25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 17 mart tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə nazirlik tərəfindən bu günədək bir sıra işlər görülüb. 

İlkin mərhələdə atlasın nəşr olunması ilə bağlı redaksiya heyətinin işçi qrupu yaradılıb, atlasın bölmələri, işçi qrupun tədbirlər planının layihəsi müəyyən edilib və redaksiya heyətinin hər bir üzvü üçün işçi qovluqlar hazırlanıb.
Aprel ayının ortalarından atlasın müvafiq bölmələrinin üzərində işlərə başlanılıb, bu məqsədlə AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində, Səhiyyə, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat nazirliklərində, Dövlət Baytarlıq Xidmətində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində, Dövlət Energetika Agent­liyində müzakirələrə başlanılıb.

Məlumatda bildirilir ki, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşr olunması ilə bağlı AMEA Coğrafiya İnstitutu ilə əlaqələr qurularaq texniki imkanlar müzakirə edilib, respublika Seysmoloji Xidmət Mərkəzindən son 100 ildə Naxçıvan Muxtar Respublikası ərazisində və qonşu dövlətlərin ona bitişik ərazilərində baş vermiş zəlzələlərin kataloqu əldə olunub.
Məlumatda o da vurğulanır ki, atlas giriş hissədən və altı bölmədən ibarətdir. Giriş hissədə muxtar respublikada son 25 ildə (1991-2015-ci illər) baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların statistikası, əhaliyə və iqtisadiyyata dəymiş maddi zərər hesablanıb, o cümlədən ölkəmizdə və qonşu dövlətlərin bizə yaxın ərazilərində baş vermiş təbii və texnogen xarakterli fövqəladə halların təhlili aparılıb.
Birinci bölmədə muxtar respublikanın coğrafi-iqtisadi xüsusiyyətləri, inzibati ərazi bölgüsü və əhalisi ilə bağlı məlumatlar işlənilib, şəhər və rayonlarımızın təbii və texnogen fövqəladə hallar mənbələrinə bağlı­lığı öyrənilib.
İkinci bölmədə muxtar respublikada fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sisteminin idarəetmə orqanlarının, mülki müdafiə qüvvə və vasitələrinin tərkibi, fövqəladə halların proqnozlaşdırılması, monitorinqi, laboratoriya və müşahidə nəzarəti sistemlərinin strukturu müəyyən edilib.
Üçüncü bölmədə muxtar respublika ərazisində ehtimal olunan təbii xarakterli fövqəladə hallar (zəlzələ, sel, sürüşmə, qrunt suları, su və külək eroziyası, torpaqların şoranlaşması, duman, anomal isti və soyuq hava temperaturları, ildırım və şimşək, leysan yağışları, güclü külək, doluvurma, güclü qar, təbii yanğınlar və sair) muxtar respublikanın fiziki-coğrafi xüsusiyyətləri nəzərə alınmaqla elmi cəhətdən qiymətləndirilib və hər bir hal üçün profilaktik tədbirlər müəyyənləşdirilib.
Dördüncü bölmədə aqroiqlim təhlükələri və riskləri ilə bağlı muxtar respublikada quraqlıq, şaxta və donvurma, güclü külək, doluvurma, leysan yağışları, sel və digər təbii amillərin kənd təsərrüfatı bitkilərinin inkişafına təsir göstərməsi üzrə bənd­lərin layihələri hazırlanıb.
Beşinci bölmədə texnogen xarakterli fövqəladə halların təhlükələri və riskləri (avtomobil, dəmir yolu və hava nəqliyyatında qəzalar, bina və qurğularda yanğınlar, neft və qaz müəssisələrində yanğın-partlayışlar, dağ-mədən obyektlərində, elektrik təchizatı sistemlərində qəzalar, hidrotexniki qurğularda təhlükələr, Metsamor AES-lə bağlı radiasiya təhlükəsi) qiymətləndirilib.
Altıncı bölmədə əhali, kənd təsərrüfatı heyvanları və quşları arasında yayıla biləcək ən təhlükəli yoluxucu xəstəliklər, həmçinin kənd təsərrüfatı bitkilərinin ziyanverici həşəratlarla və gəmiricilərlə zədələnmə təhlükələri (QİÇS, aktiv vərəm, bakterial dizenteriya, brusellyoz, virus hepatitləri A,B,C, quduzluq, dabaq, kənd təsərrüfatı heyvanlarının vərəmi, quş qripi, dənli bitkilərin pas xəstəliyi, şıqqıldaq böcəklər, ziyankar bağacıq) qiymətləndirilib.
Bunlardan əlavə, atlasda nəzərdə tutulmuş xəritələrin işlənilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verilərək müvafiq hesabatlar və statistik məlumatlar alınıb, əhalinin məskunlaşması, sıxlığı, təbii və texnogen mənşəli fövqəladə hal təhlükələrinin və müxtəlif xəstəliklərin xəritələri hazırlanıb, atlasla bağlı müəyyən fotoşəkillər çəkilib və müvafiq dia­qramlar işlənib.
Məlumatda həmçinin qeyd olunur ki, atlasın izahedici yazıları yekunlaşdırılaraq AMEA Naxçıvan Bölməsinə oxunuşa təqdim olunub. Atlasla bağlı görülən işlərin ok­tyabr ayının 20-dək başa çatdırılması nəzərdə tutulur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR