25 Dekabr 2024, Çərşənbə

   Ulu öndər Heydər Əliyеv: Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.


Ölkəmizdə Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyimizin başlıca əlamətlərindən biri sayılır. Respublikamızda dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün lazımi tədbir həyata keçirilib. 2002-ci ilin 30 sentyabrında qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə görülən mühüm işlərdən biridir. Bu qanunla dövlət dilinin hüquqi statusu müəyyənləşdirilmişdir. Qanunda dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri, dövlət dilinin rəsmi mərasimlərdə, təhsil sahəsində, televiziya və radio yayımlarında, xüsusi adlarda, coğrafi obyektlərin adlarında, beynəlxalq yarışmalarda işlənməsi qaydaları öz əksini tapmışdır.

Hər hansı bir xalqın dilinin mükəmməl şəkildə formalaşması, onun ünsiyyət vasitəsinə çevrilməsi uzun tarixi prosesin nəticəsində mümkündür. Azərbaycan dili də çox qədimlərdə formalaşmış, min illərin dil çeşməsində durularaq və sınaqlardan keçərək zənginləşmişdir. Azərbaycan xalqı ana dilimizin saflığını qorumuş, bu dildə əfsanələr, rəvayətlər, dastanlar yaradaraq bu günə çatdırmışdır.

Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlı olduğu üçün dil dövlətçiliyin əsas aparıcı atributlarından biri hesab olunur. Dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur”, – deyən ulu­ öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir. Dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsası kimi həmişə diqqət mərkəzində saxlamış, 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi xüsusi maddədə göstərilməsinə nail olmuşdur.
Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur. Azərbaycan dilinə və ümumiyyətlə, Azərbaycan dilçilərinin əməyinə verilən qiymət və onlara göstərilən qayğı ölkəmizin keçmiş sovet məkanında, eyni zamanda beynəlxalq elm aləmində türkologiyanın mərkəzlərindən biri kimi tanınmasına gətirib çıxarmışdır.
Dahi rəhbər siyasi hakimiyyətə ikinci qayıdışından sonra da ana dilimizin qorunması və inkişafı istiqamətində mühüm qərarlar qəbul etmiş, dilimizin dünya azərbaycanlıları arasında milli-mənəvi körpü olması üçün daim mübarizə aparmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi öz təsbitini tapmışdır. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir. Belə ki, ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı ilə ölkəmizdə kiril əlifbasından istifadəyə son qoyulmuş, latın qrafikası tətbiq olunmuşdur.
Ümummilli liderin ideyalarını bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi doğma dilimizə və əlifbamıza dərin ehtiramın ifadəsidir. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etmişdir. Dövlət başçısının sonrakı sərəncamları əsasında 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirmişdir.
Ölkə Prezidentinin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkə­də dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Dövlət proqramında Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, tele­viziya və radiolarda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dilimizin başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq”.
Bu gün Naxçıvan Muxtar Respublikasında da dövlət dil siyasəti uğurla həyata keçirilir. Naxçıvan şəhərində “Ana dili” abidəsi ucaldılmışdır. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan ­Ensiklopediyası”, “Naxçıvan Abi­­də­ləri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfədir.
Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, beynəlxalq aləmə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət dil siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün hamımızdan Azərbaycan dilinə münasibətdə, dilimizin saflığının qorunmasında vətəndaşlıq mövqeyi tələb olunur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR