Oktyabrın 1-də muxtar respublikaya səfər edən Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen Naxçıvanın yerli istehsal məhsullarının nümayiş etdirildiyi sərgiyə baxıb, muxtar respublikanın istehsal, mədəniyyət və səhiyyə müəssisələri, turizm məkanları ilə tanış olub.
Həmin gün qonaq əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib. Məlumat verilib ki, Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat var, kitabxana fondunda isə 589 adda 1200-dən çox kitab, jurnal, albom mövcuddur.
Avstraliyalı diplomat daha sonra Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb.
Bildirilib ki, hazırda burada muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da sərgidə öz yerini alıb.
“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, muxtar respublikada sahibkarlıq mühitinin formalaşdırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması “Badamlı” mineral suyunun da əvvəlki şöhrətini özünə qaytarıb, 2004-cü ildə özəlləşdirilən müəssisədə daha keyfiyyətli məhsul istehsalına başlanılıb. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat verib. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan yeni istehsal müəssisəsi 2009-cu ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.
Səfir Ceyms Martin Larsen “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət edib. Naxçıvanqala ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıqdan sonra Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə də maraqlanıb. Məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması 350 yerlik xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.
Avstraliya İttifaqının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin Naxçıvan Muxtar Respublikasına səfəri oktyabrın 1-də başa çatıb.
Ceyms Martin Larsen “Şərq qapısı” qəzetinə müsahibə verib. Muxtar respublikaya ilk dəfə səfər edən qonaq regionun inkişafını yüksək qiymətləndirib və Naxçıvanda gördüklərinin onda xoş ovqat yaratdığını bildirib. Əvvəlcə səfərinin məqsədi barədə danışan səfir deyib:
– Mən ilk dəfədir ki, Azərbaycan Respublikasının bir bölgəsinə səfər edirəm. Məmnunam ki, ilk səfər etdiyim bölgə məhz Naxçıvan Muxtar Respublikası oldu. Naxçıvana səfərimin məqsədi, ilk növbədə, maraq cəlb edən bu gözəl diyar haqqında məlumat əldə etmək və eyni zamanda Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Avstraliya İttifaqı arasında əməkdaşlıq imkanlarını araşdırmaqdır. Biz burada keçirdiyimiz görüşlərdə turizmin inkişafı, ticarət və investisiya imkanlarının təşviq edilməsi məsələlərini müzakirə etdik, iş adamlarımızın qarşılıqlı fəaliyyəti barədə danışdıq. Avstraliyalı iş adamlarının Naxçıvanda, naxçıvanlı iş adamlarının isə Avstraliyada biznes fəaliyyəti ilə məşğul olması barədə qarşılıqlı, səmərəli müzakirələr apardıq. İnanıram ki, qısa zaman sonra bu, öz nəticəsini verəcəkdir.
Biznes Mərkəzində olarkən muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsullar barədə ətraflı məlumat verildi. Həmin məhsulları nəzərdən keçirdim. Belə qənaətə gəldim ki, Naxçıvan Muxtar Respublikasında sahibkarlıq xeyli inkişaf edib. Burada çox gözəl biznes imkanları var.
Bu səfərimin məqsədlərindən biri də bu imkanları araşdırmaq idi. Mən Avstraliya İttifaqının ilk rəsmi dövlət nümayəndəsiyəm ki, Naxçıvana gəlmişəm. Biz bu məlumatları əldə etdik, onları təhlil edəcəyik. Mən belə hesab edirəm ki, biz üç sahədə daha çox əməkdaşlıq edə bilərik. Bu mənada ki, bu sahələrdə Avstraliya İttifaqının böyük təcrübəsi var. Həmin layihələrdən birincisi kənd təsərrüfatı sahəsini əhatə edə bilər. Məlumdur ki, Avstraliyada kənd təsərrüfatı sahəsi böyük inkişaf yolu keçib. Avstraliya kənd təsərrüfatı məhsullarının ixracatçıları arasında dünyada liderdir. Bizdə bu sahədə böyük təcrübə əldə olunub, elm və texnologiya inkişaf edib.
İkincisi, dağ-mədən sənayesi sahəsidir. Mənə deyildi ki, Naxçıvan zəngin yeraltı təbii sərvətlərə malikdir. Bu sahədə avstraliyalı biznesmenlər ilə naxçıvanlı sahibkarlar arasında faydalı işgüzar əlaqələr qurula bilər. Üçüncü sahə texniki peşə təhsili və təlimidir. Bu sahədə də Avstraliyanın böyük təcrübəsi var. Məsələn, inşaat sahəsində mütəxəssislərin yetişdirilməsi, su təchizatı sistemlərinin qurulması sahəsində əməkdaşlıq mümkün ola bilər.
Mən avstraliyalı biznesmenlərin marağını Naxçıvana yönəltmək istərdim. Çünki burada sürətli inkişaf prosesləri gedir. Naxçıvanda fəaliyyət göstərən hər hansı bir şirkət isə Avstraliyaya investisiya qoyarsa, biz buna sevinərik. Hesab edirəm ki, hər iki tərəfdə bu məsələdə güclü potensial var.
Səfər çərçivəsində biz Heydər Əliyev Muzeyini ziyarət etdik, muxtar respublikanın gəzməli-görməli yerləri, qədim tarixi abidələri ilə tanış olduq. Təbii şəfa mənbəyi olan Duzdağ Fizioterapiya Mərkəzini gəzdik. Doğrudan da, muxtar respublikaya səfərim çox maraqlı və mənalı keçdi. Mən Naxçıvandan zəngin təəssüratlarla ayrılıram və imkan düşən kimi yenidən muxtar respublikaya gələcəyəm.
Rauf Əliyev