Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməli sayılan “Əsrin müqaviləsi”nin imzalanmasından 22 il ötür. “Əsrin müqaviləsi” Azərbaycanın müstəqil dövlət kimi öz sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmində olduğunu təsdiqləyən tarixi sənəddir. Ulu öndər Heydər Əliyev dühasının məhsulu olan uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində artan neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafına da təkan vermişdir. Bu gün Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə yüksəlmişdir. Azərbaycan neft-qaz ixrac edən ölkə kimi dünya birliyi üçün etibarlı tərəfdaşa, enerji təhlükəsizliyi məsələlərində isə fəal subyektə çevrilmişdir.
Azərbaycanda neft hasilatı 150 illik tarixə malik olsa da, xalqımız yalnız XX əsrin sonlarında, müstəqillik qazandıqdan sonra bu sərvətdən bəhrələnmək imkanı əldə etmişdir. Bu imkanı isə ulu öndər Heydər Əliyev reallığa çevirmişdir. Hələ Sovetlər Birliyi dövründə Azərbaycana rəhbər seçildiyi ilk günlərdən başlayaraq neft sənayesinin inkişafına xüsusi diqqət göstərən uzaqgörən lider respublikamızda nəhəng neft infrastrukturu formalaşdırmaqla gələcək neft strategiyasının əsasını qoymuşdur. Buna görədir ki, XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişaf dövrü kimi tarixə düşmüşdür. Həmin illərdə dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, suda tikinti işlərini aparmaq üçün xüsusi gəmilər, texnika və avadanlıq alınmış, Bakı Dərin Dəniz Özülləri Zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı, neft emalı, neft-kimya sənayesi və neft maşınqayırmasının inkişafında böyük irəliləyişlər olmuşdur.
Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də ulu öndərin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, həmin illərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də ümummilli liderimizin gördüyü işlər onun gələcəyə hesablanmış planlarının – Azərbaycanı müstəqil dövlətə, iqtisadiyyatımızı qlobal layihələrə və xalqımızı rifaha doğru aparmaq niyyətinin əsasını təşkil edirdi.
Məhz həmin dövrdə böyük uzaqgörənliklə yaradılan neft infrastrukturu, kəşf edilən yataqlar 20-25 il sonra müstəqil Azərbaycanın gələcəyi üçün əvəzsiz əhəmiyyəti olan neft müqavilələrinin imzalanmasında baza rolunu oynadı. Eyni zamanda danılmaz həqiqətdir ki, yenicə müstəqillik əldə etmiş, iqtisadiyyatı böhran içində olan, müharibə şəraitində yaşayan bir ölkənin aparıcı dövlətlərin diqqətini belə bir nəhəng layihəyə cəlb edə bilməsi beynəlxalq aləmdə Heydər Əliyev şəxsiyyətinə böyük hörmətin və dahi şəxsiyyətin parlaq diplomatiyasının nəticəsi idi.
1993-cü ildə Azərbaycanda ikinci dəfə ali hakimiyyətə qayıdan ulu öndərimizin xilaskarlıq missiyasının əsas hədəflərindən biri də o zamana qədərki xaos və anarxiya mühitində məhv olmuş iqtisadiyyatı yenidən canlandırmaq, insanları düçar olduqları maddi çətinliklərdən xilas etmək idi. Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq və müstəqil iqtisadi siyasət yeritmək üçün lazım olan iqtisadi və hərbi güc qədər ağıl və zəkaya, cəsarət və iradəyə də ehtiyacı var idi. Qarşıda ölkənin iqtisadi təhlükəsizliyini zəmanət altına almaq, uzunmüddətli iqtisadi və sosial inkişaf strategiyasını işləyib hazırlamaq və Azərbaycan neftinin dünya bazarına nəql olunması üçün yeni ixrac marşrutları üzrə tərəfdaşlar tapmaq kimi taleyüklü vəzifələr dayanırdı.
Müasir Azərbaycanın iqtisadi inkişafında, onun dünya müstəvisində öz sözünü deyə biləcək bir güc əldə etməsində mühüm rola malik “Əsrin müqaviləsi”ni reallaşdırmaq bu baxımdan çox böyük cəsarət, təcrübə və qətiyyət tələb edirdi. O dövrdə bütün təzyiqlərə baxmayaraq, reallaşdırılan bu böyük layihənin gələcəyini ulu öndər Heydər Əliyev hamıdan yaxşı görür, bu istiqamətdə mühüm tədbirlər həyata keçirirdi. 1994-cü ilin 20 sentyabrında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan sazişin imzalanması və onun gerçəkləşməsi Azərbaycanı davamlı inkişaf yoluna çıxardı. Ümummilli liderimizin gərgin əməyi sayəsində Azərbaycanın Xəzər sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” neft yataqlarının birgə istifadəsini nəzərdə tutan bu kontrakt dünyada məşhur olan bir çox neft şirkətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında 30 il müddətinə imzalanmışdır.
“Əsrin müqaviləsi” düzgün siyasətin, gərgin əməyin bəhrəsi idi. Uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin misilsiz xidmətləri olmuşdur. Həmin dövrdə bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft kontraktlarını öz mənafelərinə uyğun imzalamağa çalışır, ölkə üçün qəbuledilməz şərtlər irəli sürür, neft istehsalına Xəzərin statusu müəyyənləşdikdən sonra başlanılması şərtini qoyurdular. Lakin bu, Azərbaycanın siyasi və iqtisadi maraqlarına uyğun deyildi. Həmin vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi cənab İlham Əliyev iri neft korporasiyalarının rəhbərləri ilə çoxsaylı görüşlər keçirmiş, xalqımızın milli maraqlarına uyğun müqavilənin imzalanması üçün gərgin əmək sərf etmişdir.
Tarixi neft sazişi 1994-cü ilin dekabrında Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunaraq qüvvəyə minmişdir. Bununla da, yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verilmişdir. Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğrultmuş, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynamışdır.
“Əsrin müqaviləsi”nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyulmuşdur. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün də imkan yaratmış, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırmış, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin əsasını qoymuşdur. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik”.
“Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. “Əsrin müqaviləsi” imzalandıqdan cəmi üç il sonra (1997-ci il) ilk neft hasil olunmuş, beş il sonra (1999-cu il) isə mənfəət nefti ixrac olunmağa başlanmışdır. Bundan sonra qarşıda duran əsas vəzifələrdən biri, həm də ən mühümü çıxarılan nefti xarici bazarlara çatdırmaq üçün neft kəmərlərinin inşası idi. Məlum olduğu kimi, müqavilə imzalanarkən bu məsələ ətrafında gedən müzakirələr zamanı xam neftin ixracı üçün ilkin olaraq Bakı-Novorossiysk və Bakı-Supsa boru kəmərləri marşrutları seçilmişdi. Buna baxmayaraq, gələcəkdə neft hasilatının artması ilə əlaqədar əsas ixrac boru kəmərinə ehtiyac duyulurdu. Ümummilli liderimiz Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı-Tbilisi-Ceyhan boru kəməri ideyasını irəli sürmüşdür. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, dahi şəxsiyyət Heydər Əliyevin səyi nəticəsində bu layihə həyata vəsiqə almışdır. Belə ki, ATƏT-in 1999-cu il noyabr ayının 18-də İstanbul şəhərində keçirilən sammiti zamanı Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalanmışdır.
Beləliklə də, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixrac marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradılmışdır. 2005-ci ilin aprel ayında tikinti işləri yekunlaşdırılmışdır. Həmin il may ayının 25-də Səngəçal terminalında xam neftin əsas ixrac boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilmişdir. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatmışdır. İyulun 4-də isə neftlə yüklənmiş ilk tanker buradan yola salınmışdır. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilmişdir.
Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması xalqımızın böyük oğlu Heydər Əliyevin neft strategiyasının ikinci böyük təntənəsi idi. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin məhək daşına çevrilməklə azad iqtisadi mexanizmlərin tətbiqini, dünya iqtisadiyyatına dinamik inteqrasiyanı təmin edərək ölkəmizin inkişafında müstəsna əhəmiyyətə malik olmuşdur. Neftdən gələn gəlirlər sayəsində maliyyələşən daxili investisiyaların artımı hesabına iqtisadiyyatda tarazlı inkişaf təmin edilmiş, yüz minlərlə yeni iş yerləri açılmışdır. Ölkəmizin ilbəil artan büdcə gəlirləri sosial sahələrin inkişafına imkan vermişdir. Təhsilə və səhiyyəyə, eləcə də cəmiyyət həyatının digər sahələrinə yönəldilən vəsaitlər neft gəlirlərindən səmərəli istifadənin göstəriciləridir. Artıq ölkəmiz region dövlətləri arasında istər iqtisadi, istər siyasi, istərsə də hərbi cəhətdən qüdrətli dövlətə çevrilmişdir.
Müstəqil Azərbaycanın yüksəliş prosesinin tərkib hissəsi olan neft strategiyası xalqımızın yaşayış səviyyəsinin yüksəlməsinə hesablanmışdır. Prezident İlham Əliyev bu barədə demişdir: “Əsrin müqaviləsi” imzalanmasaydı, təbii ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri inşa olunmazdı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkilməzdi və bu gün biz “Şahdəniz” yatağından qaz hasilatına nail ola bilməzdik. Böyük maraq doğuran TANAP, TAP, “Cənub” qaz dəhlizi ilə bağlı müzakirələr aparılmazdı. İndi Azərbaycanın enerji inkişafına istənilən nöqteyi-nəzərdən yanaşsaq, görərik ki, neft və qaz ölkə əhalisinin rifahına xidmət edir. Bu təbii sərvətlərdən əldə olunan gəlir ədalətlə bölünür ki, bu da əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca amildir... Azərbaycan nefti, Azərbaycanın təbii sərvətləri Azərbaycan xalqının xidmətindədir və bu əsas məqsəddir”.
Bu gün ölkəmizin dinamik sosial-iqtisadi inkişafı, bu inkişaf tempinə görə böyük uğurlar qazanması, öz milli maraqlarını müvəffəqiyyətlə təmin etməyə qadir bir dövlət kimi müstəqil siyasət yürüdə bilməsi, iri layihələrin reallaşdırılması, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə artması ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu neft strategiyası sayəsində mümkün olmuşdur.
Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında həyata keçirilən möhtəşəm quruculuq tədbirləri də ulu öndərin neft strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir. Muxtar respublikada həyata keçirilən ardıcıl islahatlar bu qədim diyarın sosial-iqtisadi mənzərəsini kökündən dəyişmiş, iqtisadi və sosial sahələrdə baş verən dəyişiklikləri xarakterizə edən makroiqtisadi göstəricilər ilbəil yüksəlmişdir. Son illər muxtar respublikada müasir infrastruktur qurulmuş, yeni müəssisələr yaradılmış, iş yerləri açılmış, iqtisadi potensial gücləndirilmiş, quruculuq işləri geniş vüsət almışdır. Muxtar respublikada ərzaq və enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Yeni elektrik stansiyalarının istifadəyə verilməsi, təbii qazla təminat insanların rahatlığına xidmət etməklə yanaşı, həm də iqtisadiyyatın kompleks inkişafına səbəb olmuşdur. Təbii ki, əldə olunan bu sosial-iqtisadi yüksəliş düzgün idarəetmənin nəticəsi olmaqla yanaşı, həm də “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolunun bəhrələridir.
“Şərq qapısı”