Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Naxçıvan Muxtar Respublikasına səfərə gəliblər. Səfərin birinci günü mədəniyyət müəssisələri ilə tanış olan diplomatlar dünən Naxçıvanın gəzməli-görməli yerləri, təhsil, səhiyyə, yerli istehsal və emal müəssisələri ilə tanış olublar.
Sentyabrın 9-da Naxçıvan Dövlət Universitetinə gələn qonaqlara muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı, universitetin strukturu, maddi-texniki bazası, mövcud fakültə və ixtisaslar haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, dünyanın 80-dən çox tanınmış ali təhsil ocağı ilə beynəlxalq əməkdaşlığa malik olan universitet TEMPUS proqramı çərçivəsində 5 beynəlxalq layihənin iştirakçısıdır. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.
“Naxçıvan” Universitetində isə qonaqlar bu təhsil ocağı üçün inşa olunmuş yeni universitet şəhərciyi ilə tanış olublar. Məlumat verilib ki, müasir tələblərə cavab verən universitetdə yaradılmış şərait nəticəsində burada təhsil alan tələbələrin sayı hər il artır. Ali məktəbdə təhsilin keyfiyyəti yüksəldilir, ixtisas fənləri üzrə elmi dərəcəsi olan müəllimlərə üstünlük verilir, tədris zamanı müasir təlim texnologiyalarından istifadə diqqətdə saxlanılır.
Qeyd olunub ki, bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilib, Almaniya, Türkiyə, Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb.
“Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi”, “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli cəmiyyətləri və Naxçıvan Avtomobil Zavodunda olan pribaltikalı diplomatlara müəssisələrin istehsal gücü, istehsal olunan məhsulların çeşidi və ixrac imkanları barədə məlumat verilib.
Şahbuz rayonu ərazisində yerləşən Batabat kurort zonası və Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq isə qonaqların muxtar respublikanın ecazkar təbiəti və turizm potensialı haqqında ətraflı məlumatlar almasına imkan verib.
Sonra Naxçıvan Günəş Elektrik Stansiyasında olan səfirlərə muxtar respublikada alternativ enerji mənbələri hesabına həyata keçirilən tədbirlər, o cümlədən stansiyanın iş prinsipi haqqında məlumat verilib.
Uzunoba Su Anbarı ilə tanışlıqdan sonra diplomatlar Duzdağ Fizioterapiya Mərkəzinin fəaliyyəti ilə maraqlanıblar. Məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan mərkəzdə bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması 350 yerlik xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas və Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovsun Naxçıvan Muxtar Respublikasına səfəri dünən başa çatıb.
Qeyd edək ki, hər iki ölkənin səfiri “Şərq qapısı” qəzetinə müsahibə verib. Muxtar respublikaya ilk dəfə səfər edən qonaqlar regionun inkişafını yüksək qiymətləndiriblər və Naxçıvanda gördüklərinin onlarda xoş ovqat yaratdığını bildiriblər. Bununla bağlı hazırladığımız materialı qəzetin növbəti nömrəsində oxuculara təqdim edəcəyik.
Səbuhi Həsənov