Şərqin qapısı sayılan Naxçıvana qədəm qoyan kimi özümdən asılı olmadan iç dünyama bir nəzər saldım. İnanın ki, bu bir daxili tələbat idi. Mən illər öncə gördüklərimlə indi gördüklərimi paralelləşdirmək, müqayisə aparmaq istəyirdim. Çünki indiki durumda çaşıb qalmışdım, gözlərimə inana bilmirdim. Üstəlik, mətbu orqanlarda qarşılaşdığım informasiyalar məni sual qarşısında qoymuşdu. Öz-özümə sual verdim:
– Doğrudanmı oxuduqlarımla gördüklərim bu qədər fərqlidi? Və yaxud da bu olanları necə qara rəngdə təqdim etmək olar?
Bəli, konkret suallar idi və məndən də konkret cavab gözləyirdi. Ona görə də özümü səfərbər etdim. Necə deyərlər, vicdanımın səsini, ağlımın kəsdiklərini, gözlərimin gördüklərini, qulaqlarımın eşitdiklərini bir nöqtəyə, bir boxçaya yığmağa başladım.
Artıq ərazisində olduğum Babək rayonunun yolları bir mənzərə idi. Uzanırdı müxtəlif istiqamətlərə. Bu yollarla Naxçıvanın müxtəlif bölgələrinə səfər etmək mümkün idi. Amma mənim Naxçıvana gəlməkdə ən böyük arzum, istəyim öncə iki ünvanı ziyarət etmək, iki yerdə torpağı, daşı öpmək idi. Bunlardan biri minillikləri arxada qoyan Əshabi-Kəhf, digəri isə Əlincə qalası idi. Mənim inancıma, mənim daxili ehtiyacıma görə, dünyanın ən müqəddəs yerləri məhz bu iki ünvan idi. Və mən də zaman-zaman bu yerləri görmək arzusuyla yaşamışdım.
Doğrudur, dəfələrlə sovet dönəmində Naxçıvanda olsam da, dostların sayəsində daha çox bulaq başlarını, yeyib, içib əylənmək guşələrini gəzib görmüşdüm. Necə deyərlər, o müqəddəs ünvanların torpağını öpməyə “zamanım” olmamışdı. Bu səfərdə isə öncə ziyarəti, sonra digər məsələləri planlaşdırmışdım. Bax elə yolumu da qurduğum plan üzrə salıb, öncə Əshabi-Kəhfə doğru üz tutdum…
Bir məqamı da xatırladım. Naxçıvana gəlməmişdən öncə həmsöhbət olduğum dostum, iş adamı Qabil müəllim bildirmişdi ki, indi Əshabi-Kəhfə gedənlər gözlərinə inanmırlar. Çünki 1992-ci ilin yayından başlayaraq burada çox böyük iməciliklər həyata keçirilib. Həm ulu öndərimiz Naxçıvan Ali Məclisinə rəhbərlik edəndə, bu gün isə Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi altında bütün tarixi yerlərlə yanaşı, Əshabi-Kəhfdə də əsl torpaq təəssübkeşliyi, tarix sevgisiylə, üstəlik, içdən gələn inancla bərpa işləri görülüb. Bu gün oraya gələn ziyarətçilərin heç bir problemi yoxdur!
Bəli, mən bu informasiya ilə gedirəm Əshabi-Kəhfə. Yollara söz ola bilməz. Kəndlərin içərisindən keçən yollar o qədər rahatdır ki, bu rahatlıq təyyarədən yenicə düşmüş mənə sanki layla çalır, yuxu gətirir. Amma yuxuya təslim olan deyiləm. Əksinə, gözlərimi dörd açıb baxıram və hər gördüyümü də ürəyimdə özümdən asılı olmadan uca səslə təkrarlayıram. Hiss edirəm ki, bu mənzərəyə alışmış sürücü mənə bir az fərqli nəzərlərlə baxır. Qoy baxsın! Mən heyrət içərisindəyəm. Azərbaycanın heç bir guşəsində görmədiyim, hətta Bakının bəzi mərkəzi yerlərində də rast gəlmədiyim yollardan keçib gedirəm. Təkcə yol örtüyü yox, onun kənarları da adamda xoş təəssürat yaradır. Diqqət yetirirəm: nə havada “uçuşan” sellofan torba var, nə də yol kənarına içilib atılmış şüşə və ya plastmas qablar. Hətta düşünürəm ki, bəlkə, burda su, şirə içmirlər və yaxud uşaqlara dondurma, müxtəlif şirniyyatlar, tum alıb vermirlər. Uca səslə təkrarladığım bu sualların cavablarını sürücü qaytarır mənə:
– Müəllim, görürəm nabələdsiniz. Amma burda təmizliyə xüsusi fikir verilir. Hamı bilir ki, yola-rizə nə atsa, sabah da onu özü yığıb toplayacaq. Bilirsiniz necə?
Mənim təəccübümü hiss edib sualı özü verir və cavabını da mənə eşitdirir:
– Burda hər kəsin vicdanı özünə nəzarətçidi. Hər kəs öz məsuliyyətini dərk edir. Eyni zamanda Naxçıvanda tez-tez iməciliklər də keçirilir. Bütün el-oba yaşıllığın, təmizliyin, səliqə-sahmanın iştirakçısına çevrilir. Ona görə də hamı iməcilikdən öncə də öz vətəndaşlıq borcunu yerinə yetirir və zibili, əlindəki artıq olan nədirsə, onu tullantı qutularına atır. Görürsünüz, yolboyu tullantı qutuları qoyulub. Bu həm onun üçün rahat olur, həm də təmizliyə baxanlar üçün…
Bəli, bax buna deyərəm özü-özünü tərbiyə etmək, özü-özünə nəzarət etmək! Axı içində Allah xofu və qanuna hörmət olan hər kəs belə də etməlidi. Az qala yadıma sovet dönəminin şüarı düşür:
– Bir nəfər hamı üçün, hamı bir nəfər üçün!
Əslində, belə də olmalıdı. Hamımız bir-birimizin haqqını gözləsək, qorusaq, onda həqiqətən yaşamaq gözəl olar.
Biz üzü dağlara tərəf qalxırıq. Qarşıdakı mənzərə yavaş-yavaş məni öz aurasına alır. Hiss edirəm ki, Əshabi-Kəhfə yaxınlaşırıq. Böyük bir meydança və xüsusi xətlərlə işarələnmiş avtomobil yerləri. Hətta bu yüksəklikdə də hər kəs avtomobilini harada saxlayacağını çox gözəl bilir. Kimsə maşını meydanın ortasında atıb getməyib. Biz maşından düşürük. Sürücü:
– Müəllim, mən burda bir çay sifariş verib sizi gözləyəcəm, – deyir.
Pillələri yavaş-yavaş qalxıram. İlk dəfə olduğum bu yerdə yavaş-yavaş da məni bir qəribə duyğu bürüyür. Hiss edirəm ki, təkcə gördüyüm səliqə-sahman deyil, həm də bu yerin özünün adı, coğrafiyası, görünüşü, bir də yuxarıdan üzüaşağı axıb gələn havası məni elə üzüyuxarı da çəkib aparır, sanki ayaqlarım yerdən üzülür. Gördüyüm məscid, qalxdığım dəmir pilləkənlər, sığalladığım qara daş, üst-üstə yığdığım yeddi daş, əllərimi göyə açıb etdiyim dualar, bu ocağın özünə aid izlər, kitablardan oxuduqlarım, eşitdiklərim, duyduğum əfsanələr hamısı bir harmoniya yaradır, sanki filmə baxıram. Və bu an qarşımda dua edən bir nəfərin necə ağladığını görəndə heyrətim daha da artır. Bu insan ağladıqca gözəlləşirdi, elə bil işığa çevrilirdi. Mənə elə gəlirdi ki, bu ocaqda əməlli-başlı günəş doğubdu. İnanın ki, əlimi qayaya necə söykədiyimdən xəbərim olmadı. Hiss etdim ki, mən bu dünyanın adamı deyiləm və qarşımdakı da mələkdi, arzularımı, dualarımı Tanrıya çatdıracaq mələk! Çox qala bilmədim bu auranın içərisində. Qorxdum ki, günahlarımı da görüb üzümə oxuyar bu mələk… Üzüaşağı qayıtdım. Məni gözləyən sürücü təəccüb və həm də təlaş doğuran bir səslə:
– Müəllim, sizə bir şey olmayıb ki? Bəlkə, təzyiqiniz qalxıb?
Cavab vermədim. Əl çantamdan dəftər-qələmi çıxartdım.
Bir sirli dünyadı – qapısı dua
Açıb əlimizi durduq diz üstə…
Bura ümidlərə yuvadı, yuva –
Toplanan dərdlərin durduq biz üstə!
Könlümüz sehirli işıqla durdu
Xoşbəxt anlarını duyduq həyatın…
Bu ocaq min illər keçilən yoldur –
Gəzdik sevə-sevə onun hər qatın…
Gözümüz hər daşda bir tarix gördü
Səsimiz sarıldı sərt qayalara…
Bizim ləpirləri cığıra hördü –
Apardı bu ocaq gör haralara…
Əshabi-Kəhfdəki yaşanan zaman
Bizə unutdurdu dərdi, ələmi…
Elə oradaca əl atıb inan –
Çıxartdım cibimdən dəftər, qələmi…
Qarşımda Günəşdən nurlu bir çöhrə
Sadəcə baxırdı, gülümsəyirdi…
Onun baxışı da, təbəssümü də –
Çiçək qönçəsində – gül üstə idi!
İçimdən bir ilıq meh əsdi keçdi
Titrəyən dizimi tutub saxladım…
Ürəyim elə bil nə isə içdi –
Özüm də bilmədim nədən ağladım…
Heyrət güc gəlmişdi, yoxsa ki, inanc
Anlaya bilmirdim, çözə bilmirdim…
Günəşdən də nurlu çöhrə önündə –
Dayana bilmirdim, dözə bilmirdim!
Əsrlər yaşayıb bir an içində
Görüb möcüzəsin, duydum qüdrətin…
Ümidə büküldüm mən öz içimdə –
Qalmadı səcdədən başqa cürətim…
Başımı qaldıranda gördüm ki, sürücü artıq mənə iki stəkanda çay süzüb. Biri kəklikotu çayıdı, biri də adi… Görünür, soruşub mane olmaq istəməyib. Süzüb ki, hansını istəsə, ondan içsin. Mən əlimi kəklikotu çayı süzülmüş stəkana tərəf uzatdım… O da gülümsədi, mən də. Ayağa qalxıb buranı tərk etmək istəyəndə sürücü hələ hava limanında etdiyim ricanı mənə xatırlatdı:
– Müəllim, nə qədər istəsəniz dərman otları ala bilərsiniz…
Mən kəklikotu və çiçəklər satan oğlana yaxınlaşdım…
Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist, şair, publisist
“Ədalət” qəzeti, 20 sentyabr 2016-cı il