25 Dekabr 2024, Çərşənbə

Dördüncü yazı

Muzeydən çıxırıq. Bizi içəri dəvət etmiş xanıma təşəkkür edirəm və Bakıdan gəldiyimizi, jurnalist olduğumuzu söyləyirəm. Xanımın çöhrəsindəki təbəssüm bir az da artır. İndi əvvəlkindən də səmimi bir şəkildə bizi salamlayır. Hiss edirəm ki, qonaqların çoxluğı onun ürəyincədi. O da mənim nə demək istədiyimi anlayır və özü məlumat verir:
– Bugünkü qonaqlarımız muxtar respublikanın su təsərrüfatı işçiləridi. Adətən, istirahət günləri müxtəlif təşkilatların, qurumların nümayəndələri bizə qonaq gəlir. Əksəriyyəti də qalaya qalxırlar. Əgər siz də qalxmaq istəsəniz, onda pilləkənlərlə qalxın. Belə daha asan olar.
Ona təşəkkürümüzü bildirib pilləkənlərə tərəf gedirik. Ətrafda qəribə bir qoxu var. İlk bahar çiçəklərinin qoxusuna bənzəyir. Xeyli diqqət yetirəndən sonra kiçik sırğa qaşlı bənövşəyi çiçəklər diqqətimizi çəkir. Əyilib bir budağını üzürəm. İlahi, dünyanın ən bahalı ətirlərini indiki anda gücüm çatdıqca uzağa atardım. Təki bu çiçəyin qoxusuna qarışmayaydı…
Pillələri yavaş-yavaş qalxırıq. Arxadan səslər gəlir. Bayaq muzeydə gördüyümüz adamlardı. Qərara gəliblər ki, onlar da qalaya qalxsınlar. Amma bəziləri tərəddüd edir. Kimsə ortalığa söz atır:
– Bakıdan gələn yaşlı adam qalaya qalxır, biz isə burdan bura qalxmaq istəmirik…

Elə bil bu söz onların bütün fikirlərini alt-üst etdi. Bir də gördüm ki, arxadan gələn adamlar bir-bir bizi ötüb keçirlər. Bu anda da mən düşündüm:
– Torpaq, doğulduğun yer güclü olur. Onlar buranın havasına, şəraitinə uyğunlaşıblar. Eybi yox, mən də Şuşadan canımda qalan havayla dırmaşacam qalaya. Belə də edirik. Qalxdıqca sayırıq pillələri. Çünki aşağıda muzeyin önündə gördüyümüz xanım bildirmişdi ki, bu dağın dibindən qalaya qədər 1000 pilləkəndir. Bu rəqəm yaddaşıma yazıldığından mən də pillələri saya-saya qalxıram ki, görüm nə vaxt “ura!!!”, “min!!!” deyəcəm. Amma hələ 300-cü pilləkəni qalxma­mışam. Ona görə yoldan çəkilib pilləkənin kənarındakı səkinin üstündə əyləşirəm. Mütləq nəfəs dərmək lazımdı. Bu nəfəs dərmək işimizə çox yarayır. Birincisi ona görə ki, hava çox gözəldir. Yüksəkliyə qalxdıqca onun yüngüllüyünü daha çox hiss edirik. Eyni zamanda biz qalxdıqca ətraf ayaqlarımızın altında qalır, geniş bir panorama açılır. Onlara baxmaq, onları seyr etmək və sürücünün yolda bizim üçün aldığı sudan bircə qurtum içmək əlavə enerjidi. Bu pillələrdə, bu dağlıq ərazidə əlavə enerji, etiraf edim ki, bir tutiyədi. Onu qorumaq lazımdı, ondan səmərəli istifadə etmək lazımdı. Biz də çalışırıq ki, dayandığımız anı da boş ötürməyək. Diqqətimizi çəkən nə varsa, lentə köçürək. Yaxşı ki, müasir mobil telefonlar bu işdə adamın karına gəlir. Bircə enerji bloku adamın əlini quru yerdə qoymaya…
Bu da 500-cü pilləkən. Hə, deməli, yolu yarı etmişik. Burda elə 5 dəqiqə də oturmaq olar. Əyləşirik. Bizə yaxınlaşıb yanımızdan ötüb keçən su təsərrüfatı işçiləri artıq bizimlə mehriban görüşürlər. Görünür, muzey işçisinin bizi təqdim etməsi onların diqqətində ilişib qalıb. Və qonaq olduğumuzu nəzərə alıb hamısı bizə öz ehtiramlarını bildirirlər. Onların arasında ortayaşlı bir kişiylə atüstü söhbət də edirəm. Bildirir ki, özümü “təmirdən” yenicə çıxarmışam. İstəyirəm ürəyi burda sınaqdan keçirəm. Mən ona ehtiyatlı olmağı tövsiyə edirəm. O da gülümsəyir. Bu yolda inşallah heç nə olmaz. Bura bilirsiniz də haradı?! Onun bu işarəsi məni əməlli-başlı dilləndirir:

Qurban olum torpağına, daşına,
Qaldır məni Əlincənin qaşına…
Qoy dolanım Vətən, sənin başına –
Deməsinlər pərvanəsi çatışmır!

Mərhum tələbə yoldaşım Cavanşir El­oğlunun – Dərviş Eloğlunun misralarıdı bu. Hələ tələbəlikdən əvvəl əzbər bilirəm…
Misraları söyləyib Cavanşirə rəhmət oxumağım həmsöhbətimi duyğulandırdı:
`– Mən də tanıyırdım onu. Heyif! – söyləyib yoluna davam etdi.
Biz də onun ardınca. Artıq pillələrin qalanın qapısından içəri hissəsindəyik. Burda dayanıb məşhur filmimizin burada necə çəkildiyini gözlərimiz önündə canlandırmağa çalışırıq. Baxdığımız hər tərəfdə tarixdən izlər axtarırıq. Elə buradaca mütləq qeyd etməliyəm ki, Əlincə qalasında çox mükəmməl bir yenidənqurma işləri, təmir-bərpa aparılıb. İşıq, su xətləri çəkilib, pillələrin kənarından dəmir tutacaqlar işlənib. Bu da qalaya qalxmaq istəyənlərin işini nisbətən asanlaşdırır…
Bəli, bu da Əlincə qalası. Artıq 1000-ci pilləni qalxdıq. Gözümüzün önündə dövlət bayrağımız dalğalanır. O bayrağın altında qürur hissi keçirməmək qeyri-mümkündü. İnan ki, orda dayanıb dünyanın hər yerini görmək mümkündü. Mənə elə gəlir ki, mən ordan Şuşanı da görürəm və hiss edirəm ki, bu bayraq mütləq orda da dalğalanacaq. Bayrağın altında şəkil çəkdirmək istəyirəm. Alınmır. Çünki telefonun enerji bloku sönüb. Birdən addım səsləri eşidirik. Əlində kamera olan və Naxçıvan televiziyasının əməkdaşına məxsus bir gödəkçədə oğlan bizə yaxınlaşır. Tanış oluruq. “Xəbərlər” proqramının gənc əməkdaşı İslam. Mən də özümüzü təqdim edirəm. Əməlli-başlı dostlaşırıq. İslam deyir: – Əbülfət müəllim, bu yüksəkliyə Ali Məclisimizin Sədri Vasif müəllim də çıxıb.
Təəccüblə onun üzünə baxıram. Elə bilirəm ki, məni imtahana çəkir, ya da sınayır. Amma yox. O, təbii bir şəkildə təkrar ­vurğulayır:
– Hörmətli Sədrimiz özü Əlincə qalasının bu son yüksəkliyinə qədər qalxıbdı.
Hə, mən burada onu da öyrənirəm ki, Naxçıvanda tez-tez mədəniyyət, tarixi yerlərin ziyarət günləri təşkil olunur və bu tədbirlərdə hamı bir nəfər kimi iştirak edir. Vallah, bu, birmənalı tarix sevgisidi, Vətən sevgisidi, torpaq sevgisidi. And olsun Allaha ki, bu, özünə, keçmişinə, gələcəyinə ehtiram deməkdi. Mən başqa heç nə deyə bilmərəm. Və bir də…
Mən elə buradaca Əlincəylə bağlı yazdığım misraları mütləq qeyd etməliyəm. Çünki bu misraları mənə bu yüksəklik özü pıçıldayır:

ƏLİNCƏ

Cığır-cığır, ləpir-ləpir oxşayıb
Yaddaşını vərəqləyib, yoxlayıb
Mən tarixin sükutunu oxlayıb
Sehirləndim, qucağına gəlincə –
Əlincə!

Pillə-pillə üzü göyə qalxıram
Göy üzündən üzü göyə baxıram
Gördüyümü gözlərimə yığıram
Toxunuram təmas incə, əl incə –
Əlincə!

Zaman burda ayaq üstə diridi
Duyduğumu yazmalıyam, yeridi
Yurd həsrətim ümid tapdı – kiridi!
Əfsanəni, dözümünü bilincə –
Əlincə!

Burda başım göy üzünə dəysə də
Nisgilim var – dilimdəki nəysədə!
Şuşa dərdim büküb məni əysə də –
Dözəcəyəm düşmən bağrı dəlincə!
Əlincə!

Əlincə qalasının zirvəsində bir saata qədər Naxçıvanı, göz işləyən və görmək qüdrətində olduğumuz bütün ətrafı seyr etdik. Həmin vaxt Naxçıvan televiziyasının əməkdaşları da bu qalanı gəzib qayıdıb getdilər.
Dostlaşdığımız operator İslam bizim xeyli sayda şəkillərimizi lentə aldı. Yəni Əlincədən əliboş qayıtmağımıza imkan vermədi. Və bizi əmin etdi ki, otelə çatana qədər o, şəkillərin elektron versiyasını ünvanımıza göndərəcək. Biz onunla sağollaşdıq. İndi qalxdığımız pilləkənləri enməyə başlayırıq. Aşağıda bizi yeni görüşlər, yeni ünvanlar, xüsusilə artıq darıxdığını hiss etdiyimiz sürücü gözləyir. Amma nə qədər darıxır, darıxsın. Biz yolüstü Nəiminin də məqbərəsini ziyarət edəcəyik.
Mən Əlincəyə qalxıb o zirvəni görənə qədər başqa bir dünyanın adamı idim. Ordan üzüaşağı qayıdanda isə tamam başqa bir dünyanın. Həmin o zirvədə bu şəraiti yaradanlara, bu tarixi yaşadanlara içimdən bir dua keçdi. Bir də Qarabağa qovuşmaq duasını içimdən gətirdim. Bilirəm ki, Allah ikisini də eşidir. Çünki Əlincə Allaha yaxın məkandı!

Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist, şair, publisist
“Ədalət” qəzeti, 22 sentyabr 2016-cı il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR