25 Dekabr 2024, Çərşənbə

26-29 sentyabr 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində şərq numizmatikasına (ICON II) həsr olunmuş ikinci beynəlxalq konfrans keçiriləcək. Həmin konfransda A.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” mövzusunda məruzələrinin dinlənilməsi nəzərdə tutulmuşdur.
Bizi alim və tədqiqatçı kimi hiddətləndirən məsələ adları qeyd olunan müəlliflər tərəfindən qədim Azərbaycan torpaqlarının “Şərqi Ermənistan” kimi göstərilməsidir. Rusiyada yaxşı bilirlər ki, ermənilər Azərbaycan torpaqlarına, xüsusilə məqalədə adları qeyd olunan xanlıqların ərazisinə 1828-ci il tarixli Türkmənçay anlaşması ilə köçürülüblər.

Konfransın Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırmaq istərdik ki, iclasda çıxış üçün belə bir mövzunun seçilməsi saxtakar erməni alimləri tərəfindən Azərbaycan tarixinin təhrif olunması istiqamətində atılan daha bir addımdır. Çünki 1747-1827-ci illərdə Cənubi Qafqazda erməni dövləti və “Şərqi Ermənistan” ərazi bölgüsü yox idi. Mövzunun həsr olunduğu İrəvan, Naxçıvan, Gəncə və Qarabağ xanlıqları bütün tarix boyu Azərbaycana məxsus olmuşdur. 1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycan ərazilərində 21 xanlıq yaranmışdır. Həmin dövrdə nə Ermənistan adlı dövlət, nə də Şərqi Ermənistan adlı coğrafi ərazi olmamışdır. İrəvan xanlığını Qacarlar, Naxçıvan xanlığını Kəngərlilər, Gəncə xanlığını Ziyadoğlular, Qarabağ xanlığını isə Cavanşirlər sülaləsi idarə etmişlər. Bu xanlıqları idarə edən xanlar arasında bir nəfər də olsun erməni mənşəli xan olmamışdır. İrəvan xanlığı Mir Mehdi xan, Naxçıvan xanlığı Heydərqulu xan, Gəncə xanlığı Şahverdi xan, Qarabağ xanlığı isə Pənahəli xan tərəfindən yaradılmışdır. Bu xanlıqlarda Səfəvilərdən I Süleymanın və III Şah Abbasın gümüş pulları, Nadir şahın sikkələri, osmanlıların Təbrizdə, Gəncədə, Tiflisdə və İrəvanda zərb etdikləri onluq və beşlik pul vahidləri işlənirdi. Həmin dövrdə dövriyyədə olan pul vahidlərinə gəldikdə isə qarapul, tümən, pənahabadi, şahı, mahmudi, bisti, sahibqıran, quruş, real, abbası, imperial (Rusiya pul vahidi) işlənmişdir ki, bunların erməni numizmatikasına aidiyyəti yoxdur.
Rusiya Dövlət Ermitajının direktoru akademik M.B.Piotrovskinin diqqətinə çatdırırıq ki, sizin atanız B.Piotrovski 1971-ci ildə “Redaksiyaya məktub” sərlövhəli məqaləsində Azərbaycan xanlıqlarına məxsus pul sikkələrini mənimsəyən ermənilərə kəskin cavab vermişdi. Olmaya indi sizin yenidən erməni havasına oynamağınız erməni nənənizin vəsiyyətidir?
Bütün bunları nəzərə alaraq, Təşkilat Komitəsindən A.V.Akopyan (Moskva) və P.Petrovun (Kazan) “Şərqi Ermənistan xanlıqlarının (İrəvan, Naxçıvan, Gəncə, Qarabağ) 1747-1827-ci illərdə sikkə zərbi” mövzusunda məruzələrinin konfransın gündəliyindən çıxarılmasını tələb edirik.

İsmayıl Hacıyev,                                              Azərbaycan Milli Elmlər Akademiyası
                                                                       Naxçıvan Bölməsinin sədri, akademik

Fəxrəddin Səfərli,                                            AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya

                                                                       İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor

Emin Şıxəliyev,                                               Naxçıvan Dövlət Universitetinin
                                                                       müəllimi, tarix elmləri namizədi, dosent

Musa Quliyev,                                                 “Naxçıvan” Universitetinin müəllimi,
                                                                        tarix elmləri namizədi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR