Sentyabrın 8-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Həmin gün qonaq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.
Bildirilib ki, Azərbaycanın müasir dövlətçilik tarixi və ümummilli liderin siyasi irsi ilə maraqlanan hər kəs Heydər Əliyev Muzeyinə üz tutur, tədqiqatçılar burada elmi axtarışlar üçün dəyərli məlumatlar əldə edirlər. Belə ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 4 min 617 eksponat var, kitabxana fondunda isə 589 adda 1202 kitab, jurnallar, albomlar mövcuddur.
Diqqətə çatdırılıb ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş qiymətli eksponatlar, Onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar, qonşu dövlətlərlə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri nümayiş etdirilir.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Amerika Birləşmiş Ştatları ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verib. Bill Klinton ilk dəfə Amerikanın Prezidenti seçilərkən ümummilli lider ona təbrik məktubu ünvanlayıb. 1993-cü ilin mart ayında isə Amerikadan Naxçıvana humanitar yardım göndərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinin həmin dövrə aid məlumatlarında da bu, öz əksini tapıb. Həmin məlumatlar bu gün Heydər Əliyev Muzeyində saxlanılır.
Səfir “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonaqların diqqətini cəlb edib.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq da Robert Sekutada xoş təəssürat yaradıb.
Xan sarayında olarkən məlumat verilib ki, saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olub, bununla yanaşı, xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Muzey Naxçıvan xanlığının dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən çox eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Dövlət Xalça Muzeyində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olub.
Rauf Əliyev