Heydər Əliyev adına Hərbi Liseydə yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə keçirilən tədbirdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Mərasimə hazırlıq barədə raportdan sonra şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov kursantları Bilik Günü münasibətilə təbrik edib.
Nazir bildirib ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Belə ki, bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri həm güclü maddi-texniki bazaya, həm də peşəkar və vətənpərvər şəxsi heyətə malikdir. Müasir dövrdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin mühüm bir istiqamətini ixtisaslı kadrların yetişdirilməsi təşkil edir. Heydər Əliyev adına Hərbi Lisey yüzlərlə vətənpərvər gənci birləşdirən müasir hərbi təhsil müəssisəsinə çevrilib.
“Bu gün biz iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün zabit korpusunun formalaşması işinə ulu öndərimizin adını daşıyan hərbi lisey də öz töhfəsini verir. Ötən dövrdə hərbi liseydə möhkəm maddi-texniki baza və nümunəvi hərbi tədris sistemi yaradılıb. Bu gün liseyin mindən çox məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında zabit kimi xidmətini davam etdirir”, – deyən Zakir Həsənov kursantlara vətənimiz Azərbaycanın gələcək müdafiəçiləri kimi ali hərbi məktəblərdə yaxşı təhsil almağı, hərb sənətinə dərindən yiyələnməyi, vətənə sədaqətlə xidmət etməyi arzu edib.
Liseyin rəisi, general-mayor Elman Orucov qeyd edib ki, hərbi liseydə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək qayğısı ilə müasir şərait yaradılıb. Bunun nəticəsidir ki, Azərbaycanın digər rayonlarından da liseyə qəbul olunanların sayı artıb. Bu gün internet şəbəkəsinə qoşulmuş 2 kompüter otağı, 3 laboratoriya, 19 kabinə, 2 linqafon otağı və müasir avadanlıqlarla təchiz olunmuş digər otaqlar, o cümlədən 8500 ədəd kitab fondu olan zəngin kitabxana kursantların istifadəsindədir.
Liseyin rəisi kursantların təhsili ilə yanaşı, sosial müdafiəsi və vətənpərvərlik tərbiyəsinin də diqqət mərkəzində olduğunu bildirib.
Vurğulanıb ki, muxtar respublikanın gəncləri arasında vətənpərvərlik hisslərinin gücləndirilməsinin nəticəsidir ki, 2016-cı ildə 987 nəfər hərbi liseyə qəbul olunmaq üçün müraciət edib. Onlardan 671 nəfəri qəbul imtahanlarında iştirak edib, yüksək nəticə göstərən 180 nəfər 1-ci kursa qəbul olunub.
Sonra çıxış edən kursant və valideynlər ölkəmizdə ordu quruculuğundan danışıblar, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi Liseyin bir qrup hərbi qulluqçusunu “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif edib.
Sonda orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa olunub, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov liseyin pedaqoji kollektivi ilə də görüşüb. Görüşdə qeyd olunub ki, kursantların gələcək ali hərbi təhsil illərində və xidmət dövründə qazandıqları uğurların təməlində müəllimlərin zəhməti dayanır. Valideynlərlə görüşən Zakir Həsənov liseydə yaradılan şəraitdən danışıb və əminliklə ifadə edib ki, bu vətənpərvər gənc hərbçilərimizin köməyi ilə işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad olunacaq.
Valideynlər bildiriblər ki, övladlarının Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin əmrlərinə hər an hazır olan müstəqil Azərbaycanın müdafiəçiləri kimi yetişmələrindən qürur hissi duyurlar.
Xəbərlər şöbəsi