25 Dekabr 2024, Çərşənbə

Altıncı yazı

Axşam sürücüdən ayrılanda vədələşdim ki, səhər erkəndən gəlsin. Çünki bu, Naxçıvanda olacağım ikinci və sonuncu gün idi. Ona görə hələ getməli, görməli yerlərin siyahısını gözlərim önünə gətirib vaxtı elə qurmağa çalışırdım ki, istəyim havada qalmasın. Sağ olsun, sürücü də məni anladı və artıq səhər 830-da o, “Təbriz” otelinin qarşısında bizi gözləyirdi.
Səhər çayını yolüstü bir yerdə içmək arzusuyla maşına əyləşirik. Artıq şəhərin müəyyən hissəsini tanıyıram. Dairəvi yol ayrıcına çatanda özüm sürücüyə sağa doğru hərəkət etməyi məsləhət görürəm:
– Müəllim, deyəsən artıq Naxçıvanı tanımağa başlayırsınız.
Mən də gülümsəyirəm və əlavə edirəm ki, yolun sol istiqaməti Şərur tərəfə gedir. Digər tərəfdən yol ayrıcındakı işarədə də Şahbuz yazılıb. Bunun özü də bir xatırlatmadı.
...Bəli, maşınımız gözəl bir yolla üzü dağlara tərəf gedir. Yolun rahatlığı və mənzərəsi məni, demək olar ki, yenə öz qoynuna alıb. Və sürücünün susub heç bir şərh vermə­məsi mənə əlavə bir imkan yaradıb. Hər şeyə acgözlüklə baxıram. Birdən diqqətimi yamaclıqda salınmış bir bağ çəkir. Ağaclar dəmyə bir şəraitdə elə səliqə ilə əkilib ki, göz çəkmək olmur. Öz-özümə düşünürəm ki, onları görəsən necə suvarırlar? Bu vaxt sürücü köməyimə çatır. Ürəyimi oxuyurmuş kimi deyir:

– Müəllim, orda “damcı” suvarmadı. Əvvəlcədən xətləri elə çəkiblər ki, ağaclar normal şəkildə su ilə təmin olunur. Sadəcə, o xətlərə nəzarət edənlər var…
Doğrudan da, insan hər şeyə qadirdir.
Bu yolu ilk dəfə 1982-ci ildə getmişəm. Onda universitet tələbəsiydim və bu günə qədər də dostluğumuzu ən yüksək səviyyədə qoruyub saxladığımız, onu ailəvi dostluğa çevirdiyimiz Firudinin anasının yas mərasiminə gəlmişdim. Yollar elə bir gündəydi ki, adamın maşına yazığı gəlirdi, heyfi yox ha, yazığı. Mən öz-özümə düşünürdüm ki, dəmiryol vağzalından Kolanı kəndinə müştəri aparmaq üçün 15 rubl istəyən sürücünün, yəqin ki, ağlı yerində deyil. Çünki bu yoldakı vəziyyət ən azı 150 rubl tələb etmək haqqını verirdi sürücüyə…
Sonra ikinci dəfə gəldim bu kəndə, elə bu yolla. Onda da 1987-ci il idi, Firudinin toyuna gəlmişdim. Yollarda heç nə dəyişmə­mişdi. İndi isə əvvəlki yazılarımda da vurğuladığım kimi, dünyanın ən gözəl yollarından biri ilə hərəkət edirdim. Yolun sol istiqamətindəki yüksəklikdə Günəş elektrik batareyaları qurulmuşdu. Onları görəndə xatırladım ki, bir zamanlar ancaq Araz çayı üzərindəki elektrik stansiyasının ümidinə yaşayan Naxçıvan indi kifayət qədər su və Günəş elektrik stansiyalarına malikdir. Ona görə də burada işıq problemi birdəfəlik həll olunubdur. Bu da Naxçıvan rəhbərliyinin necə təsərrüfatcıl olmasından, işini mükəmməl bilməsindən xəbər verir. Axı bu bölgədə dağ çaylarından su, Günəşdən isə enerji almaq həm istəkdən, həm də bacarıqdan asılıdır. Bunu da Naxçıvanda mükəmməl bacarırlar.
Bəli, bu yol Badamlı kəndinə gedir. Biz isə həmin istiqamətə dönmürük, düz keçib gedirik. Qarşıdakı kəndlər bir-bir arxada qalır. Kükü, Kolanı, Biçənək və sair. Dolamaları qalxırıq, məni heyrətləndirən odur ki, bu yaşıllığın içində evlər, kəndlər görünmür. Həyat elə bil ki, burda bir yaşıl dona bürünüb. Amma mütləq deməliyəm, xoşuma gəlməyən bir məqam oldu. O da nədənsə, bu yaşıllığı, mənzərəni gizlətmək üçün göstərilmiş cəhdlər idi. Çünki bir-birindən yaraşıqlı, bir-birindən göz çəkən mənzərələri, evləri hündür barların arxasında sanki “gizlətmişdilər”.
Ola bilsin ki, onların da öz arqumentləri var. Amma nə olur-olsun, gözəllik hamı üçün olmalıdır. Nə isə, biz dolamaları qalxdıqca yol kənarındakı bulaqların suyunun da dadına baxırıq. Həmin bulaqların qarşısındakı təpəciklərin üstünə qalxıb meşə alçasını da, itburnusunu da, böyürtkənini də qoparıram və bu fürsətdən istifadə edib artıq məndən aşağıda qalan evləri də, kəndləri də seyr edirəm. Və…
Bu da həsrətində olduğum Batabat. Sürücü mənə Üzən adanı göstərir. O artıq sahilə bir az yaxınlaşıb. Bilməyənlər üçün xatırladım ki, bu “ada” yerini anbaan dəyişir. Onu ancaq bu yerə ardıcıl gələnlər hiss edə bilər. Bu möcüzə ada daha çox torf və yaşıllıqdan ibarətdir. Göl ləpələnəndə ona öz təsirini göstərir. Gölün dibi ilə bağlılığı olmadığı üçün ada üzür.
Maşını saxladıram, düşüb bir anlıq seyr edirəm bu mənzərəni. Üzən ada başdan-başa yaşıllıq içindədir. Göl də o qədər sakitdir ki, sanki yuxuya gedibdir. Adam yatmış gözəldən gözünü çəkə bilmədiyi kimi, mən də bu mənzərədən gözümü çəkə bilmirəm. Deməli, Allah bu torpağa belə bir möcüzə də nəsib edib. Bu möcüzəyə ancaq sevgiylə, Məcnun Leyliyə baxdığı kimi baxmaq lazımdır və yaxud da əksinə. İçinin sevgisi gözlərindən, nəfəsindən duyulmalıdır. Onda sən bu yerin cənnət olduğuna inanacaqsan!..
Addım-addım gölün kənarı ilə “Zor bulağ”a yaxınlaşıram. Bulağın ətrafında ailə olduğu aydınca duyulan bir topa adam var. Uşaq, böyük, qadın… kimi su doldurur, kimi süfrə açır. Salam verirəm. Qərib olduğumuzu hiss edib bulaqdan çəkilirlər. Amma bir gəlin suyun aşağı tərəfində dayanıb, özü də düz suyun ortasında. Mən ona bir az təəccüblə baxıram. Çünki eşitdiyimə görə “Zor bulağ”ın suyunda barmağını, hətta yay fəslində də, bir dəqiqədən artıq saxlamaq mümkün deyil. Həmin gəlin isə suyun içində çox rahat şəkildə dayanıb uşaqları ilə söhbət edir…
Ovcumu suyun altına tuturam, barmaqlarım keyiyir. Suyu dodaqlarıma yaxınlaşdırıram. Canımdan bir üşütmə keçir. Yenə başımı qaldırıb həmin o gəlinə baxıram. Çox maraqlıdır, sürücü mənim bu gözaltı baxışlarımı deyəsən havada tutur. Ona görə yavaşca mənim eşidəcəyim bir səslə deyir:
– Müəllim, o gəlin bu yerin adamıdı, artıq vərdiş edib…
Bəli, məsələ aydındı. Hələ o da aydındır ki, mən “Zor bulağ”ın buz kimi suyunu dadanda ona ünvanlanan misralar da ürəyimdə göyərmişdi:

Dolamalar qalıb artıq arxada,
Gəlib yetdim dodağından öpməyə.
Diz qatlayıb bu yamacda, yaxada,
Gözəlliyi gözlərimə təpməyə
Zor bulağın yanağından öpməyə.

Batabatın mənzərəsi göz çəkir,
Ürəyimdən qor götürür, köz çəkir.
Məni vallah, danışmağa söz çəkir,
Başlayıram nəğmələri səpməyə,
Zor bulağın yanağından öpməyə.

Su içində barmaq qatla say günü,
Barmaqların buz bağlayar yay günü.
Mən Allahdan aldığım bu pay günü,
Bənzər bildim ziyarəti-Kəbəyə,
Gəldim onu ürəyimlə öpməyə.

Üzən ada üzərlikdi bəlkə də,
Çox gözəli çoxdan qoyub kölgədə.
İnanın ki, gəzdiyim bu bölgədə,
İşıq hopub hər yazılan səhifəyə,
Gəldim onu ürəyimlə öpməyə.

“Zor bulağ”ın başının üstündəki qayanın tən ortasında hündür bir ağac var. Onun əyilmiş budağından yapışıb üzüyuxarı qalxıram. Sürücü arxadan məni səsləyir:
– Müəllim, o yüksəkliyin arxası cəbhə xəttidi. Orda əsgərlərimiz mövqe tutub. Bir yanı Sisyandı, bir yanı da…
Onun dediyi söz bütün varlığımı titrətdi. Mənə elə gəldi ki, illərlə həsrətini çəkdiyim, bircə dəfə də olsun görə bilmədiyim, amma yuxularımda, xəyallarımda, anamın söhbətlərində eşidib təsəvvür etdiyim o kənd ovcumun içindədi. O qədər özləmişəm o kəndi, amma görmək nəsib olmayıb. Sən demə, bu yüksəkliyin arxasındaymış o kənd, o ərazi, o mahal… anamın yurdu.
Həmin o həsrətini çəkdiyim ünvanın adı Dərələyəzdi. Anam orda doğulub, 1932-ci ildə. Və tale elə gətirib ki, 6-7 yaşında ilk qaçqınçılığı, ilk erməni zülmünü yaşayıb. Sonra Qarabağ. Və 1991-ci ildən də Qarabağsız bir həyat. Ancaq həsrət yazılıb alnıma. Elə süddən gəlib mənə də. Ürəyimin döyüntüsünü yaxınlıqdakılar eşitməsinlər deyə, bir az da yuxarılara qalxıram. Hər şey gözəldi, hava da gözəldi, adamlar da... Amma əlimin uzandığı, ünümün yetmədiyi məkan… Allahım, nə qədər çəkəcək bu zülm? Yoxmu bu zülmün sonu? Özümdən asılı olmadan ucadan deyirəm sonuncu sözləri. Hiss edirəm ki, məndən aşağıda dayananlar məni izləyirlər. Qulağıma bir hökmlü səs gəlir, dönüb baxıram. Milli Ordunun zabitidi, yanında da əsgərlər, bulaqdan su götürməyə gəliblər…
Hə, həsrətini çəkdiyim yurdun nisgili ilə üzü bulağa tərəf dönürəm:

Bu zirvədən baxıb sənə kövrəldim,
Havalandım, havam qaldı havada...
Mən yerini burdan baxıb öyrəndim –
Əsir alıb düşmən səni davada…

Gördüm enib qara bulud üstünə,
Dözəmmirəm, ürəyimi sən dər, əz.
Tüstüm barı qoy qarışsın tüstünə –
Ay anama beşik olan Dərələz.

Söz tapmıram burdan sənə deməyə,
Elə bil ki, mən budaqsız bir yarpaq.
Bir kəsim yox çağırmağa köməyə,
Sən çəkəndən artıq çəkir Qarabağ.

Bu zirvədə əl açmışam Allaha,
Yer səsimə, göy ünümə ayılsın.
Mən möcüzə istəyirəm bir daha –
Qələbəmiz kainata yayılsın!!

Bəli, “Zor bulağ”ın suyundan barmaqlarım, dodaqlarım göynəyə-göynəyə yenə içirəm. Sürücünün tapıb gətirdiyi qabı da suyla doldururam. Vaxtın darlığı məni tələsməyə məcbur etsə də, nə ürəyim, nə ayaqlarım burdan getmək istəmir. Amma bütün səfərlər, bütün ziyarətlər bitir, yekunlaşır. Mənim də Batabatı, Üzən adanı, “Zor bulağ”ı ziyarətim onun suyuyla əl-üzümü yumaqla başa çatır. Amma hələlik…

Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist, şair, publisist
“Ədalət” qəzeti, 24 sentyabr 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR