Sentyabrın 7-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər.
Sentyabrın 8-də qonaqlar ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarət zamanı ümummilli lider Heydər Əliyevin həyatını və siyasi fəaliyyətini özündə əks etdirən eksponatlar haqqında məlumat verilib.
Naxçıvan Dövlət Xalça Muzeyində isə bildirilib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan milli mədəniyyətimizin inkişafına təkcə tarixi-memarlıq abidələri ilə deyil, həm də zəngin xalçaçılıq ənənələri ilə töhfə verib. Naxçıvanın iqlimi, füsunkar təbiəti burada palaz, kilim, sumax, vərni, şəddə, zili və cecim kimi xalça növlərinin toxunmasına, ümumilikdə isə xalçatoxuma sənətinin inkişaf etdirilməsinə imkan verib. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, bu mədəni irsin qorunması və təbliği işinə diqqət artırılır. Görülən işlər milli xalçaçılıq sənətinin yaşadılmasına və bu sahə üzrə yeni elmi araşdırmaların aparılmasına stimul olub. 1998-ci ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin edilib, 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3000-dən çox eksponat vardır ki, bunlardan 300-ə yaxını ekspozisiyada nümayiş etdirilir.
Məlumat verilib ki, Naxçıvan xalçaçılıq məktəbinə aid nadir xalçaların saxlanıldığı muzeyin üç dildə fəaliyyət göstərən internet saytı yaradılıb. Saytın bölmələrində muzeyin fondunda saxlanılan xalçalar və xalçaçılıq məmulatlarının fotoşəkilləri, onların hansı dövrə və bölgəyə aid olması barədə məlumatlar, Azərbaycan xalçaçılıq sənəti ilə bağlı nəşr olunan elmi ədəbiyyatlar, jurnal və broşürlər yerləşdirilib. Saytın “virtual ekskursiya” bölməsi vasitəsilə tamaşaçılar Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq izləyə bilirlər.
Pribaltikalı diplomatlar daha sonra Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıblar. Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya məkanı kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirir. Mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir. Bildirilib ki, hazırda burada muxtar respublikada 100-ə yaxın istehsal və xidmət müəssisəsi tərəfindən istehsal edilən müxtəlif tikinti, ərzaq, geyim, mebel nümunələri nümayiş olunur. Muxtar respublikada iri özəl sektor təmsilçiləri olan “Gəmiqaya Holdinq”, “Dizayn Holdinq”, “Cahan Holdinq” Şirkətlər ittifaqları, “Zümrüd” Kiçik Müəssisəsi, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyəti ilə yanaşı, çox sayda digər orta və kiçik biznes qurumlarının məhsulları da burada öz yerini tutub.
Həmin gün qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət ediblər. Naxçıvanqala ilə tanışlıq zamanı bildirilib ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Bunun nəticəsidir ki, bu ərazidə tarixin bütün dövrlərinə aid zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb, qalanın əvvəlki görkəmi özünə qaytarılıb. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 5 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılıb. Kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Qeyd olunub ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.
Sonra qonaqlar kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər.
Qeyd edək ki, diplomatların muxtar respublikaya səfəri bu gün də davam edir.
Səbuhi Həsənov