Xəbər verdiyimiz kimi, sentyabrın 7-9-da Latviya və Litva respublikalarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Naxçıvan Muxtar Respublikasına səfərləri çərçivəsində muxtar respublikanın gəzməli-görməli yerləri, eləcə də təhsil, mədəniyyət, səhiyyə və istehsal müəssisələri ilə tanış olublar. Hər iki diplomat Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs:
– Mən artıq bir ildən çoxdur ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Bu müddətdə paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın bir çox bölgələrində olmuşam. Naxçıvana isə ilk səfərimdir. Səfərimizin əsas məqsədi Naxçıvanla tanış olmaq idi. Deyə bilərəm ki, bu regionla bağlı zəngin təəssüratlar ala bildik. Naxçıvanın həm qədim tarixi, həm də müasir inkişafı məni valeh etdi. Burada olarkən muzeyləri gəzdik, tarixi abidələrin yerləşdiyi ünvanlarda olduq. Gördük ki, Naxçıvan çox zəngin mədəni irsə malikdir. Məsələn, biz qədim Naxçıvan mədəniyyətinin bir parçası olan xalçalarla tanış olduq. Xalça muzeyində bizə bununla bağlı ətraflı məlumatlar verildi. Öyrəndik ki, xalça toxumaq ənənəsi indi də davam etdirilir. Digər tərəfdən Naxçıvanda biznesin inkişafı üçün münbit şəraitin yaradıldığını gördük. Şəhərdə yerləşən bir neçə istehsal müəssisəsini gəzdik. Yerli xammala əsaslanan bu müəssisələrin qurulması çox təqdirolunasıdır. Bir daha gördük ki, Naxçıvanın zəngin xammal mənbələri burada sənayenin inkişafında əsas istiqamət kimi götürülüb. Eyni zamanda muxtar respublikada kənd təsərrüfatının hərtərəfli inkişafı da bizim üçün diqqətçəkən sahələrdən oldu. Biz Naxçıvanın yerli sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxdıq. Keyfiyyəti ilə seçilən bu məhsulların gələcəkdə Latviya bazarına çıxarılması haqqında da düşünürük. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri ilə görüşümüzdə də bu barədə söhbət etmək imkanımız oldu. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Latviya arasında müxtəlif əməkdaşlıqların qurulmasına nail olacağıq.
Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskas:
– Mən də cənab Maklakovsun fikirləri ilə razıyam. Naxçıvana ikigünlük səfərimiz, həqiqətən, çox maraqlı keçdi. Baxmayaraq ki, bu, Naxçıvanı tanımaq üçün az bir vaxt idi. Naxçıvanda aldığım təəssüratlar uzun müddət yaddaşımdan silinməyəcək. Burada bütün sahələrin inkişaf etdiyini gördük. Məsələn, buradakı ali təhsil ocaqları ilə tanışlığımızda yeni, müasir infrastrukturun yaradıldığının şahidi olduq. Hiss olunur ki, Azərbaycan dövləti təhsilin inkişafına ciddi maraq göstərir. Bu, çox vacib məsələdir. Hesab edirəm ki, bu ali təhsil müəssisələri ilə Litva universitetləri arasında sıx əməkdaşlığın yaradılması müsbət nəticələr verər. Bundan əlavə, qeyd etmək istərdim ki, Naxçıvanın iqtisadi inkişafında burada yaradılmış işgüzar mühit böyük rol oynayır. İki gün ərzində biz muxtar respublikanın bir neçə istehsal müəssisəsində olduq. Yerli məhsulların sərgiləndiyi mərkəzlə tanışlıq bizdə xoş təəssürat yaratdı. Məlumatım var ki, Naxçıvanda çox dadlı-tamlı kənd təsərrüfatı məhsulları yetişdirilir. Muxtar respublikanın təbii iqlim şəraiti bu məhsulların davamlı istehsalına, məhsul həcminin daha da artırılmasına imkan verir. Daha çox xoşuma gələn isə Naxçıvanın təmizliyi və buranın təbiəti oldu. Hiss olunur ki, insanlar bu təmizliyi qoruyub saxlaya bilirlər. Muxtar respublikanın təbiəti isə özünəməxsusluğu ilə seçilir. Biz Batabat yaylağında, Ağbulaq kəndində olduq. Burada turizmin inkişafı üçün lazımi şərait yaradılıb. Ümumiyyətlə götürdükdə isə Naxçıvanın çox böyük turizm potensialı var. Biz burada rəsmilərlə görüşlər keçirdik, müxtəlif sahələrdə qarşılıqlı əməkdaşlığın vacibliyini vurğuladıq. Hesab edirəm ki, hər iki ölkənin bir-birini daha yaxından tanıması, qarşılıqlı əlaqələrin bütün sahələrdə yaradılması üçün yaxşı imkanlar var və bunu dəyərləndirməliyik.
Səbuhi Həsənov