25 Dekabr 2024, Çərşənbə

Kompleks quruculuq tədbirləri aparılmış Məzrə kəndindən reportaj

Babək rayonunun daha bir yaşayış məntəqəsi – Məzrə də hərtərəfli dövlət qayğısı hesabına müasir Azərbaycan kəndinə çevrilib. Məlumat üçün bildirək ki, bundan bir qədər əvvəl Xəlilli və Yarımca kəndlərində kompleks quruculuq tədbirləri həyata keçirilib, bir neçə obyekt inşa olunaraq istifadəyə verilib. Hazırda Hacıvar və Badaşqan yaşayış məntəqələrində quruculuq tədbirləri aparılır. Davamlı xarakter alan belə tədbirlər hesabına rayonun əksər kəndləri öz simasını tamamilə dəyişib. Son vaxtlara qədər Məzrə də, necə deyərlər, gözdənuzaq, könüldəniraq yaşayış məntəqələrindən biri olub. Kəndin dövlət qurumları pərakəndə şəkildə fəaliyyət göstəriblər. Buradakı məktəb binası müasir tələblərə cavab verməyib. Səhiyyə xidməti aşağı səviyyədə, kəndin yolları bərbad vəziyyətdə olub. Ancaq muxtar respublikada quruculuq tədbirlərinə başlanılanda və getdikcə coğrafiyası genişlənəndə məzrəlilər burada da belə tədbirlərin həyata keçiriləcəyinə inanıblar və bu gün qürur hissi keçirirlər ki, artıq Məzrə də onların arzuladıqları yaşayış məntəqəsidir.

 Yeni obyektlərin açılış mərasimində çıxış edən Ali Məclisin Sədri kənd adamlarına öz tövsiyələrini verərək deyib: “Məzrə kəndində həyata keçirilən quruculuq işləri insanların rahat yaşamasına xidmət edir. Vaxtilə kənddə bir çox sahədə problemlər mövcud idi. Lakin bu gün Məzrə müasir Azərbaycan kəndinə nümunədir. Kənddə bütün sosial problemlər həll edilmiş, yeni yol, məktəb binası, kənd mərkəzi, feldşer-mama məntəqəsi, xidmət mərkəzi istifadəyə verilmiş, müasir rabitə sistemi qurulmuş, sürətli internetdən istifadə imkanları yaradılmışdır. Kəndlərdə həyata keçirilən tədbirlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının daha bir ifadəsidir. Sakinlər bu qayğıdan səmərəli istifadə etməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, məskunlaşma artmalıdır”.

Bir sözlə, şəhərlə kənd arasında olan fərqin aradan götürülməsini bu kəndin timsalında bütün çalarları ilə görmək mümkündür. Bunu bir azdan həmsöhbət olacağımız insanlar da təsdiq edəcəklər.
Budur, kənd məktəbinin və mərkəzinin yerləşdiyi böyük ərazidə qarşımıza iki nəfər çıxır. Bir cavan oğlan yaşlı bir qadının qoluna girib. Şirin-şirin söhbət edirlər. Valentina İqnatyevna Rusiya Federasiyasının vətəndaşıdır. Onun qızı 20 il bundan əvvəl məzrəli bir gənclə – Bəhlul Həsənovla ailə qurub. Buraya iki-üç ildən bir qızını və nəvələrini görməyə gəlir. Budəfəki gəlişində Məzrədə yaşamağı qərara alıb. Deyir ki, 80-ə yaxın yaşı var. İxtisasca mühəndis-texnoloqdur. Rusiyanın bir çox yerlərində olub, kəndlərini gəzib. Etiraf edir ki, Naxçıvanda gördükləri tamamilə başqadır. Burada həyata keçirilən belə tədbirləri insana qayğının ifadəsi kimi dəyərləndirən Valentina İqnatyevna onu da vurğulayır ki, bu kəndin təmiz suyu və havası, mehriban və səmimi insanları, müasir infrastrukturu var. Bura turistlər üçün ən gözəl məkandır.
Həmsöhbətim onu da dilə gətirir ki, Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqini eşidəndə buna inanmayıb. Məzrəyə gələrkən görüb ki, bu, həqiqətdir və kəndin bugünkü görkəmini əks etdirən fotoşəkilləri Rusiya Federasiyasında yaşayan qohumlarına göndərib.
Kənd məktəbinin müəllimi Vaqif İsayev söhbətə qoşulur: – Həmişə düşünürdüm ki, muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndləri belə, müasirləşdirilir, nə üçün Məzrədə belə tədbirlər görülmür? Deməli, hər şeyin öz vaxtı var. Artıq bu gün Məzrə də müasir kəndə çevrilib. Məktəb, kənd və xidmət mərkəzləri, kənd mərkəzində feldşer-mama məntəqəsi və digər qurumlar üçün müasir şərait yaradılmış iş otaqları öz qapılarını məzrəlilərin üzünə açıb.
Kəndin girəcəyində gözoxşayan 2 binadan biri kənd mərkəzi, digəri isə məktəb binasıdır.
– Məzrədə məktəb binası müasir layihə əsasında inşa olunub. Bu gün məktəbdə 138 şagird təhsil alır. 12 uşaq isə məktəbəqədər hazırlıq sinfinə qəbul edilib. Üç mərtəbədən ibarət olan binada üçü elektron lövhəli olmaqla, 15 sinif, kompüter, müəllimlər və şahmat otaqları, hərbi kabinə, 3 laboratoriya vardır. İstifadəyə verilən yeni bina 270 şagird yerlikdir. Bu isə o deməkdir ki, bir neçə onillik üçün Məzrə kəndində məktəb binasının böyüdülməsinə ehtiyac olmayacaq, – deyən icra nümayəndəsi Məhəmməd Quliyev bizə məktəbə baş çəkməyi məsləhət görür. Məktəbdə şaqraq uşaq səsləri hakimdir. Müəllim və şagirdlərin istifadəsinə verilən yeni bina onların hədsiz sevincinə səbəb olub. Məzrə kənd tam orta məktəbinin müəllimləri Əminə Rzayeva, Əzim Mirzəyev onlara yaradılmış bu şəraiti muxtar respublikada təhsilin inkişafına göstərilən qayğı kimi dəyərləndirirlər. Belə qayğının onların məsuliyyət hissini daha da artırdığını dilə gətirirlər.
Məktəbin direktoru Pəri Abdullayeva müəllimlərin öz vəzifə borclarına bundan sonra da layiqincə yanaşacaqlarına əminliyini vurğulayır. Deyir ki, bu gün bütün müəllimlərin qarşısında mühüm vəzifələr durur. Muxtar respublikanın qədim tarixini, mədəniyyətini, bugünkü inkişaf səviyyəsini şagirdlərimizə aşılamaq, onları vətənpərvər ruhda, dövlətimizə, dövlətçiliyimizə sədaqət prinsipləri əsasında tərbiyə etmək şərəfli və məsuliyyətli bir işdir.
Bu fikri kənd tam orta məktəbinin müəllimi Qürbət Orucov təsdiqləyərək deyir ki, bu gün onların üzərinə ikiqat vəzifə düşür. Biri odur ki, yaradılmış şəraitdən səmərəli istifadə etsinlər. İkincisi isə qurulanları, yaradılanları qoruyub saxlaya bilsinlər.
Məktəbdən çıxıb kəndi gəzirik. Kənd sakini Qabil Xələfovla görüşürük. O deyir ki, ömrüm boyu torpaqda çalışmışam. İndi də çalışıram. Dövlətimizin yaratdığı şəraitdən istifadə edərək ailəmlə birlikdə bizə verilən pay torpaq sahəsində əkinçiliklə məşğul olur, yaşayış səviyyəmizi yaxşılaşdırırıq. Bunun üçün dövlətimizə minnətdaram. Həm ona görə ki, dövlətimizin diqqət və qayğısı sayəsində kəndimiz müasir yaşayış məntəqəsinə çevrilib, həm də kənd sakinlərinin problemləri həll edilib, onların təsərrüfatın müxtəlif sahələrində çalışmalarına, məhsul bolluğu yaratmalarına şərait yaradılıb.
Kəndin 95 yaşlı sakini Abbas Quliyevlə tanış oluruq. Bu el ağsaqqalı sovet dönəmində kəndin kolxozunda çalışıb. Deyir ki, Məzrənin bu gününü görüb xeyli cavanlaşmışam. Bir kənddə bu qədər iş görmək kiçik məsələ deyil. Nəvələrim, bilirsinizmi, öz məktəblərindən necə razılıqla danışırlar? Mən də deyirəm ki, tikilənlərin qədrini bilin, müəllimlərinizin sözünə qulaq asın, dərslərinizi yaxşı oxuyun. Bu gün oxumaq zəmanəsidir. Sizə də yaxşı oxumaq üçün şərait yaradılıb. Bizim dövrümüzdə belə şərait yox idi. Bütün bunlar kənd adamlarına dövlətimizin ən böyük hədiyyəsidir.
Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində tibb bacısı vəzifəsində çalışan Gülnar Zamanova onlara belə şərait yaradıldığı üçün iş yoldaşları adından xeyli razılıq edir. Dünənə qədər darısqal və uyğunlaşdırılmış bir binada fəaliyyət göstərdiklərini xatırladır. Yeni səhiyyə ocağında kənd camaatına daha yüksək səviyyədə tibbi xidmət göstərəcəklərini bildirir.
Yolumuzu xidmət mərkəzindən salırıq. Mərkəzin qarşısında torpaq mülkiyyətçisi Kamil Sadiqov və başqaları ilə həmsöhbət oluruq. Kənd adamlarının dövlətimizə, dövlətçiliyimizə sədaqətini onların söhbətlərindən hiss etmək çətin deyil.
Nurəddin Muradov kəndin yaşlı sakinlərindən biridir. O, bütün bunları ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda insan amilinə, onun layiq olduğu səviyyədə yaşamasına göstərilən qayğı kimi dəyərləndirir:
– Muxtar respublikamız sürətlə inkişaf edir. Bunu hamımız görürük. Kəndlərimizin belə abadlaşdırılması da bu inkişafın nəticəsidir. İnkişaf olan yerdə insanların qurub-yaratmaq əzmi də yüksəlir. Bu inkişafın nəticəsidir ki, bir neçə il əvvəl kəndlərimizdə ya bir məktəb binası, ya həkim ambulatoriyası inşa olunurdusa, indi kompleks quruculuq işləri aparılır. Sevinirik ki, Məzrədə də bu işlər görülüb. Yollarımıza asfalt döşənib. Rabitə, elektrik və qaz xətləri yenidən çəkilib. Bu isə həm də məişət şəraitimizi yaxşılaşdırıb. Bunun üçün hər bir məzrəli dövlətimizə minnətdarlıq edir.

* * *

Bu gün Məzrə sanki həyata yenidən vəsiqə alıb. Elə əsl həqiqətdə də belədir. Köhnəlikdən əsər-əlamət qalmayıb. Bu, muxtar respublikada insan amilinə qayğı ilə yanaşı, həm də regionumuzda bərqərar olunmuş əmin-amanlığın, sosial-iqtisadi inkişafın bəhrəsidir.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR