25 Dekabr 2024, Çərşənbə

(Yeddinci və sonuncu yazı)

“Zor bulağ”ın suyundan bir ovuc da içib maşına əyləşirəm. Sürücü mühərriki işə salır. İndi dağlardan üzüaşağı qayıdacağıq. Amma hələ bu ətrafda görməli, baxmalı çox yerlər var. Ona görə üzümə baxan sürücüyə deyirəm:
– Heç buralardan ayrılmaq istəmirəm. Gəl bu ətrafı da bir az dolaşaq. O da gülümsəyib yerli ləhcəylə:
– Baş üstə, müəllim! – deyir.
Maşınımız gölün kənarı ilə hərəkət edir. Mənə elə gəlir ki, Üzən ada qarışıq, bu ərazi bir sükuta qərq olub, ayrılıq sükutuna. Öz-özümə deyirəm ki, sorağına uçub gəldiyim bu yerlər deyəsən məndən, mənim kimi qonaqdan ayrılmaq istəmirlər. Mənim onları necə özlədiyimi duyub onlar da mənə bir sevgi bağışlayırlar. Bax o sevginin, o duyğusallığın içərisində dolanırıq gölün başına. Yamacda gözəl bir bağ var. Ağaclar və o ağacların arasındakı kənardan diqqəti çəkən səliqə-sahman məni daha artıq maraqlandırır. Elə bu vaxt diqqətimi qoyun sürüsü çəkir. Çoban itləri, çobanın cilovundan tutduğu atı və bir də sürünün önündə ağaclara, kol-kosa dırmaşa-dırmaşa özünü ora-bura vuran keçilər… Mütləq onlarla söhbət etməliyəm. Ona görə də uzaqdan çobanı səsləyirəm. Başını qaldırıb əliylə məni salamlayır:

– Bərəkətli olsun! – deyirəm. O da, öz növbəsində, mənə “sağ ol” göndərir. Elə uzaqdan etdiyimiz bu söhbət, yəni barmaqsayı kəlmələr bizi bir az yaxınlaşdırır. Onun əlini sıxıram, güzəranını soruşuram. Çox ağayana, həm də daxili bir məmnunluqla cavab verir:
– Çox şükür, hər şey yaxşıdır. Davarlarımız da Allaha şükür bu il o qədər də bizə əziyyət verməyib. Ot-ələfi var, örüş var, su var...
Mən elə bu sözdən yapışıb:
– Bəs ağartı, pendir, süd, qatıq?..
– Min bərəkət, heç nədən korluğumuz yoxdu. Gedək qonağım olun. İstərsən çəpiş kəsərəm, istərsən quzu.
Mən kənd adamının, xüsusilə çoban tayfasının necə səxavətli olduğunu bilirəm. Ona görə də dəvətin ürəkdən gəldiyinə də inanıram və:
– Sağ ol, qardaş! – deyirəm. Məmnuniyyətlə gedərdik. Amma vaxtımız azdı, gəzib görməli yerlər isə çox. İnşallah, bir də yolum bu tərəfə düşəndə mütləq qonağın olacam. Elə bu sözlərlə də çobanın əlini sıxıb sağollaşırıq.
Bəli, dağlara qalxan yolla indi dağlardan üzüaşağı gəlirik. Yol kənarlarındakı lövhələrə diqqət yetirirəm. Bu lövhələrdə qoruq zonasından, təbiəti sevməkdən bəhs edən fikirlərə rast gəlmək mümkündür. Meşənin içərisindəki “Söyüdlü bulağ”ın önündə dayanırıq. Suyu o qədər gurdu ki, əlini qarşısında saxlamaq olmur. Soyuqluğu, dadı-tamı da ki, bir başqa aləm. Bax elə o bulağın önündən üzüaşağı, dərə boyu boylanıram. Bir yaşıllıq sanki evləri də, dağı-daşı da qucağına alıb bələyib. Və ancaq onun bələyi gül-çiçəkdi, gözəllikdi. Biz üzüaşağı enəndə diqqətimi bir yol nişanı çəkir. Burada Qızıl Qışlaq kəndi yazılıb. Mən sürücüyə bu kənd haqqında məlumat verirəm. O, əvvəlkindən də təəccüblü bir şəkildə:
– Müəllim, siz naxçıvanlısınız? – deyə soruşur.
Mən də çox ciddi şəkildə:
– Bəli, – deyirəm.
O, bir az da təəccüblənir və mən izah etmək məcburiyyətində qalıram:
– Qardaş, ruhun harda rahatdısa, könlün-gözün haranı sevirsə, özünü harda göz açdığın torpaqda olduğun kimi görürsənsə, deməli, sən həm də oralısan. Bax bu dağların, bu çayların oxşarını mən Qarabağda görmüşəm. Orda yaşayanda bu yerlərin həsrətini çəkmişəm. Daha doğrusu, buraları gəlib görmək istəmişəm. İndi qismət olub, gəzirəm, görürəm. Deməli, həm də istəyimin, arzumun vətənindəyəm. İndi bildinmi ki, mən də naxçıvanlıyam.
Sürücü bu dəfə lap ürəkdən gülüb:
– Müəllim, bir az qəliz danışdınız. Amma siz, doğrudan da, naxçıvanlısınız, – deyir.
Hə, bu da Kükü kəndi. Kəndin qəribə bir mənzərəsi var. Məktəbi, inzibati binaları həqiqətən adamın gözünü çəkir. Yoluna, cığırına söz yoxdu. Hələ internetdən oxumuşdum ki, bu kənddə qırx bulaq var, hərəsi də bir səmtdən qaynayır. Bu kəndin arıçıları, yəni buranın balı dillər əzbəridi. Tərəvəzi də onun kimi. Alması da adladı. Mən eləcə yol kənarındakı evlərin həyətlərinə boylanıram. Yarpaqlar yavaş-yavaş saralır. Ağaclarda alma, armud, qoz gözə dəyir. Bu mənzərənin içərisində olarkən sürücünün səsi məni ayıldır.
– Müəlim, bəlkə, qabaqda bir çay içək?
– Olar, – deyirəm. Amma ürəyimdə “Zor bulağ”ın suyundan sonra çayın nə dadacağını düşünə bilmirəm. Heç o dadı itirmək istəmirəm. Sadəcə, etika xatirinə razılıq verirəm. Maşınımız ailəvi istirahət mərkəzi yazılmış əraziyə daxil olur. Sürücü elə girişdə maşını saxlayır:
– Siz bir ətrafı gəzin, mən də samovar çayı sifariş verim, – deyir.
Mən Naxçıvanda olduğum bu iki gün ərzində ikinci dəfə bu cür səliqəli, həm də təbii bir guşəyə qonaq oluram. Burda elə bil ki, hər şey öz-özündən bitib, öz-özündən boy veribdi. Sadəcə, insanlar dincəlmək üçün quraşdırdıqları qurğuların, stolların yanına daş plitələrdən cığırlar çəkiblər. Bir də yeməkxananın önü asfaltlanıb. Qalan hər şey təbii yaşıl otluqdu. Ağacların başı, yalan olmasın, buludlara söykənib. Özü də hər cür ağac var. Xan çinardan tutmuş cır alçaya qədər. Biz çay boyu gəzirik. Burda balıq yetişdirirlər. Balıqlar çayın içərisində qurulmuş maneəni aşıb gedə bilmirlər. Elə oradaca yemlənib, oradaca böyüyürlər. Həm dağ çayının suyuyla, həm də onları becərənlərin verdikləri yemlə. Balıqlara diqqətlə baxdığımızı görən bir nəfər bizə yaxınlaşır. Salamlaşırıq. O da qonaq olduğumuzu hiss edib bizi ətraflı məlumatlandırır. Burdakı balaca qonaq evlərini göstərir. Bildirir ki, şəhərdən ailəvi gələnlər gecələr bu evlərdə qalırlar. Burda uşaqlar üçün hər cür şərait yaradılıb. Böyüklərin də arzuladığı təbiət ovuc içindədi.
Xan çinarın dibində, yaşıl otların üstündə yaşı ən azı 60-ı keçmiş bir mis samovar buğlanır. Üstündə də dəm çayniki. Süfrəyə Naxçıvan mürəbbələri və qənd, konfet qoyulur. Qaysı mürəbbəsini qoyub kim burda qəndlə çay içər ki? Az qala samovarın yarısın içmişik. Sürücü gözucu saatına baxır. Onu başa düşürəm, getmək vaxtıdı. Qalxıb çayın pulunu ödəyirəm.
Bəli, sürücü maşını işə salıb magistrala çıxanda hara gedəcəyimizi soruşur. Deyirəm ki, Duzdağına. Maşınımız sürətlə irəliləyir. Dağlarda bir xeyli vaxt itirdiyimiz üçün sürücü zamanı qabaqlamağa çalışdı. Amma mümkün olan iş deyil. Zamanı qabaqlamaq üçün gərək zamanın özündən qabaqda olasan. O da dahilərə nəsib olan işdi. Biz isə…
Naxçıvan şəhərinin içərisindən keçib məhz Şahbuza gedərkən ayrılan yolun indi də Şərur istiqamətinə gedirik. Şəhərdən 10-12 kilometr aralıda yerləşən Duzdağ Fizioterapiya Mərkəzi kənardan diqqəti çəkir. Bu mərkəzə gedən yol da ayrı bir aləmdi. Dəniz səviyyəsindən, təqribən, 1200 metr yüksəklikdə olan bu yerdə hər şey adamda çox qəribə bir duyğu yaradır. Xüsusilə yolun sağında və solunda parıldayan yamaclar elə bil ki, Günəşi əks etdirir. Sanki dağa almaz qırıntıları səpilib. Hiss edirəm ki, bunlar duz qırıqlarıdı. Bax o parıltının içərisində mərkəzə yaxınlaşıb özümüzü təqdim edirik. Əynimizə ağ xalat geyinib duz tuneliylə – yerin altıyla hər şeyi gözümüzə köçürə-köçürə gəzirik… xəstələrə şəfa diləyirik… burda çalışanlara uğurlar deyirik. Və bir neçə dəqiqəlik yerin altındakı bu mərkəzdə oturacaqda əyləşirik. Havadan doymaq olmur. Mən bilirəm ki, nə vaxtsa bu mövzunu bir də yazacam. Çünki Duzdağı, bir sözlə, bir görüşlə ifadə etmək mümkün deyil. Amma indi:

Dolubdu ürəyim, qan var gözümdə
Kükrəyən, qovrulan can var gözümdə
Elə bil bir Qanlı Yanvar gözümdə –
Ağlayıb isladır sinəm duzlağı –
Duzdağı!

Möcüzən hökm edir diz üstə çöküm,
Duz üstə gözümün yaşını töküm.
Başıma haranın daşını töküm,
Görə bilmirəmsə qəmdən uzağı? –
Duzdağı!

Yüyürdüm – yoruldum, qaçdım – yoruldum
Bir açıq qapını açdım, yoruldum.
Sevgiyə, sevincə acdım – yoruldum!
Həsrətdi başıma açan tuzağı –
Duzdağı!

Ümid qapısısan şəfa ünvanlı,
Göynəyən sinəyə dəva ünvanlı,
Nəfəssən – ən təmiz hava ünvanlı
Olmusan bu yurda həm də üz ağı –
Duzdağı!

Vermisən torpaqla kürək-kürəyə
Qatmısan dadını sözə, çörəyə!
Sən ki, dağ deyilsən sevən ürəyə,
Şöhrətsən, nemətsən bizə, duz dağı –
Duzdağı!

Bəli, “yeraltı dünya” saydığım və əsl həqiqətdə elə möcüzəli bir aləm olan Duzdağ mərkəzindən çox xoş bir təəssüratla ayrılıb maşına yaxınlaşıram. Və sürücünün gözlərindən oxuyuram ki, onun çox da gəzməyə həvəsi yoxdu. Çünki bir gün öncə axşam qonaqları olacağını söyləmişdi. Necə deyərlər, arifə bir işarə vurmuşdu. Ona görə digər görməli yerləri gəzmək fikrimdən daşınmalı oldum və üzümə baxan sürücüyə “şəhərə gedək”, – dedim...
Yolüstü diqqətimi çəkən qarpız, yemiş topaları bir anlıq içimdə bir istək yaratdı. Məşhur Sabirabad qarpızından sonra Naxçıvan qarpızının, yemişinin dadına baxmaq, məncə, pis olmazdı. Sürücüdən xahiş edirəm, maşını yolun kənarına çəkir. Düşüb qarpız, yemiş satan oğlana yaxınlaşırıq. Qiymətlər çox da baha deyil. Ondan bir qarpız, bir yemiş çəkməsini xahiş edirəm. Bu işdə sürücü də ona köməklik göstərir. Onun fikrincə, qarpızın, yemişin ən yaxşısını seçib alırıq. Otelə dönürük. Qarpızı, yemişi otağa qaldırıram. Əl-üzümü yuyub pəncərə önündə dayanıram. Axşama, yəni günün sonuna, təqribən, iki saat vaxt qalır. Bu iki saatı gəzmək olardı. Amma neyləyim ki, belə alındı. Bu düşüncələr içərisində öz-özümə qərar verdim ki, elə buradaca gördüklərimin, duyduqlarımın qeydlərini aparım. Şəhərə qayıdanda işim asan olsun. Kağız-qələm götürdüm. Bugünkü təəssüratımın qeydlərini yazmaq istədim… Alınmadı!
Çünki Batabata qalxanda keçib getdiyim yol mənə doğulduğum kəndin yolunu, saysız-hesabsız gediş-gəlişim olan Şuşa dolamalarını xatırlatdı. Xəyalım bir anlıq o yerlərə uçub getdi. Özüm də bilmədən Batabat yolu ilə Şuşa dolaylarını, həmçinin kəndimin yolunu bir paralelləşdirdim. Nə qədər də bir-birinə oxşayırdı. Özümdən asılı olmadan içimdən bir dua gəldi: Allah bizə rəhm etsin! Heç vaxt Batabata gedən yolla düşmən, eləcə də namərd bir kimsə gəlib keçməsin! Şuşa dolaylarının taleyi, kəndimin yolunun aqibəti bu yerlərdə yaşanmasın!

Bir küskün ürəklə çıxmışdım yola
Kirpiyim nəm çəkdi, şehdən ağladım…
Küləyi qoymurdum saçımı yola –
Burdasa bir xəfif mehdən ağladım…

Yuxuda gördükcə əsir kəndimi
Zaman bağlayırdı bərə-bəndimi…
Əlincə dikəltdi sınıq qəddimi –
İçimdən perikən “ehh”dən ağladım!

Edib ürəyimin ziyarətini
Daddım “Zor bulağ”ın bal-şərbətini!
Hər kəsin məhəbbət, var sərvətini –
Alıb, bir ömürlük behdən ağladım!..

Öz duama özüm “amin” dedim. Və onu da xatırladım ki, bəzən rayon qəzetində işləyəndə işdən gec çıxıb avtobusu “qaçıranda” kəndə 17 kilometrlik yolun çox böyük hissəsini, bəzən də lap sonacan o qədər piyada getmişəm ki, ona görə də hər kol, hər daş mənə əzizdi. Batabatda göl kənarında gəzib-dolaşanda da, üzü Dərələyəzə tərəf dırmaşıb baxanda da mən eyni hissləri yaşamışdım. İndi otel otağında qeydlərimi yazmaq istəyəndə də həmin hissləri təkrar yaşadım… Yox, yaza bilmirəm! Durub şəhərə düşürəm. Gəzə-gəzə oteldən üzüaşağı, yəni istirahət parkına tərəf gedirəm. Şəhərin içərisindəki səliqə-sahmanın barəsində təkrar heç nə demək fikrində deyiləm. Sadəcə, burada rastlaşdığım bir məqamı xüsusi olaraq vurğulamalıyam. O da sürücü və piyada mədəniyyətidi. Təsəvvür edin ki, piyadaların, demək olar ki, hamısı yolu onlar üçün işarələnmiş yerdən keçirlər. Sürücülər yolu keçmək istəyən piyadanı görəndə 20-30 metrlikdən maşını əyləməyə başlayırlar. İnanın ki, həmin məqamda özümdən asılı olmadan dedim:
– Gözünə dönüm Bakı, indi maşınlar nə şütüyərdi burda, piyada da güclə qaçıb canını qurtarardı... Siqnal səsləri də ki, cürbəcür… Nə isə…
Parka tərəf keçirəm. Adamlar ikibir, üçbir oturacaqlarda əyləşiblər. Və yaxud kimlərsə gəzişir. Uşaqlar da öz aləmlərindədi. Onların təbəssümü, gülüşü elə Bakıdakı kimidi. Çünki uşaqlar hər yerdə eynidi – şən, dəcəl, sevimli. Amma yaşlılar bir az fərqlidilər. Bilirsiniz nədə? Yəni mən burda ucadan danışan, başqasına öz səsiylə, davranışıyla problem yaradan bir kimsəyə rast gəlmədim. Hamı normal şəkildə söhbətini edir, hətta deyib-gülür də. Bu, artıq insanın özünün özünə hörmətidi. Mən belə başa düşdüm. Ona görə boş oturacaqların birində əyləşib siqaret çıxardım, yandırdım. Və gördüm ki, ətrafdakılar mənə bir az qəribə baxdılar. Öncə öz-özümə diqqət yetirdim. Birdən başa düşdüm ki, əyləşdiyim oturacağın yanında zibil qabı yoxdu. Ayağa qalxıb zibil qabı qoyulmuş yerə yaxınlaşıb siqareti orda çəkdim. Bu, həmin baxışların mənə iradı idi. Yəni ictimai qınaqdan dərs aldım və parkı gəzib-dolaşmaqda olduğum məqamda bir şey də mənim üçün maraqlı oldu. O da burada göstərilən mədəni xidmət idi. Adətən, uşaqlar istirahət parkında, əyləncə yerlərində meyvədən, şirniyyatdan istifadə edirlər. Burda da var idi. ­Amma valideynlər uşaqlarını gözdən qaçırmırdılar. Elə uşaqlar da valideynləri anlayırdı. Ona görə də atmaq istədikləri müəyyən bir şeyi dərhal valideynlərinə verirdilər. Böyüklər onları ya əllərindəki kisəyə qoyur, ya da yaxınlıqdakı zibil qutusuna atırdılar. Bu məqamda da Naxçıvanın təmizlik işlərinə baxanlara, yəni süpürgəçilərə ölkənin digər şəhərlərindəki həmkarlarının necə həsəd aparacağına heç şübhəm qalmadı…
Mən Naxçıvan şəhərində, demək olar ki, əksər inzibati binaların önündən keçdim. Hamısı müasir, hamısı səliqəli və hamısı da bir-birini tamamlayan bir formada, özü də hasarsız. Bu binalar bir kompleks yaradır. Bu kompleks də təbii ki, adamın gözünü yormur. Əksinə, onun həm yadda qalmasına, həm də xarici görkəmiylə barəsində eşitdiyim sözlərin üst-üstə düşməsinə imkan verir...
Gəzə-gəzə bir-iki marketə də baş çəkdim. Aldığım siqaret və bir də bir-iki ədəd “Badamlı” oldu. Hiss etdim ki, marketlərdə kənardan gələn müştəriləri dərhal tanıyırlar. Bu, məndə bir maraq yaratdı. Satıcı oğlandan ərkyana şəkildə soruşdum:
– Deyəsən, qonaqları dərhal tanıyırsınız.
Gülümsəyərək dedi:
– Əlbəttə, birinci onların ləhcəsindən hiss olunur, ikincisi də davranışlarından. Ümumiyyətlə, ən çox İrandan qonaqlar gəlir. Başqa millətlərin nümayəndələri daha çox ingilis dilində, bir də bir-iki rus sözləri işlətməklə nə istədiklərini çatdırırlar…
Mən marketdə gördüyüm İran vətəndaşlarının əksəriyyəti qadınlar idi. Sanki azadlığa çıxmış bir şəkildə hay-küylə alış-veriş edirdilər.
Artıq saat 22-yə yaxınlaşır. Otelə qayıdıram. 13-cü mərtəbəyə qalxıb axşam yeməyi götürürəm. Bu “açıq büfe” restoranda xeyli adam var. Mən burda bir cavan oğlanla tanış olmuşam. Adı Elvindi. Dediyinə görə, Naxçıvanın ən ucqar kəndlərindən olan Tividəndi. Burada çalışır. Çox mədəni, yaşına görə diqqətcil, zirək, həm də ünsiyyətcil oğlandı. Elə ilk görüşdən dostlaşmışıq. Mən restorana daxil olan kimi dərhal yaxınlaşıb özü xidmət göstərməyə cəhd edir və mən də bu fürsətdən istifadə edib ona suallar verirəm. Naxçıvan barəsində soruşuram, işindən-gücündən xəbər tutmağa çalışıram. O da məmnuniyyətlə cavab verir və bildirir ki, ən yüksək nöqtədə yerləşən kəndlərinin yolları da, abadlığı da çox yüksək səviyyədədi. Onun dediyinə görə, Ali Məclisin Sədri dəfələrlə bu kənddə olub. Orada xidmət keçən əsgərlərimizlə görüşüb. Suallarımın cavabında Elvin söylədi ki, burada işləyib ailəsinə kömək edir. İnşallah, özü də ali təhsil almaq niyyətindədi. Mən ona uğurlar diləyirəm…
Otağa qayıdıram. Səhərə qədər düşünürəm. Naxçıvanda tarix və ədəbiyyat muzeylərini, Cəlil Məmmədquluzadənin ev-muzeyini, Bəhruz Kəngərli Muzeyini, Arpaçayı, Gəmiqayanı, daha haraları görə bilmədim. Amma ümidsiz deyiləm. Düşünürəm ki, nə vaxtsa dəyərli dostlardan kimsə ya dəvət edər, ya dəstək verər gedib Naxçıvanın payızını da, qışını da, yazını da görərəm. Görmədiyim, amma arzusunda olduğum Məmməd Arazın ev-muzeyini ziyarət edərəm. Ümumiyyətlə, bu torpağı gəzib onun suyunun, havasının, bar-bərəkətinin bütün ləzzətini varlığıma hopduraram. Çünki mən torpaq acıyam, torpaq həsrətlisiyəm. Naxçıvanda olanda o həsrəti bir az ovuda bildim. Elə buna görə də burda gördüklərimin hamısını bacardığım kimi kağıza da köçürmək istədim. Bilmədim alındı, yoxsa yox, amma mən daxilən bu anın özündə də özümü o torpağa doğma sayıram, ruhumu orda görürəm. Və üzümü ordakı dostlara tutub deyirəm:

Mən xəyal qurmuşdum gəlməzdən öncə
Gəldim xəyaldan da gerçəyi gördüm…
Bu qədim torpağa enib, düşüncə –
Göydən seyr etdiyim göyçəyi gördüm!

Dörd yandan üzümə güldü yaşıllıq
Özümü hiss etdim Cənnət bağında!
Xəyalla gerçəklik düşdü qarışıq –
Hava limanında – bu sübh çağında!

Küçələr ürək tək geniş, işıqlı
Abadlıq boyuna biçilmiş şəhər…
Mənə elə gəldi bütün dünyaya –
Burdan baxır Günəş – açılır səhər!

Fikrimdə keçmişi, gəzdim bu günün
Tarixə baş çəkdim mən Naxçıvanda!
Gəlibdi dilimə qoy deyim düzün –
İş bilən başdadı Nəqşi-cahanda!

Bəli, bu gün Naxçıvanla bağlı, hələlik, sonuncu yazını yazdım. Amma bu, mənim inancıma görə sonuncu deyil. Yəqin ki, nə vaxtsa görüşəcəyik!

Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist, şair, publisist
“Ədalət” qəzeti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR