AZAL-ın satmadığı elektron bilet
Əslən Naxçıvandan olan qohumlar, dostlar, tanışlar həmin diyara “Yola düşürük!” deyəndə, hər zaman mənə elə gəlirdi ki, söhbət hansısa xarici ölkəyə edilən səfərdən gedir. Bu heç də Naxçıvanın coğrafi cəhətdən hansı bölgədə yerləşməsi və ya inzibati ərazi vahidi kimi hara tabe olması ilə əlaqədar bilgimin zəif olmasına bağlı məsələ deyil. Azərbaycan hüdudlarından kənara gedən və oralardan gələn çox adamı qarşılayıb yola saldığım üçün bilirdim ki, Naxçıvana getmək proseduru onlardan heç nə ilə fərqlənmir. Əksinə, elə olur ki, hansısa xarici ölkəyə gedib-gəlmək adama Naxçıvana edilən səfərdən daha asan başa gəlir. Xüsusilə də bayram günləri, ali məktəblərdə tədris ilinin başlandığı və sona çatdığı dönəmdə Naxçıvana gedib-gəlmək üçün bilet tapmaq müşkülə çevrilir. Yəqin ki, bilet deyəndə, oxucular təyyarədən söhbət etdiyimi biləcəklər. Çünki Naxçıvana getmək üçün təyyarəyə bilet ala bilərsən. Səbəb bəllidir! Təəssüf ki, Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycanın ayrılmaz parçası olan qədim türk diyarının qismətinə blokadada yaşamaq kimi acı tale yazılıb. Dəmir yolu ilə gediş-gəliş tam bağlanıb.
Təyyarəyə alternativ yol kimi İran üzərindən avtomobillə Naxçıvana gedib-gəlmək də mümkündür. Ancaq çox yorucu bir proses olduğu üçün təyyarə naxçıvanlıların yeganə nicat vasitəsi sayılır. Mən SSRİ-nin mövcud olduğu, yəni məktəb yaşlarıma təsadüf edilən zamanlarda bir neçə dəfə Naxçıvana qatarla getmişəm. Dəmir yolu ilə Naxçıvana çatmağa bir sutka vaxt sərf edilsə də, müqayisə aparanlar deyir ki, qatarla edilən səfər daha rahat idi. Doğrusu, bu fikirdə olanlara əvvəl təəccüblə baxırdım. Fikirləşirdim ki, bir sutka ilə bir saatı necə müqayisə edib birinciyə üstünlük vermək olar?
Təyyarə ilə Naxçıvana etdiyim ilk səfər zamanı şahidi oldum ki, belə təzadlı müqayisədən alınan nəticə təsadüfən meydana çıxmayıb. Bəri başdan deyim ki, AZAL-ın Naxçıvan əhalisi ilə bağlı yürütdüyü “şirkət siyasəti”ni heç bəyənmədim. Mənim səfərim Qurban bayramı ərəfəsinə düşdü. Bəllidir ki, belə vaxtlarda biletlə bağlı tələbat çox, təklif isə az olur. AZAL əlavə reysləri çox xəsisliklə saldığı üçün əhalinin bilet tələbatı tam ödənilmirdi. AZAL-ın Naxçıvana təşkil etdiyi reyslərlə bağlı digər anlaşılmazlıq elektron biletlərin satılmaması ilə bağlıdır. Bu qayda ilə bilet almağa cəhd etsəm də, dedilər ki, analoji xidmətdən istifadə olunmur. Azərbaycan hakimiyyəti elektron hökumətə keçidlə bağlı uğurlu və tələbkar siyasət həyata keçirdiyi bir zamanda AZAL-ın niyə adi elektron bilet satışına belə laqeyd yanaşması çox maraqlıdır… Çətinliklə olsa da, bir neçə gün əvvəl kassaya yaxınlaşdıqdan sonra planlaşdırdığım vaxt üçün bilet tapa bildik. Ancaq eyni anda geriyə qayıtmaq üçün bileti sifariş verə bilmədim. Dedilər ki, mənə lazım olan vaxtda muxtar respublikadan Bakıya qayıdan çox olduğundan biletlərin hamısı satılıb.
Bakı Hava Limanında adi su od qiymətinə satılır
Bakı Beynəlxalq Hava Limanında qeydiyyatdan keçmək proseduru çox yüksək səviyyədə həyata keçirilir. Lazımi səviyyədə təşkil olunan təhlükəsizlik tədbiri də öz yerində. Ancaq bəzi neqativlikləri vurğulamaq lap yerinə düşər. Naxçıvana uçan reysi gözləmək üçün təşkil olunan zalda fəaliyyət göstərən mağazada bütün məhsullar bazar qiymətindən 3 dəfə baha satılır. Adi bir su üçün tələb olunan qiymət adamı dəhşətə gətirir. Təyyarəyə miniyin başlandığı ilə bağlı elan veriləndən sonra sərnişinlər pilləkənlə balaca bir otağa endirilir. Otaq çox darısqal olduğu üçün sərnişinlərin çoxu qapının açılmasını ayaq üstə gözləməli olur.
Uçuşa hazırlaşanların arasında yaşlıların, əliuşaqlı valideynlərin olduğunu nəzərə alsaq, heç də xoşagəlməyən mənzərəni seyr etmiş olursan. Sonra mənə məlum oldu ki, sərnişinlər bu otaqda uçacaqları təyyarənin trapına onları aparacaq avtobusu gözləyirlər. Halbuki Beynəlxalq Hava Limanının şəraiti birbaşa gözləmə zalından təyyarəyə minməyə və ya eniş etməyə imkan verir.
Qeyd edim ki, Naxçıvan Hava Limanında təyyarəyə minik və eniş dediyim qayda əsasında həyata keçirilir. Naxçıvandan Bakıya gedən təyyarələrin qəbulu zamanı da trapdan enərək avtobusdan istifadə etməyə ehtiyac qalmır.
Bütün bu sadalananlardan belə nəticəyə gəlmək olar ki, AZAL Naxçıvana uçan sərnişinləri onlara əlavə əziyyət vermədən də, birbaşa təyyarəyə mindirə bilər.
Təyyarədən görünən gecə əzəməti
Təyyarəmiz gecə saatlarında uçuş etdi. Gecə uçuşundan istifadə edənlər bilir ki, enəcəkləri şəhərin əzəməti, inkişafı yuxarıdan daha aydın görünür. Bu məsələdə insana kömək edən başlıca faktor şəhərin işıqlandırılmasıdır. Təyyarədə “Naxçıvana enməyə hazırlaşırıq” elanını eşidəndə bir anlıq pəncərədən aşağı baxdım. Düzü, elə bildim ki, biz hansısa başqa şəhərə çatmışıq. Bəri başdan deyim ki, Naxçıvanın inkişaf səviyyəsini ilkin olaraq səciyyələndirən əsas amillərdən biri də onun yuxarıdan gecə görünüşüdür.
Hava limanına enən zaman ilk görmək istədiyim mənzərə taksilərin nizamlı düzülüşü və sürücülərin səliqəli uniformalarıydı. Çünki bu barədə muxtar respublikaya səyahət edən jurnalistlərin yazısından çox oxumuşdum. Taksilər gözümə dəymədi. Bizi qarşılayan dostumuz dedi ki, səhər burada Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Terminalı”nın açılışının olacağı səbəbindən taksiləri müvəqqəti olaraq bir az aralıda saxlayırlar. Biz muxtar respublikada olduğumuz vaxtda Naxçıvan Beynəlxalq Hava Limanının “Qərb Terminalı” da istifadəyə verildi. Bu, o deməkdir ki, xaricə uçan reyslər ilə yerli reyslərin terminalı başqa olacaq.
İnsaf göstəricisi
Dostumun təklifi əsasında Naxçıvan şəhərində bir gecə gəzintisi etdik. Yolların genişliyi, planlı şəhərsalma mədəniyyəti və şəhərin işıqlandırılmasına, sözün əsl mənasında, valeh oldum. İşıqlandırma ilə bağlı diqqətimi çəkən vacib məqamı xüsusi qeyd etmək istərdim. Nə qədər axtardımsa, gecə yanan lampaların sırasında bir dənə də olsun sıradan çıxanını görmədim. Bu, o anlama gəlir ki, xırda olsa da, belə detala hər gün nəzarət olunur. Şəhəri bir az gəzdikdən sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə daxil olub orada çay içmək qərarına gəldik. Əslən naxçıvanlı olan dostumuz bizə dedi ki, bu tarixi-memarlıq abidəsi muxtar respublika rəhbərinin təşəbbüsü əsasında yenidən bərpa olunub və qərara alınıb ki, muzeyin həyətində ictimai iaşə obyektləri də fəaliyyət göstərsin. Turistlərin belə məkanlara axınını təmin etmək baxımından tamamilə düzgün verilən qərar hesab etmək olar.
Naxçıvanın təmiz havasında samovar çayını içib bir qədər də şirin söhbətdən sonra əvvəlcədən “bron” etdiyimiz mehmanxanaya yollandıq. Artıq gec olmasına baxmayaraq, oteldə canlanma hiss edilirdi. Səfərimiz Qurban bayramına təsadüf etdiyi üçün oteldə çoxlu sayda xarici qonaq gözə dəyirdi. Bizə ayrılan nömrəyə gedəndə nəzarətçiyə ilk verdiyim sual bu oldu: “Kondisioner işləyirmi?” Cavabında dedi ki, müəllim, bir balaca pəncərəni açsanız, yorğanla yatmalı olacaqsınız. Doğrudan da, bir azdan otaqda yorğan axtarmağa başladım. Sən demə, Naxçıvanın gündüzləri isti olsa da, gecələri sərin olurmuş.
Oteldə məni ilk təəccübləndirən məsələ xidmətlər və təklif olunan mallar üçün qiymətlərin ucuz olması oldu. Sadə bir faktı deyim. Gecə saat ikidə su içmək istədim. Zəng vurdum bir qazlı, bir qazsız su sifariş etdim. Səhər borcumun nə qədər olduğunu öyrənəndə dedilər ki, bir manat ödəməliyəm. Yəni oteldə gecə saat 2-də mənim otağıma gətirilən suyun bir şüşəsi 50 qəpik kimi hesablanıb. Ancaq bu yay Şamaxıda olduğum bir oteldə eyni qayda ilə verdiyim sifarişdən sonra mənə bəlli oldu ki, yarımlitrlik qazlı suyu mənə 4 manata satıblar.
Əshabi-Kəhf ziyarəti və başıma düşən damcı
Səfərimizin yeni açılan günü Qurban bayramına təsadüf edirdi. Bu səbəbdən də planımızda Əshabi-Kəhfi ziyarət etmək vardı. “Qurani-Kərim”də adı zikr olunan həmin məkanda xüsusilə dini bayramlara təsadüf edən günlərdə ziyarətçi həddən artıq çox olur. Yerli əhalidən çox xaricilərə və Azərbaycanın digər regionlarından olan ziyarətçilərə rast gəldik. Məşhur ziyarətgahda yaradılan infrastruktura da söz ola bilməz. Təmizlik ən yüksək səviyyədə təmin edilir. Ziyarətgahda “Damcıxana” deyilən bir yer var. Qayaların ortasında oturub niyyət tutursan. Tutduğun niyyət safdırsa, başına su damcısı düşür. Adam dəhşətə gəlir və Allahın yaratdığı qüdrət nişanəsinə təəccüblənməyə bilmirsən. Çünki qupquru qayaların ortasında birdən-birə damcının haradan əmələ gəlməsi hələ də sirr olaraq qalır.Yəqin ki, niyyətim saf olduğu üçün başıma damcı da düşdü.
İkinci ziyarət etdiyimiz yer Naxçıvan şəhərinin mərkəzində yerləşən Şəhidlər xiyabanı oldu. Buradakı muzey diqqətimizi çəkdi. Maraqlandıqda bəlli oldu ki, orada tikilən Azərbaycanda yeganə olan Xatirə Muzeyidir.
Dəmir barmaqlıqlarsız mənzillər
Şəhəri gəzərkən binaların fasadlarının əsaslı təmir edilməsinə də diqqət yetirdim. Maraqlı burasıdır ki, Naxçıvandakı binaların yalnız yola baxan tərəfi deyil, həm də içəri üzü əsaslı təmir olunur. Bu müqayisəni təsadüfən aparmadım. Çünki kənar yerlərdə biz binaların yalnız üz hissəsinin üzlənməsi ilə çox rastlaşırıq. Binalardakı mənzillərin heç birində dəmir barmaqlıqlara rast gəlinmir. Bunun səbəbi isə kriminogen durumun sabitliyilə izah olunur.
Qeyd edim ki, Naxçıvanda səliqə ilə salınan yollar, xiyabanlar, binalarla yanaşı, gözəl restoranlar da fəaliyyət göstərir. Təsadüfən oturduğumuz bir taksi sürücüsündən ən yaxşı restoranlardan birinə bizi aparmağı xahiş etdik. Taksi demişkən, qeyd edim ki, şəhərdə işləyən taksilər Naxçıvanın yerli istehsalı olan “NAZ Lifan” maşınlarıdır. Təzə və səliqəli olan həmin maşınlara oturub şəhərin daxilində hara getsən, 2 manatdan artıq pul almayacaqlar. Taksi sürücüsü bizə “Nuh yurdu” adlanan restoranı məsləhət gördü. Naxçıvanda olduğumuz restoranlarda diqqətimi bir məqam xüsusilə cəlb etdi. Restoranların ən mənzərəli yerlərində ailəvi gələnlər üçün yer ayrılır. Kimsə ailəsiz, dostları ilə gəlib hətta bir oturmaqla 1000 manat hesab verməyə hazır olsa belə, ona həmin yerdə məskən salmağa icazə vermirlər. Bu prinsipə dəmir qayda kimi əməl olunur.
“Nuh yurdu” restoranı çox mənzərəlidir və zövqlə inşa olunub. Sifariş verdiyimiz zaman ancaq Naxçıvanın yerli məhsullarını istədik. Şahidi olduq ki, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada nə desən, istehsal olunur. Yerli pivənin, arağın, mineral suların, balığın və dondurmanın dadına söz ola bilməzdi. Xidmət personalı ilə bağlı xoşuma gələn başqa bir məqam bu oldu ki, ofisiantlar nisbətən bahalı sifarişin qiymətini müştəriyə bəri başdan deyir. Yəni hiss olunur ki, qonaqlara xüsusi hörmət var, heç kim onların narazı qalmasını və ya aldadılmasını istəmir.
Şərurun Gümüşgölü
Sən demə, qismətimizdə inzibati ərazi vahidinə görə Naxçıvanın ən böyük rayonu olan Şəruru da görmək var imiş. Oradan olan dostların dəvəti ilə Şərurda olduq. Rayonun bütün görməli yerlərini gəzdik. Rayon mərkəzinə, demək olar ki, bitişik olan Yengicə kəndində tikilən möhtəşəm orta məktəb binasının əzəməti məni çox təəccübləndirdi. Bir neçə dəfə desələr də, həmin binanın məktəb olduğuna inanmadım. İlk görünüşdən əzəməti və səliqəsilə seçilən binanın hansısa dövlət qurumu və ya institut olduğunu zənn etdim. Gəzdikcə gördüm ki, bütün kəndlərdə əhali sayına uyğun olan təzə məktəb binaları və kənd mərkəzləri tikilib. Sonra Şərurun simvolu sayılan Gümüşgölə getdik. Buradakı Arpaçay üzərində Naxçıvanın elektrik enerjisinə olan ehtiyacının bir qismini ödəyən iki su elektrik stansiyası tikilib.
Naxçıvanda çox rast gəlinən iranlı turistlər
Qeyd edim ki, Naxçıvanda həddən artıq çox iranlı turist gördüm. Naxçıvanın “Atabəylər” deyilən məhəlləsindəki bir restoranda təsadüfən rastlaşdığım ixtisasca rejissor olan iranlı turistlə qısa dialoqumuz oldu. Onun Naxçıvan barədə təəssüratları ilə maraqlandım. Cavabı məni təəccübləndirdi: “Elə bilirəm ki, Təbrizdəyəm”. Azərbaycanın başqa yerlərində olub-olmaması ilə maraqlandım. Gördüm ki, gəzmədiyi yer qalmayıb. Yaşlı turist dedi ki, yalnız burada özünü Təbrizdəki kimi rahat hiss edir. Bəlkə də, bu sözün deyildiyi məkan bu fikirlərin səsləndirilməsinə öz təsirini göstərirdi. Elə bu vaxt beynimdə tarixə ekskurs etdim və bu qənaətə gəldim ki, Atabəylərin adını daşıyan məhəllədəki söhbətimiz təsadüfən belə şirin alınmır. 12-ci əsrdə mövcud olan bu adda dövlətin paytaxtı həm Təbriz, həm də Naxçıvan olub. Yəqin təəssüratın formalaşmasında bu cazibənin də xüsusi rolu var imiş.
Muxtar respublikada qaldığım oteldə Avropa ölkələrindən olan turistlərə də rast gəldim. Onlar Naxçıvanda çoxlu sayda qədim abidələrin və muzeylərin olmasından məmnunluq ifadə edirdilər. Yeganə gileyləri təyyarə biletinin baha olması ilə bağlı idi. Mən heç bilmirdim ki, əcnəbi vətəndaşlara Naxçıvana uçmaq üçün bilet fərqli qiymətə, özü də dollarla satılır. Bunu da bizim pula çevirəndə 200 manatdan artıq edir. Yaxşı olardı ki, AZAL blokada şəraitində yaşayan bir bölgəyə turizm axınının qarşısına maneə çəkməmək üçün bu istiqamətdə əməli bir iş görsün.
Ulu öndər Heydər Əliyevin yaşadığı bina
Mənim muxtar respublikada görmək istədiyim yerlərdən biri də ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda yaşadığı bina idi. Naxçıvan Dövlət Televiziyası ilə üzbəüz olan həmin səliqəli beşmərtəbəli binaya dahi siyasətçinin barelyefinin vurulduğunu gördüm və onun önündə durduğum tarixi əbədiləşdirmək üçün şəkil də çəkdirdim.
Naxçıvanda xüsusi önəm verilən məsələlərdən biri də ticarət obyektləri, restoranlara əcnəbi adların qoyulmasına olan qadağadır. Məsələn, Naxçıvanda dərman satılan yerlərin adı aptek deyil, əczaxana kimi yazılır. İsti havada Günəşdən qorunmaq üçün qadınların əlində çətir tutması isə məni lap təəccübləndirdi. Bunu yüksək mədəniyyətin nümunəsi kimi qəbul etdim. Çünki belə mənzərəyə dünyanın inkişaf etmiş şəhərlərində belə, nadir halda rast gəlinir.
Ordubad səfəri
Növbəti günümüzü isə Azərbaycanın ən qədim diyarlarından sayılan Ordubada səfərə sərf etdik. Tam məsuliyyətlə demək olar ki, Ordubadı dərindən tanımaq, oradakı tarixi yerlərlə tanış olmaq üçün bir neçə gün insana kifayət etməz. Ordubada girişdə qədim bir buzxana var. Bir neçə əsrin yadigarı olan həmin abidə ilə tanışlıqdan sonra bəlli oldu ki, qədimdə orada buz saxlayıblar. Hətta Naxçıvanın ən isti yay aylarında belə, orada buz olurmuş. Turistlərin böyük marağına səbəb olan həmin yerdə hazırda milli yeməklərin bişirildiyi restoran fəaliyyət göstərir. Məkanda Ordubad pitisini dadmaq üçün bir neçə metr yerin altına düşməlisən.
Ordubadda xristianların ibadəti üçün nəzərdə tutulan bir məbəd də var. Çar Rusiyası vaxtında həmin məbəd xristian əsgərlərin ibadət etməsi üçün tikilib. Belə abidənin ucqar bir dağ rayonunda bu günə kimi qorunub saxlanması əhalimizin multikultural dəyərlərə sadiqliyinin ən bariz nümunəsi sayıla bilər. Ordubadda “Qeysəriyyə” adlandırılan binada Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyət göstərir. “Qeysəriyyə”nin Ordubaddan başqa dünyanın daha iki yerində olduğunu dedilər. Muzeyin direktoru Vilayət Bağırov bizi tarixi binada olan bütün eksponatlarla tanış etdi. Tarixi keçmişlə müasirliyin yaddaşını özündə cəmləyən muzeylə tanışlıq Ordubad barədə ətraflı təsəvvür əldə etməyə çox kömək edir. Bir sözlə, Ordubada aid nə varsa, həmin muzeydə görmək olar.
Rayonun inzibati mərkəzi olan Ordubad şəhəri öz qədim görkəmini qoruyub saxlayıb. 7 məhəllədən ibarət olan şəhərin bütün məhəllə mərkəzləri eyni üslubda salınıb. Hər məhəllə mərkəzində çinar ağacı, çeşmə və məscid var. Deyilənə görə, qədim zamanlarda hər məhəllə bir növ istehsal üzrə ixtisaslaşıbmış. Orada işləyən fəhlələrin ibadətə getməsi vaxt aparmasın deyə, məhəllə mərkəzlərində deyilən şərait yaradılıb. Dübəndi çayı üzərində tikilən gözəl mənzərəsi olan çay evində Ordubad limonu ilə çay içmədinsə, hesab elə ki, Ordubadı görməyibsən.
Naxçıvanda bulvar da var
Təbiidir ki, şahidi olduğum bütün xoş mənzərələr özözünə yaranmayıb. Bu məsələdə zəhməti, əzmkar fəaliyyəti olan Naxçıvan Muxtar Respublikası rəhbərliyinin rolunu xüsusi vurğulamaq lazımdır. Bakıya yola düşəcəyimiz günü də boşa verməmək üçün həmin zamandan da maksimum istifadə etməyə çalışdıq. Eşidəndə ki, Naxçıvanda bulvar salınıb, inanmağım gəlmədi. Oranı görmək marağı məni bürüdü. Gedib deyilən məkana çatdıq. Uzunoba gölünün sahilində, doğrudan da, ən müasir infrastrukturu özündə birləşdirən gözəl bulvar salınıb. Bulvarı gəzib dolandıqdan sonra ətrafdakı restoranlardan birində gölün özündən tutulan balığın dadına baxdıq.
Muxtar respublikada olduğum bir neçə gün ərzində bir qənaətə gəldim: ailəvi istirahət etmək üçün ən ideal bir məkandır. Ancaq blokada şəraitində olan Naxçıvanın turizm potensialı dünyaya hələ lazımi şəkildə tanıdılmayıb.
Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı bu istiqamətdə əlindən gələni etməlidir.
Bakıya yola düşmək zamanı gəlib çatanda bəlli oldu ki, Batabata getməyə vaxt qalmayıb. Şahbuzun bir başqa aləm olduğunu deyirlər. Oraları görməyi isə növbəti səfərimizə saxladıq. Hava limanına gəlib Bakıya uçan təyyarəyə minəndə Bakıdakı əziyyəti çəkmədim. Müasir standartlara cavab verən gözləmə zalından birbaşa təyyarəyə oturub doyunca gəzib doya bilmədiyim qədim diyara əlvida dedim. Təbii ki, birdəfəlik yox!
Mahir MİRZƏYEV
Azinforum.az informasiya portalı