Şahbuz Rayon İcra Hakimiyyətində keçirilən tədbiri rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev açıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə məruzə edib.
Bildirilib ki, əhalinin artım tempi, əkinəyararlı torpaq sahələrinin məhdudluğu, ərzaq məhsulları ilə etibarlı təminatın möhkəmləndirilməsi zərurəti torpaq münasibətlərinin düzgün şəkildə tənzimlənməsini, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsini tələb edir. İmzalanmış fərman və sərəncamların, qəbul olunmuş dövlət proqramlarının icrası aqrar istehsalın inkişafında yeni mərhələ olmaqla yanaşı, bu sahənin inkişafında əvəzsiz rola malik olan torpaqdan düzgün və səmərəli istifadəni də günün tələbinə çevirib.
Qeyd olunub ki, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahələrinin özbaşına tutulması, torpaq sahələrində qanunsuz tikinti aparılması, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi, istehsalat və məişət tullantıları, kimyəvi və radioaktiv maddələrlə, habelə çirkab suları ilə çirkləndirilməsi, torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələşdirilməsi, tikilməsi və istismara verilməsi, mülkiyyətdə istifadə olunan torpaqların hüdudlarının, mərz nişanlarının məhv edilməsi, torpaqların dövlət uçotundan, qeydiyyatından gizlədilməsi, kəmiyyət və keyfiyyətinə dair məlumatların təhrif edilməsi kimi hərəkətlərdən çəkinməlidirlər. Vətəndaşlar bilməlidirlər ki, qeyd olunan əməllərin törədilməsi torpaqlardan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişilməsinə və qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Tədbirdə komitənin Yerquruluşu, torpaq ehtiyatlarından istifadə və geodeziya, xəritəçəkmə işləri sektorunun müdiri Oqtay Məmmədovun “Torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və mühafizəsi”, Daşınmaz əmlakın inventarlaşdırılmasına və qiymətləndirilməsinə nəzarət sektorunun müdiri Məcid Abdullayevin “Daşınmaz əmlakın kadastrı və qeydiyyatı ilə bağlı qanunvericiliyin tələbləri” mövzularında çıxışları olub.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin hazırladığı bukletlər paylanılıb.
Kərəm Həsənov