25 Dekabr 2024, Çərşənbə

Əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsulları ilə etibarlı təminatının möhkəmləndirilməsi zərurəti torpaq münasibətlərinin düzgün şəkildə tənzimlənməsini, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsini tələb edir. Fərman və sərəncamların, qəbul olunmuş dövlət pro­qramlarının icrası aqrar sahənin inkişafında yeni mərhələ olmaqla yanaşı, bu prosesdə mühüm əhəmiyyət daşıyan torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirib. Torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə həyata keçirilən işlər təkcə bu günümüzə deyil, eləcə də gələcəyimizə hesablanmış iqtisadi və sosial siyasətin tərkib hissəsidir.
Bu fikirlər Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Culfa rayonunda keçirilən, yerli icra nümayəndələrinin və bələdiyyələrin iştirak etdiyi tədbirdə səsləndirilib.
Tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev açaraq bölgədə torpaqlardan təyinatı üzrə və səmərəli istifadə olunması, qanunsuz tikinti aparılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə icra nümayəndələrinin və bələdiyyələrin qanunvericiliyin tələbləri haqda ətraflı məlumata malik olmalarının vacibliyini qeyd edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə bildirib ki, iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, yeni emal müəssisələrinin yaradılması və digər tədbirlər aqrar bölmənin sosial və sahə strukturuna ciddi təsir göstərib, zaman keçdikcə məzmunca yeni münasibətlərin formalaşmasını günün tələbinə çevirib. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikamızda torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müvafiq qurumlara əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi barədə tapşırıqlar verilib, aid mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr müəyyənləşdirilib. Verilmiş tapşırıqların icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mərkəzi aparatı və rayon (şəhər) idarələrinin mütəxəssislərindən ibarət komissiyalar yaradılıb, mütəmadi olaraq rayonlarda və Naxçıvan şəhərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyəti yoxlanılıb. Yoxlama zamanı torpaq sahələrinin və üzərindəki tikililərin naturadakı vəziyyəti bələdiyyələrin yerquruluşu planları ilə müqayisə edilib. Yerlərə baxış keçirilərkən muxtar respublikanın bütün şəhər və rayonlarında torpaq qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan qanunsuz istifadə halları, torpaq islahatı zamanı əkin sahəsi kimi xüsusi mülkiyyətə verilmiş pay torpaqlarında yaşayış evi və yardımçı tikililər inşa edilməsi faktları aşkara çıxarılıb. Vurğulanıb ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncamvermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya-gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə uyğun olaraq həyata keçirmək daim diqqətdə saxlanılmalıdır. Torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanları, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamaq, torpaq sahəsi ilə bağlı öhdəliklərə əməl etmək torpaq üzərində hüquqlarını həyata keçirən hər bir mülkiyyətçinin, istifadəçinin və icarəçinin başlıca vəzifəsi olmaqla bərabər, həm də hər birimizin vətəndaşlıq borcumuzdur. Çünki perspektiv inkişafın təmin edilməsi, əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi bu gün sahib olduğumuz torpaqların mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır.
Sonra məruzə ətrafında komitənin əməkdaşlarından İntizar Həziyevin və Tural Cəfərovun çıxışları olub.
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanılıb.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR