Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində muxtar respublikanın təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov məruzə edərək yeni dərs ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib, 2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə danışıb.
Bildirilib ki, bu gün Naxçıvan təhsili özünün inkişaf dövrünü yaşayır. Muxtar respublika rəhbərinin təhsilə, təhsil işçilərinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində 1996-cı ildən ötən dövr ərzində Naxçıvanda 200-dən çox təhsil müəssisəsi üçün bina tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də tikinti-quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Muxtar respublikada 2016-cı ilin I yarımili ərzində 1806 şagird yerlik altı tam orta məktəb binası, bir peşə məktəbi istifadəyə verilib. Hazırda Naxçıvan Dövlət Texniki Kollecinin yeni binasının, Naxçıvan şəhərində 3 və 13 nömrəli, Şərur rayonunda Şərur şəhər 2 nömrəli, Çəmənli, Arbatan, Babək rayonunda Məzrə, Ordubad rayonunda Baş Dizə, Culfa rayonunda Gülüstan, Xanəgah, Şahbuz rayonunda Kolanı, Kəngərli rayonunda Şahtaxtı kənd tam orta məktəblərin binalarının tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Təhsilə göstərilən diqqət və qayğının nəticəsidir ki, muxtar respublikamızda tikilən və ya əsaslı şəkildə yenidən qurulan bütün təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Ümumtəhsil məktəblərində 623 elektron lövhə quraşdırılıb və təhsil müəssisələrinə 3725 dəst kompüter verilib ki, onların da 2890-ı internetə qoşulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və orta ixtisas təhsili müəssisələrində çalışan elmi dərəcəli əməkdaşlar tərəfindən yarımil ərzində muxtar respublika ümumtəhsil məktəblərində 712 saat nümunəvi dərslər tədris olunub.
Qeyd edilib ki, ümumtəhsil məktəbləri üzrə keçirilən IX və XI siniflərin buraxılış imtahanlarında IX sinif üzrə 3610, XI sinif üzrə 3127 şagird iştirak edib. Bu il məktəbi bitirən 3138 məzundan 2469-u ali məktəblərə qəbul üçün sənəd verib ki, bu da məktəbi bitirənlərin 78,9 faizini təşkil edir. Məzunlardan 1225-i, yaxud 49,6 faizi oğlanlar, 1244-ü, yaxud 50,4 faizi qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunları ilə birgə bu il ali hərbi məktəblərə və digər ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 2674 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 80 faizi deməkdir. Məzunlardan 191 nəfəri xüsusi təyinatlı ali məktəblərə qəbul üçün sənəd verib. Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən 2016-cı ilin məzunlarından 1538 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub. Bu il yüksək bal toplayanların sayı ötən ilə nisbətən 25 nəfər, 600-700 arası bal toplayanların sayı isə 8 nəfər artıb. Qəbul imtahanlarında məzunları yüksək nəticələr göstərən məktəblərin sayı 121 olub. 2015-2016-cı tədris ilində tələbə adını qazanan məzunlardan 63 nəfəri xüsusi təyinatlı ali məktəblərə qəbul olub. Muxtar respublikamızın ali təhsil müəssisələrində yaradılan yüksək təhsil şəraitinin nəticəsidir ki, abituriyentlərimiz ixtisas seçimi zamanı Naxçıvanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil almağa daha çox üstünlük veriblər. 2016-cı ildə 998 nəfər, yaxud qəbul olunanların 65 faizi ixtisas seçimi zamanı Naxçıvan Muxtar Respublikasında yerləşən ali təhsil müəssisələrini seçiblər. Onlardan 655-i Naxçıvan Dövlət Universitetinə, 142-si “Naxçıvan” Universitetinə, 201-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunublar. 2015-2016-cı tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 27 məzun qızıl və gümüş medallara layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlardan 12 nəfəri 600-650, 15 nəfəri isə 650-700 arası bal toplayıblar.
Məruzəsində qazanılan uğurlarla yanaşı, işdə buraxılan nöqsanlara da toxunan və əldə olunan nəticələrin müqayisəli təhlilinə geniş yer verən nazir bildirib ki, bəzi ümumtəhsil məktəblərində keçirilən test-sınaq imtahanlarının nəticələri əsaslı şəkildə müzakirə olunmayıb, şagirdlərin zəif nəticə göstərmiş olduğı fənləri tədris edən müəllimlər haqqında tədbir görülməyib və nəticədə, şagirdlər imtahan zamanı müəyyən fənlərdən çox aşağı nəticələr göstəriblər. Təhsil Nazirliyi növbəti tədris ilində bu sahədə mövcud olan nöqsanları aradan qaldırmaq məqsədilə ümumtəhsil məktəblərinin IV sinif şagirdlərinin test-sınaq imtahanlarına cəlbini təşkil edəcək, fənn kurikulumlarının tətbiqi ilə əlaqədar IX siniflərin və XI siniflərin buraxılış imtahanlarına hazırlıqlarının səviyyəsinin yüksəldilməsi məqsədilə xüsusi sınaqlar həyata keçirəcək. Bundan başqa, bəzi ümumtəhsil məktəblərində olimpiadaya hazırlıq işləri ilboyu aparılmadığından fənn olimpiadalarının rayon mərhələsində iştirak olsa da, şagirdlər müəyyən olunmuş bal həddini keçə bilməyib, respublika mərhələsinin yarımfinal turunda iştirak zəif olub. Məktəb rəhbərləri bununla işlərini bitmiş hesab edib, olimpiadaya hazırlıqla əlaqədar məsələnin təhsil şuralarında müzakirəsini təşkil etməyiblər. Yaradılmış əlverişli şəraitə baxmayaraq, məktəblilərin geyim intizamına tələbkarlıq lazımi səviyyədə olmayıb. Aparılan müşahidələr zamanı belə hallar aşkar edilərək aradan qaldırılıb. Cari tədris ili ərzində bu məsələ diqqətdə saxlanılmalı, müəllim və şagirdlərin geyim intizamına ciddi əməl olunmalıdır.
Qeyd edilib ki, 2015-2016-cı tədris ili ərzində təhsil prosesinə ciddi yanaşmayan, yüksək sayda şagird və müəllim kontingenti olmasına baxmayaraq, ali və orta ixtisas məktəblərinə qəbul zamanı çox zəif nəticə göstərən ümumtəhsil məktəbləri də olub. Belə ki, muxtar respublikanın 16 tam orta məktəbindən sənəd verənlərin 30-40 faizi, 20 tam orta məktəbindən isə 40-50 faizi tələbə adını qazanıb. Bununla yanaşı, Şərur rayonu üzrə 3, Babək rayonu üzrə 5, Ordubad rayonu üzrə 1, Kəngərli rayonu üzrə 1 olmaqla, muxtar respublika üzrə 10 tam orta məktəbdən ali və orta ixtisas məktəblərinə cəmi 20-30 faiz qəbul olub. Zəif nəticə göstərən məktəblərin rəhbərləri və müvafıq təhsil şöbələri 2016-2017-ci tədris ilində işlərində ciddi dönüş yaratmalı, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yüksəldilməsi üçün daha çox səy göstərməlidirlər.
“İl ərzində aparılan yoxlama-reydlər onu göstərir ki, ümumtəhsil məktəblərində istər pedaqoji işçilər, istərsə də şagirdlərin məktəbə davamiyyətində də nöqsanlar mövcuddur”, – deyən Məmməd Qəribov konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, fakültativ və fərdi qrup məşğələləri üçün ayrılmış saatların tətbiqində təlimati tələblər bəzi hallarda gözlənilmir, bunun nəticəsində də şagirdlərin dərsdən sonrakı asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün lazımi şərait yaranmır. Yeni təlim metodlarından istifadə edərək təlim-tərbiyə işlərini aparmaları üçün məktəb rəhbərləri tərəfındən fənn müəllimlərinin işinə düzgün nəzarət olunmur, məktəbdə sənədləşmə işinin aparılmasında ciddi nöqsanlara yol verilir. Belə ki, bəzi məktəblərdə kompüter və elektron lövhələrdən təyinatı üzrə az istifadə olunur, tədris ili ərzində bir sıra məktəb rəhbərləri tərəfındən lazım olan miqdarda dərs dinləmələri aparılmır və yaxud aparılsa da, dərs dinləmələrinin nəticələri təhlil olunmur. Bu, ciddi nöqsanların yaranmasına gətirib çıxarır.
Nazir bildirib ki, bu gün təhsil sahəsində mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən fəaliyyət planı tərtib edilib və icrası nəzarətə götürülüb. Həmin plana uyğun olaraq artıq bir sıra tədbirlər həyata keçirilib. Yeni tədris ili ərzində tədbirlər planına uyğun olaraq, dərs bölgüsünün aparılması zamanı neqativ hallara yol verilməməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, məktəbdə sənədləşmənin mövcud təlimatlara uyğun şəkildə aparılması, XI sinif şagirdlərinin dərsə davamiyyəti nəzarətə götürüləcək, hazırlıq məşğələləri məktəblərdə təşkil ediləcək, “ilin hərbi rəhbəri”, “ilin sinif rəhbəri”, “ilin idman rəhbəri” və sair nominasiyalar üzrə müsabiqələr keçiriləcək.
Sonra məruzə ətrafında çıxışlar olub.
Səbuhi Hüseynov