1900-da Şahbuzdan ayrılarkən seçki dairəsi üzrə seçicilərin 75,1 faizinin referendumda iştirak etdiyini öyrəndik.
Beləliklə, ümumxalq səsverməsi bütün muxtar respublikamızda olduğu kimi, Şahbuz rayonunda da vətəndaşların böyük fəallığı ilə yadda qaldı. Bu referendum bir daha sübut etdi ki, ölkəmizin hər yerində olduğu kimi, Şahbuzda da vətəndaşlar sosial-iqtisadi və siyasi proseslərlə yaxından maraqlanır, səsvermə hüquqlarından istifadə edirlər.
Əli Cabbarov
Sədərək rayonu
Sədərək rayonunda da bütün seçki məntəqələrində sakinlər səsvermə prosesində fəal iştirak edirdilər.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin bu rayon üzrə biri qapalı olmaqla, ümumilikdə, 8 seçki məntəqəsi təşkil edilmişdi. Məntəqələrdə 11 min 141 seçici qeydiyyata alınmışdı. 1-1 saylı Heydərabad qəsəbə seçki məntəqəsində müşahidə kamerası quraşdırılmışdı.
Məntəqə referenduma yüksək səviyyədə hazırlanmışdı. Burada 1494 seçici səs verməli idi. Onlardan 9 nəfəri ilk dəfə olaraq səs vermək hüququndan istifadə edirdi. Orxan Tağıyev bildirdi ki, ilk dəfə səs verdiyi üçün özünü xoşbəxt sayır. Çünki bununla o, ölkəmizin gələcəyinə səs verir.
Bu dairənin 1-4 saylı seçki məntəqəsinin yerləşdiyi binanın həyətində görüşdüyümüz Əmrah Nəbizadə ümumxalq səsverməsinin şəffaf şəkildə keçirildiyini bildirərək fikrini belə ümumiləşdirdi: – Əsas Qanunumuza ediləcək dəyişiklik və əlavələri bir vətəndaş kimi alqışlayır və dəstəkləyirəm. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklərin hamısı dövrün, zamanın tələbidir. Bu dəyişikliklərlə bağlı aparılan maarifləndirici söhbətlər, ilk dəfə səs verəcək gənclərlə görüşlərin təşkil olunması, onlara hüquqlarının izah edilməsi referendumun mütəşəkkilliyini təmin edib.
1-5 saylı seçki məntəqəsində 1481 seçici qeydiyyata alınmışdı. Burada yaradılan hərtərəfli şərait onların öz iradələrini sərbəst şəkildə ifadə etməyə imkan verirdi. Məntəqədə görüşdüyümüz İsmət Bayramlı referendumun belə təşkilindən razılığını bildirdi. Ölkəmizin daha xoş sabahı üçün keçirilən referendumda insanların fəallığını bununla izah etdi. Dedi ki, Konstitusiyamıza təklif olunan dəyişikliklərin əksəriyyəti insan hüquq və azadlıqları ilə bağlıdır. Diqqəti cəlb edən əsas məqamlardan biri də ondan ibarətdir ki, təklif olunan dəyişikliklərin dövlət orqanlarının vətəndaşlarla münasibətdə daha həssas olmaları təmin edilsin. Ölkənin hərtərəfli inkişafı istiqamətində daha səmərəli addımlar atılması üçün müvafiq konstitusion islahatların aparılması bir zərurətdir və zamanın tələbindən irəli gəlir.
1-7 saylı Qaraağac seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən də bir neçəsinə yaxınlaşdıq. Məlumat üçün bildirək ki, bu məntəqədə 1488 seçici səs verməli idi. Məntəqədə olduğumuz vaxt seçici fəallığını yaxından müşahidə etdik. Məmməd Qarayev bildirdi ki, referendum olduqca şəffaf, demokratik, qayda-qanunun tələb etdiyi normalar çərçivəsində keçirilir. Dünyəvi sivil dövlət quruculuğunun möhkəmlənməsinə, Azərbaycan vətəndaşlarının hüquqlarının genişləndirilməsinə xidmət edən ümumxalq səsverməsi inkişafımızın əyani sübutu, müstəqilliyimizin dönməzliyidir.
Muxtar Məmmədov