Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” 2016-cı il 26 iyul tarixli Sərəncamına uyğun olaraq, sentyabrın 26-da referendum keçiriləcəkdir. İki aya yaxındır ki, ölkəmizdə referenduma hazırlıq işləri görülür. Bəs Naxçıvan Muxtar Respublikasında vəziyyət necədir? Muxtar respublika referenduma hazırdırmı? Bu və bu kimi suallarımızı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov cavablandırır.
– Məhərrəm müəllim, referenduma artıq az vaxt qalır. Referendumun keçirilməsinə hazırlığın vəziyyəti barədə məlumat verməyinizi xahiş edirik.
– Referenduma hazırlığın ilkin mərhələsi seçici siyahılarının tərtib olunmasıdır. Yekun seçici siyahıları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Seçkilər İnformasiya Mərkəzində çap olunaraq məntəqə seçki komissiyalarına çatdırılmışdır. Seçici siyahıları üzrə aparılmış dəqiqləşdirmələrdən sonra muxtar respublikada 271938 aktiv seçki hüququna malik seçici qeydə alınmışdır. Onlardan 4003 nəfəri ilk dəfə səs verən vətəndaşlardır. Seçicilərin 137576 nəfəri, yəni 50,6 faizi kişi, 134362 nəfəri, yəni 49,4 faizi isə qadındır. 2015-ci il parlament seçkiləri ilə müqayisədə 2016-cı ildə muxtar respublika üzrə seçicilərin sayı 3475 nəfər, yəni 1,3 faiz artmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı referendumda 292 açıq və 24 qapalı olmaqla, 316 seçki məntəqəsi fəaliyyət göstərəcəkdir. Seçki məntəqələri üçün Seçki Məcəlləsi ilə tələb olunan şərait yaradılmışdır.
Məlumat üçün bildirim ki, referendumda istifadə olunan bülletenlər digər seçkilərdə istifadə olunan bülletenlərdən böyükdür. Təxmini hesablamalarımıza görə, bir seçici tərəfindən səsvermə kabinəsində seçki bülleteninin oxunması və ona işarə qoyulması 15-20 dəqiqə vaxt aparacaqdır. Bunu nəzərə alaraq seçki məntəqələrində səsvermə kabinələrinin və şəffaf seçki qutularının sayı əvvəlki seçkilərə nisbətən artırılmışdır.
Referendum üzrə təşviqat qruplarının referendumqabağı təbliğatlarının aparılması üçün şəhər və rayon mərkəzlərində açıq və qapalı yerlər müəyyən olunmuş, təşviqat qruplarının həmin yerlərdə seçicilərlə görüşlər keçirmələri üçün lazım olan bütün şərait yaradılmışdır.
2016-cı ildə muxtar respublikada fəaliyyət göstərən dairə seçki komissiyalarının tərkibi yenidən təsdiq olunduqdan sonra məntəqə seçki komissiyalarının da tərkibində əsaslı dəyişikliklər aparılmışdır. Belə ki, muxtar respublika üzrə seçkilərin hazırlanıb keçirilməsini təmin edən məntəqə seçki komissiyaları, ümumilikdə, 1752 nəfər üzvdən ibarətdir. Məntəqə seçki komissiyalarının tərkibində 173 nəfər xarici dil müəllimi təmsil olunur.
Bütün seçki komissiyalarının üzvləri üçün təlimlər keçirilmiş, referendum zamanı seçki komissiyalarının fəaliyyəti, rolu, görəcəkləri işlər barədə ətraflı məlumat verilmişdir.
– Gözəgörünməyən mürəkkəblərdən bu seçkilərdə də istifadə olunacaqmı?
– Bəli. Seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan məntəqə seçki komissiyasının üzvü seçki məntəqəsinə gələn hər bir seçicini səsvermə otağının girişində salamlayır, seçicilərin şəxsiyyətini təsdiqləyən müvafiq sənədini yoxlayır, ultrabənövşəyi lampa vasitəsilə seçicinin sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin gözəgörünməyən mürəkkəblə işarələnib-işarələnmədiyini yoxlayır və yəqin edir ki, seçici səs verməyib. Əgər seçicinin barmağı artıq mürəkkəblə işarələnmişsə, komissiyanın üzvü ondan dərhal məntəqəni tərk etməsini tələb edir.
– Əgər seçici barmağının mürəkkəblə işarələnməsindən imtina edərsə, bunun nəticəsi necə olacaq?
– Barmağının mürəkkəblə işarələnməsinə etiraz edən seçiciyə mürəkkəbin orqanizmə heç bir ziyanı olmadığı barədə məlumat verilir. Seçici yenə də etiraz edərsə, səsvermə bülleteninin verilməyəcəyi izah edilir. Əgər seçici fikrini dəyişməzsə, ondan seçki məntəqəsini tərk etməsi xahiş olunur. Bu barədə seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır.
– Seçici səs vermək üçün hansı sənədləri təqdim etməlidir?
– Seçici səs vermək üçün aşağıdakı sənədlərdən birini təqdim etməlidir: Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqəsini, qaçqın və məcburi köçkün vətəndaşlar şəxsiyyət vəsiqəsi yoxdursa, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqəni, həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular zabitin şəxsi vəsiqəsi və ya hərbi biletini, barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədi, azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəzaçəkən məhkumlar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənədi.
– Əgər seçici tələb olunan şəxsiyyəti təsdiq edən sənədi gətirməyibsə səs verə bilərmi?
– Səsvermə prosesində yuxarıda göstərilən sənədlərdən başqa, digər sənədlərdən istifadə etmək olmaz. Seçici şəxsiyyətini təsdiqləyən müvafiq sənədi özü ilə gətirməyibsə, məntəqə seçki komissiyasının seçicini qarşılayan və barmağının mürəkkəblə işarələnməsini yoxlayan üzvü həmin seçiciyə bu halda səs verməsinin qeyri-mümkünlüyünü və tələb olunan şəxsiyyəti təsdiqləyən sənədlə gəlməsini izah edir.
– Referendum bülleteni digər seçkilərdə tərtib olunan səsvermə bülletenlərindən fərqlənir. Xahiş edirik seçki bülleteninin doldurulma qaydasını izah edəsiniz.
– Konstitusiyada referenduma çıxarılan 29 maddə üzrə təklif olunan dəyişikliklər səsvermə bülletenində ayrı-ayrılıqda əks olunmuşdur. Bu 29 maddə bülletendə alt-alta sıralanmış və hər bir maddənin qarşısında “hə” və “yox” cavablarının altında boş kvadratlar qoyulmuşdur.
Seçici oxuduğu hər maddənin qarşısındakı cavab variantlarından, yəni “hə” və ya “yox” cavablarından birinin altındakı boş kvadrata qələmlə müəyyən bir işarə qoyur və yaxud kvadratın kənarına çıxmayacaq şəkildə içərisini qələmlə qaralayır.
Seçici bülleteni doldurarkən səsinin etibarsız sayılmasını istəmirsə, hər maddənin qarşısındakı “hə” və ya “yox” cavablarından yalnız birini işarələməlidir. Əgər seçici “hə” və ya “yox” cavablarının hər ikisinə işarə qoyarsa və ya heç bir cavaba işarə qoymazsa o zaman o maddə üzrə səsi etibarsız hesab olunur.
– Əgər seçici səsvermə bülletenini korlayarsa ona yeni bülleten verilə bilərmi?
– Seçici səsvermə bülletenini korlayıbsa, ona yeni bülleten verilməsini xahiş edə bilər. Seçici korlanmış səsvermə bülletenini ona bülleten vermiş məntəqə seçki komissiyasının üzvünə qaytarmalıdır. Səsvermə bülleteninin verilməsinə məsul olan komissiya üzvü korlanmış səsvermə bülletenini seçicidən alır, onu yarıdan kəsməklə ləğv edir və korlanmış səsvermə bülletenləri üçün nəzərdə tutulmuş ayrıca zərfə qoyur. Bundan sonra seçiciyə yeni səsvermə bülleteni verilir. Hər bir korlanmış səsvermə bülleteni barədə ayrıca akt tərtib edilir.
– Səsvermə günü müxtəlif səbəblərdən muxtar respublika ərazisində olmayan seçicilər necə səs verəcəklər?
– Seçicilər siyahısına daxil edilmiş, lakin hər hansı səbəbə görə səsvermə günü seçki məntəqəsində səs vermək imkanı olmayan seçici səsvermə gününə 3 gün qalanadək müvafiq məntəqə seçki komissiyasında qeydiyyatdançıxma (səsvermə) vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.
– Referendum günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən seçicilər necə səs verəcəklər?
– Səsvermə günü səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyən vətəndaşların daşınan səsvermə qutusu ilə səsvermə otağından kənarda səs vermək hüququ vardır. Səsvermə otağından kənarda səs vermək istəyən şəxslər səsvermə gününə qədər bu barədə məntəqə seçki komissiyasına yazılı və ya şifahi müraciət etməlidirlər. Bu halda onlara komissiya tərəfindən səsvermədə iştirak etmək imkanı yaradılır. Dairə seçki komissiyası səsvermə otağından kənarda səs vermək üçün məntəqə seçki komissiyasına edilmiş müraciətləri səsvermə gününə azı 12 saat qalmışadək təsdiq edir. Əgər seçici səsvermə otağından kənarda səs vermək üçün əvvəlcədən ərizə yazmayıbsa və yalnız şifahi müraciət edibsə, ərizəni onlara gəlmiş məntəqə seçki komissiyası üzvlərinin yanında yazmalıdır.
– Referendumda müşahidə kameralarından istifadə olunması nəzərdə tutulurmu?
– Bəli, muxtar respublikada fəaliyyət göstərən hər bir seçki dairəsinin 5 məntəqəsində olmaqla, cəmi 35 seçki məntəqəsində müşahidə kameraları quraşdırılmış, sınaqdan keçirilərək hazır vəziyyətə gətirilmişdir. Səsvermə günü həmin seçki məntəqələrində səsvermənin gedişini internet vasitəsilə izləmək mümkün olacaqdır.
– Məhərrəm müəllim, Naxçıvan Muxtar Respublikası referenduma tam hazırdır deyə bilərikmi?
– Referendumun keçirilməsi üçün seçki məntəqələri tam hazır vəziyyətə gətirilmişdir. Həm seçki məntəqələrinin maddi-texniki bazası, həm də komissiya üzvlərinin peşəkarlığı imkan verir ki, referendum azad və demokratik şəraitdə keçirilsin. Seçicilərdən xahiş edirik ki, referendum günü seçki məntəqələrinə gələrək öz seçki hüquqlarını azad və demokratik şəraitdə həyata keçirsinlər. 26 sentyabrda hər birinizi seçki məntəqələrində gözləyirik.
– Müsahibə üçün sağ olun.
Muxtar Məmmədov