Sentyabrın 9-da Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanış olub.
Burada qonağa məlumat verilərək bildirilib ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur. 2003-cü il iyun ayının 16-da ulu öndərimiz Heydər Əliyev böyük uzaqgörənliklə Şahbuz Dövlət Təbiət Qoruğunun yaradılması ilə bağlı Fərman imzalayıb. O vaxta qədər qoruq ərazisində olan heyvanların, quşların və bitkilərin bəzilərinin sayı az idi. Lakin qoruq elan olunan ərazidə dövlət qayğısı ilə həyata keçirilən tədbirlər, görülən işlər nəticəsində bu gün hətta nəsli kəsilməkdə olan heyvanların, quşların baş sayının artımı müşahidə olunmaqdadır. Fauna və floranın qorunması işində dövlət tərəfindən göstərilən qayğı ən böyük amildir.
Səfir Robert Sekuta Batabat yaylağındakı göllər ilə yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, bu hidroloji abidələr eyniadlı 3 su hövzəsindən ibarətdir. Ümumi su tutumu, təqribən, 3 milyon kubmetrdir. Məşhur Üzən ada, Zorbulaq da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Batabatın təbiət mənzərəsinə və buradakı hidroloji abidələrə heyranlığını ifadə edib.
Naxçıvan Günəş Elektrik Stansiyasında səfirə məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkəti arasında bağlanan müqaviləyə əsasən, Babək rayonunun Xal-xal kəndi yaxınlığında 20 meqavat gücündə Günəş elektrik stansiyası quraşdırılıb. Məqsəd muxtar respublikanın elektrik enerjisi tələbatının alternativ enerji mənbələri hesabına ödənilməsini təmin etmək və enerji təhlükəsizliyini daha da möhkəmləndirməkdən ibarətdir. Günəş elektrik stansiyası muxtar respublikanın enerji istehsalında alternativ enerji mənbələrinin ümumi payını xeyli artırıb, ucuz elektrik enerjisi istehsalına imkan verib.
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Naxçıvan Biznes Mərkəzində olub, burada yerli məhsulların nümayiş etdirildiyi sərgiyə baxıb.
Sentyabrın 9-da Robert Sekuta Naxçıvan Muxtar Respublikasına səfərinin nəticələri ilə bağlı muxtar respublikada fəaliyyət göstərən yerli və mərkəzi mətbuat nümayəndələrinə müsahibə verib, sualları cavablandırıb.
* * *
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta “Şərq qapısı” qəzetinə məxsusi müsahibə verib. Həmin müsahibəni oxucularımıza təqdim edirik:
– Siz muxtar respublikanın təbiət mənzərələri ilə tanış oldunuz. Naxçıvan Muxtar Respublikasında ekoturizmin inkişafı perspektivlərini necə qiymətləndirirsiniz?
– Əvvəlcə qeyd etmək istərdim ki, mən Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Həyat yoldaşım En xanımla mən Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini yüksək dəyərləndiririk. Biz Şahbuz Dövlət Təbiət Qoruğuna gedərkən yolboyu ətrafı seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət mənzərələri ilə qarşılaşdıq. Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisi isə bizi heyran etdi, bizdə buranın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də turizmin inkişafı üçün əsaslı zəmin yaradır. Burada ekoturizmin inkişaf etdirilməsi üçün geniş imkanlar var.
Xüsusən qeyd etmək istərdim ki, Şahbuz Dövlət Təbiət Qoruğu ilə tanışlıq insanda xoş təəssüratlar yaradır. Qoruq barədə ətraflı məlumat verildi. Buna görə minnətdaram. Qoruq ərazisindəki göldə olan Üzən ada, Zorbulaq və ətrafdakı təbiət mənzərələri özünün cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır.
Düşünürəm ki, Naxçıvanın təbiət mənzərələri gözəlliyi ilə seçilən Azərbaycanın vacib bir hissəsidir. Muxtar respublika heyranedici təbiət mənzərələri ilə zəngindir.
Amerikada biz bunu tam şəkildə anlayırıq ki, insanla təbiət qırılmaz tellərlə bir-birinə bağlıdır və bu bağlılıq çox vacibdir, əhəmiyyətlidir. Ona görə də təbiətin, ətraf mühitin qorunması böyük əhəmiyyət kəsb edir. Onun qorunması ümumi evimiz olan Yer kürəsinin qorunması deməkdir. Çünki dövlətlərin sərhədləri olsa da, təbiətin sərhədi yoxdur. Bu da reallıqdır ki, ətraf mühitin qorunmasında heç bir hökumət təkbaşına heç nə edə bilməz. Bu məsələ həmrəylik, birlik tələb edir. Təbiətin mühafizəsi hökumət nümayəndələri ilə cəmiyyət arasında olan sıx əməkdaşlıq və qarşılıqlı anlayış, ümumi məqsədlərə çatmaq naminə birgə səylər tələb edir. Yalnız bu şəkildə təbiətin qorunması uğurla həyata keçirilə bilər. Çox gözəl haldır ki, Naxçıvanda biz bunu müşahidə etdik.
– Siz muxtar respublikanın mədəniyyət müəssisələri ilə, o cümlədən Naxçıvanda istehsal olunan məhsullarla da tanış oldunuz. Bu barədə fikirləriniz oxucularımız üçün maraqlı olardı.
– Muxtar respublikanın qədim tarixini əks etdirən abidələr, o cümlədən muzeylərdə nümayiş etdirilən eksponatlar barədə məlumatları maraqla dinlədik. Burada məlumat verildi ki, amerikalı tədqiqatçılar, arxeoloqlar Naxçıvanda aparılan müəyyən elmi araşdırmalarda və arxeoloji qazıntılarda iştirak edirlər. Biz bu sahədə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin tərəfdarıyıq.
Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan çeşidli məhsullarla tanış olduq. Naxçıvanda fəaliyyəti bərpa edilmiş və yeni qurulmuş müəssisələrdə istehsalın artırılması, idxalın yerli istehsal hesabına əvəzlənməsi istiqamətində görülən işlər yüksək qiymətə layiqdir. Xüsusən də neft qiymətlərinin dünya bazarında aşağı olduğu bir dövrdə qeyri-neft sektorunun inkişaf etdirilməsi vacibdir. Muxtar respublikada yeni müəssisələrin yaradılması bu baxımdan əhəmiyyətlidir.
Biz Azərbaycanla, o cümlədən Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyatın diversifikasiyası, kənd təsərrüfatının inkişafı sahələrində, həmçinin təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlıyıq. Bu gün onlarla azərbaycanlı təhsil mübadiləsi proqramından faydalanaraq Amerikada təhsil alıb. Biz bununla kifayətlənə bilmərik. Həm Azərbaycandan Amerikaya, həm də Amerikadan Azərbaycana gələn insanların sayının artmasını, turizmin inkişaf etdirilməsini istəyirik.
Naxçıvana səfərimdən çox məmnunam. Ümid edirəm ki, bir daha muxtar respublikaya səfərə gələcəyəm.
Rauf Əliyev