25 Dekabr 2024, Çərşənbə

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsinin təqdimatı olmuşdur.

Tədbirdə çıxış edən Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov bildirmişdir ki, mərkəzin fondları mütəmadi olaraq Naxçıvanla bağlı dəyərli çap materialları, o cümlədən yeni nəşrlərlə zənginləşir. Bu gün 33-cü nömrəsinin təqdimatı keçirilən “Naxçıvan” jurnalı da Naxçıvanşünaslığa böyük töhfədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Əli Həsənov “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını, muxtar respublikanın yaradıcı ziyalılarını təbrik edərək demişdir ki, hər bir xalqın həyatında ədəbiyyatın, bədii söz sənətinin mühüm yeri və rolu vardır. Azərbaycan ədəbiyyatının xalqımız qarşısında yerinə yetirdiyi taleyüklü missiyanı yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi ki: “Çox­əsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilsin ki, ən əsası bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır”.
Bu amil nəzərə alınaraq ötən müddət ərzində muxtar respublikamızda Yazıçılar Birliyinin fəaliyyəti genişləndirilmiş, birliyin gənclər təşkilatı və tərcümə mərkəzi yaradılmışdır. Birlik üzvlərinin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, onlar fəxri adlarla təltif olunmuşlar. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, Məhəmməd Tağı Sidqinin, Məhəmməd ağa Şahtaxtlının, İslam Səfərlinin, Məmməd Arazın, Əziz Şərifin, Abbas Zaman­ovun yubileyləri keçirilmiş, ədəbi-bədii əsərlər, almanaxlar nəşr olunmuşdur. Bununla yanaşı, Ali Məclis Sədrinin 1998-ci il 9 fevral tarixli Sərəncamı ilə ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik “Naxçıvan” jurnalı təsis edilmiş, muxtar respublikanın yaradıcı təşkilatlarının iş şəraiti yaxşılaşdırılmışdır.
Qeyd olunmuşdur ki, bu gün qədim Naxçıvan böyük quruculuq meydanına çevrilib. Həyata keçirilən tədbirlər muxtar respublikamızı müasirləşdirib. Ona yeni görkəm verib. Kəndlərimiz, rayon və şəhərlərimiz simasını dəyişib. Naxçıvanın yaradıcı ziyalıları da həyata keçirilən qurucu­luq işlərini vəsf etməyə, muxtar respublikanın həyatında baş verən yenilikləri, sürətli inkişafı bədii sözün qüdrəti ilə tərənnümə səy göstərir, yeni əsərlər yazırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə şair və yazıçılarımızın əsərləri nəşr olunaraq ictimaiyyətə təqdim edilir. Bu istiqamətdə hazırlanan nəşrlərdən biri də bu gün təqdimatına toplaşdığımız “Naxçıvan” jurnalının Naxçıvana həsr olunmuş şeirlərdən ibarət 33-cü nömrəsidir. Jurnalda 75 şairin şeiri və 59 fotoşəkil yer almışdır. Jurnalda şeirlərlə yanaşı fotoşəkillərin də verilməsi Naxçıvan və onun reallıqları haqqında daha dolğun təsəvvür yaradır.
“Naxçıvan” jurnalının 33-cü nömrəsi muxtar respublikada ədəbi mühitin inkişafına layiqli töhfədir. Burada vətənpərvərlik, doğma yurda məhəbbət mövzusunda yazan yaradıcı nəsillər arasında ədəbi əlaqə öz əksini tapmışdır. “Naxçıvan” jurnalının bu nömrəsi “vətənpərvərlik mövzusunda əsərlər necə yazılmalıdır” sualına ən yaxşı cavabdır”, – deyən Əli Həsənov jurnalın yeni nömrəsinin böyük dəyərə malik olduğunu diqqətə çatdırmış, Naxçıvanşünaslığa töhfə olan nəşrin hazırlanmasını himayə etdiyinə görə muxtar respublika rəhbərinə tədbir iştirakçıları adından minnətdarlığını bildirmiş, yaradıcı ziyalılarımıza yeni uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bildirmişdir ki, Naxçıvan ədəbi mühiti tarixboyu Azərbaycan ədəbiyyatına daim böyük töhfə vermişdir. İndi, sözün əsl mənasında, çoxəsrlik davamlı ənənələrə malik olan Azərbaycan ədəbiyyatının Naxçıvan ədəbi məktəbi formalaşmışdır. Bu məktəbi “Naxçıvan” jurnalının yeni nəşr edilən xüsusi sayında da görürük. Toplunun nəşrində əsas hədəf Naxçıvan həqiqətlərini, ölkəsini, Vətənini sevən bir vətəndaş mövqeyindən tərənnüm etməkdən ibarətdir.
Tarixlər şahidi qədim və ulu Naxçıvanın zaman-zaman şair və yazıçılarımızın əsərlərində böyük sevgi və məhəbbətlə tərənnüm olunduğunu qeyd edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, şair Asim Əliyev demişdir ki, “Naxçıvan” jurnalının 33-cü nömrəsində çap olunan şeirlər beş min ildən artıq şəhər mədəniyyəti olan qədim və həmişəcavan Naxçıvanın işıqlı, nurlu bir məkan kimi bu gün də söz adamlarının ilham mənbəyi olduğunu bir daha təsdiq edir.
“Naxçıvan” jurnalının xüsusi nömrəsinə daxil edilmiş şeirləri toplayan şair Elxan Yurdoğlu demişdir ki, hər hansı bir diyarın təbliği üçün, ilk növbədə, həmin məkan haqqında yazılmış tarixi və bədii əsərlərdən məlumat əldə edilir. Yaranan ədəbi əsərlərin bir vəzifəsi də öz dövrü haqqında gələcək nəsillərə məlumat verməkdir. Bu mənada, jurnalda yer alan şeirlərin hər biri özlüyündə muxtar respublikamızın təbii gözəlliyi, turizm potensialı, burada aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə oxucularda dolğun təsəvvür yaradacaqdır.
Sonra tədbir iştirakçılarına “Naxçıvan” jurnalının 33-cü nömrəsi təqdim olunmuşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR