Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasında muxtar respublikada fəaliyyət göstərən 7 seçki dairəsinin dairə seçki komissiyalarının sədrlərinin, veb-kameralı seçki məntəqələrinin məntəqə seçki komissiyalarının sədr və katiblərinin, həmçinin seçkilərə 5 gün qalmışadək yaradılan 24 qapalı seçki məntəqəsinin məntəqə seçki komissiyalarının sədr, katib və üzvlərinin iştirakı ilə seminar-treninq keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov qeyd edib ki, sentyabrın 26-da keçiriləcək referenduma hazırlıq prosesi davam edir. Ölkəmizdə keçirilən seçkilərdə şəffaflığın yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərdən geniş istifadə edilir ki, bu da seçki prosesini əvvəldən axıradək izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır. Bildirilib ki, muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, cəmi 35 seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb, sınaqdan keçirilərək hazır vəziyyətə gətirilib. Səsvermə günü həmin seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə izləmək mümkün olacaqdır. Seçki məntəqələrində veb-kameraların quraşdırılması Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a uyğun olaraq təşkil edilib.
Mərkəzi Seçki Komissiyasının sədri referendum günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri barədə məlumat verib.
Referendum günü məntəqə seçki komissiyalarının fəaliyyəti, referendum bülleteninin doldurulması qaydaları barədə danışan Mərkəzi Seçki Komissiyasının katibi Elnur Eyvazov bildirib ki, sentyabrın 26-da səsvermə saat 800-dan 1900-a kimi keçiriləcəkdir.
Qeyd olunub ki, referendum bülleteni digər seçkilərdə tərtib olunan səsvermə bülletenlərindən fərqlənir. Konstitusiyada referenduma çıxarılan 29 maddə üzrə təklif olunan dəyişikliklər səsvermə bülletenində ayrı-ayrılıqda əks olunub. Bu 29 maddə bülletendə alt-alta sıralanıb və hər bir maddənin qarşısında da “hə” və “yox” cavablarının altında boş kvadratlar qoyulub. Seçici bülleteni aldıqdan sonra boş səsvermə kabinəsinə keçir. Seçici oxuduğu hər maddənin qarşısındakı cavab variantlarından, yəni “hə” və ya “yox” cavablarından birinin altındakı boş kvadrata qələmlə müəyyən bir işarə qoyur və yaxud kvadratın kənarına çıxmayacaq şəkildə içərisini qələmlə qaralayır. Seçici bülleteni doldurarkən səsinin etibarsız sayılmasını istəmirsə, hər maddənin qarşısındakı “hə” və ya “yox” cavablarından yalnız birini işarələməlidir. Əgər seçici “hə” və ya “yox” cavablarının hər ikisinə işarə qoyarsa və ya heç bir cavaba işarə qoymazsa o zaman o maddə üzrə səsi etibarsız hesab olunur.
7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasının aparıcı məsləhətçisi Hüseyn Qasımov çıxışında qeyd edib ki, məntəqə seçki komissiyasının protokolu Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış üç nüsxədən ibarət xüsusi dövlət sənədidir. Nüsxələrdən birincisi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına, ikincisi müvafiq dairə seçki komissiyasına təhvil verilir. Üçüncüsü isə məntəqədə məlumat lövhəsindən asılır. Protokolu son dərəcə səliqəli tərtib etmək, həddindən artıq diqqətli olmaq vacibdir. Protokol 8 bənddən ibarətdir. Protokol tərtib olunan zaman dairənin nömrəsi, məntəqənin nömrə və ünvanı dəqiq və səliqəli şəkildə başlıqda qeyd edilir. Bundan sonra protokolun bəndləri doldurulur. Protokolun yeddinci bəndi doldurulana qədər lazım olan rəqəmlərin yazılması üçün səsvermə qutularının açılması tələb olunmur.
Tədbirdə dairə seçki komissiyalarının sədrləri veb-kameralı seçki məntəqələrinin və seçkilərə 5 gün qalmışadək yaradılan 24 seçki məntəqəsinin referenduma hazırlıqlarının vəziyyəti barədə məlumat veriblər.
Sonra seçki komissiyaları üzvlərini maraqlandıran suallar cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov yekun vurub.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının
mətbuat xidməti