Beşinci yazı
Muzeyin önündə dayanmış maşına əyləşirik. Yenə sürücü əvvəlki səs tonu ilə “İndi hara gedirik, müəllim?” – deyir. Ondan fərqli olaraq mən nə saata baxıram, nə də səsimin tonunu dəyişirəm. Bir rahatlıqla onun mənə xatırlatdığı ünvanı söyləyirəm.
– Gedirik Nəiminin məqbərəsini ziyarət etməyə.
Gəldiyimiz yolla hardasa 5-8 kilometr geriyə qayıdırıq. Maşın sola, kənd yoluna dönür. İnanın ki, heç magistraldan fərqlənməyən bir yol. Kəndin adına diqqət yetirirəm – Xanəgah kəndi. Culfa rayonunun bu qədim kəndi həm dağlıq ərazidə, həm də çay kənarında yerləşib. Magistral yolun kənarındakı məktəb, xəstəxana və digər ictimai binalar o qədər yaraşıqlı və diqqətçəkəndir ki, mən gözümü onlardan ayıra bilmirəm. Maraqla baxdığımı görən sürücü kəndin ortasında bir anlıq maşınını saxlayır və qaçaraq marketdən sərin su alıb gətirir. Bu, əsl dərman olur bizim üçün. Çünki Əlincəyə qalxıb-enəndən sonra ürəyimiz əməlli-başlı maye tələb edir, dodaqlarımız çatlayır. Ona “sağ ol” deyərək suları başımıza çəkirik. Bizim bu münasibətimiz onun qırışığını açır, özündən razı halda gülümsəyir. Maşın kəndin içi ilə hərəkət edir, yenə baş yoldan sola, yamaca diklənir. Gözümüzün önündə qədim bir məqbərə canlanır. Hər tərəf səliqə-sahmanlı, hətta qarşısındakı qoz ağacının da barı kifayət qədər olan bu məscid-məqbərə neçə min illər görüb. Amma ona elə diqqət yetirilib, elə sevgi ilə yanaşılıb ki, illərin toxuduğu zədələr heç yerində qalmayıb.
Bu, hürufilik təriqətinin banisi, böyük Nəsiminin müəllimi Fəzlullah Nəiminin məqbərəsidi. Əlincəçay xanəgahının bu ünvanı son dərəcə müasirlik aşılayır adamda. Çünki burada elə bir şərait yaradılıb ki, keçmişlə bu gün bir-birinə qovuşub. Böyük alimin, şairin ruhu burda çox rahatdı. Pillələrlə üzüyuxarı qalxıram – yenə səliqə, yenə sahman. Vallah, adamın belə yerdə ölüb-qalmaq da ürəyindən keçir. Niyə də keçməsin? Hər şey yerli-yerində: suyu, havası, gülü-çiçəyi. Nazim Hikmət demiş, ceviz ağacı, məqbərəsi və bir də ziyarətçiləri…
Əslində, insanı yaşadan elə bunlardı. Mən balaca bir kəndin hürufiliyin banisinə olan bu sevgisini, diqqətini qiymətləndirməkdə acizəm. Bircə onu ifadə edə bilərəm ki, Naxçıvanda gördüyüm bütün tarixi abidələrə, bütün müqəddəs yerlərə birmənalı şəkildə, bax elə belə yanaşılır, bu cür diqqət göstərilir. Bunun səbəbi barəsində düşünəndə ilk xatırladığım hələ Bakıda, redaksiyamızda dəfələrlə həmsöhbət olduğum şair dostum, ağsaqqal qardaşım İbrahim Yusifoğlunun söylədikləri düşür. İbrahim müəllim Naxçıvanla bağlı suallarımı cavablandırarkən həmişə deyir ki, Naxçıvanda Ali Məclisin Sədri özü şəxsən tarixə, mədəniyyətə, abidələrə, bütövlükdə, səliqə-sahmana qarşı o qədər həssas və diqqətlidir ki, digər məmurlar da bu nümunədən yararlanırlar. Necə deyərlər, idarəedənin özünün münasibəti artıq muxtar respublikada bir ənənəyə çevrilib. Uşaqdan-böyüyə hər kəs tarixə diqqət ayırır, abidələrə sahiblik münasibəti göstərir. Deməli, bu da tariximizi hələ neçə-neçə nəsillərin istifadəsinə bu gündən təqdim etmək, hazırlamaq deməkdir…
Bəli, Əlincə səfərim bu kəndin ziyarəti ilə Nəiminin ruhuna oxuduğumuz dualarla başa çatır...
...Və bu vaxt mən böyük Nəsiminin dünyaya səs salan məşhur misralarını, yəni “Məndə sığar iki cahan…” sədalarını elə bil ki, xalq artisti Rasim Balayevin dilindən eşidirəm. İnanın ki, bu, mənə o qədər doğma gəlir ki, özüm də hiss etmədən Nəsiminin misralarının heç həndəvərinə yaxın gələ bilməyəcək öz misralarımı pıçıldayıram və elə həmin misraları pıçıldaya-pıçıldaya böyük şairdən məni bağışlamasını rica edirəm:
Bu boyda dərdlə, kədərlə,
Payıma düşən qədərlə
Görün ki, nələr, nələrlə –
Mən bu cahana sığmıram.
Tarixə işıq salıram,
Hər qata heyran qalıram.
Coşuram, ilham alıram –
Mən bu cahana sığmıram.
Pillələr qalxıb-enirəm,
İşığam, yanıb-sönürəm.
Həqqin özünə dönürəm –
Mən bu cahana sığmıram.
Şanlıdır əsrim, qərinəm
Həm odam, həm də sərinəm!
Sükutumla da dərinəm –
Mən bu cahana sığmıram.
Artıq hava qaralır. Hiss edirəm ki, sürücü də harasa getmək fikrindədi. Ona görə şəhərə qayıdırıq. Otelin önündə sağollaşıb yeddinci mərtəbəyə qalxırıq. Bu da bizim üçün ayrılmış otaq. Pəncərəsindən bütün Naxçıvan görünür. Mənzərə özü-özlüyündə bizi gəzib-dolaşmağa çağırır. Vaxt itirmək olmaz. Bir stəkan çay içib şəhərə düşürük. Şəhərdə təkcə səliqə-sahman yox, elə havanın özü də gözəldi. İnanın ki, Bakının bürküsündən sonra burda adam sanki bir oksigen bolluğuna düşür. Bu bolluqdan gen-bol istifadə edə-edə adamların daha çox istiqamətləndiyi səmtə tərəf gedirik. Bu yerin adı Əyləncə Mərkəzidir…
Paytaxtın əyləncə mərkəzlərindən fərqli olaraq burda fərqli bir şərait yaradılıb. Həm alış-veriş etmək, həm bir tikə çörək kəsib, çay içmək, həm uşaqların oynaması, sevinməsi üçün hər şey nəzərdə tutulub. Bir anlıq yadıma İzmir şəhəri düşür. Orada ilk dəfə görmüşdüm bu mənzərəni. Əyləncə Mərkəzində gəzib-dolaşarkən həmkarım, çox hörmətli Hüseyn müəllimlə qarşılaşırıq. Hal-xoşdan sonra o, bizi Əyləncə Mərkəzi ilə tanış edir. Necə də gözəldi hər şey. Uşaqların sevinci, valideynlərin bir kənarda əyləşib bu mənzərəni seyr etməsi, alış-veriş edənlərin ərzaqdan tutmuş tikinti materiallarına qədər hər şeyi bir yerdən almaq imkanı…
Bəli, bax bu xidmət mədəniyyətidi. Bunu yaradanlara ancaq “sağ ol” demək olar. Biz Əyləncə Mərkəzindən çıxıb yaxınlıqdakı rəngarəng işıqlara qərq olmuş qalaya tərəf gedirik. Bu qala böyük bir ərazini elə qucağına alıb ki, sanki adamlar onun qolları arasında özlərinə xoş bir aura əldə etməyi haqq edirlər. Biz qalanın qapısından içəri girəndə ilk qarşılaşdığımız Hindistandan gəlmiş turistlər oldu. Yol yoldaşlarıma dedim ki, biz burdan-bura bu yerləri gəlib ziyarət edə bilməmişik, bu adamlar Hindistandan durub gəliblər.
Sözlərim birmənalı qarşılanmasa da, həqiqət belədi. Çünki biz bəzən ya tənbəllikdən, ya da laqeydlikdən, bir az da iqtisadi sıxıntılardan abidələrimizi, görməli yerlərimizi ziyarət etməyi arxa plana keçiririk. Hətta bir zarafat edim, mən bizi Naxçıvanda müxtəlif ünvanlara aparan sürücüdən müəyyən yerlərin harada olduğunu soruşanda üzümə təəccüblə baxdı:
– Müəllim, bunları siz hardan bilirsiniz? – dedi – Mən naxçıvanlıyam, özüm heç oralarda olmamışam.
Mən də diqqəti əldən verməmək şərtilə tez ona zarafatlı bir mesaj göndərdim:
– Eybi yox, bizə qoşulub sən də Naxçıvanı gəzib-tanıyarsan, – dedim.
Bəli, həmin axşam Nuhun dəfn olunduğu güman edilən məqbərəni də ziyarət etdik. Dostların sayəsində iş vaxtı bitmiş olsa da, bizim üçün qapıları açdılar. Bəli, içimdə olan bütün xoş hisslərin sırasına Nuh Peyğəmbərin ruhuna etdiyimiz dualar da əlavə olundu. Və mənə elə gəldi ki, o müqəddəs insan burda dəfn olunmaqla bu torpağın nə qədər qiymətli, nə qədər möhtəşəm və doğma olduğunu insanlara mesaj edib, bildirib. Tarixə Naxçıvanın və bütövlükdə Azərbaycanın bir cənnət olduğunu möhürləyib. Elə bu təəssüratla da üzü Möminə xatının işığına doğru gedirik…
Burda hansı hisslər keçirdiyimi və bütövlükdə Möminə xatının bu, ifadə edilməsi mümkün olmayan möhtəşəm məqbərəsi önündə ancaq susmaq lazımdı. Etiraf edirəm ki, mən bu məqbərə barəsində deyilənlərdən daha gözəl heç nə deyə bilməyəcəyimə əminəm. Ona görə də susmaqla onun qarşısındakı sonsuz ehtiramımı ifadə edirəm…
Bax bu isə gecənin qaranlığında işığa qərq olmuş Hüseyn Cavidin məqbərəsidi. Yəni Cavid Əfəndinin. Bu möhtəşəm sənət əsəri də elə Əfəndimizin adına layiqdi, elə layiqli səviyyədə də qorunur. Mən məqbərənin içini ziyarət edə bilməsəm də (zaman baxımından – Ə.M.), onun ətrafını dolaşıram. Ürəyimdə misralarını təkrarlayıram və elə bilirəm ki, onun əlini öpməyə gəldiyimi Cavid Əfəndi artıq duyub. Çünki həmin an göydəki ulduzlar daha çox işıq saçırdılar, ay daha çox bədirlənmişdi. Deməli, Cavid Əfəndinin ruhu onu ziyarətə gələni qapıdan içəri buraxmışdı – əlini öpmək üçün…
Artıq saat 22-ni ötüb. Bu vaxt Naxçıvanda olduğumu bilən dəyərli şair-dostum, Naxçıvan Ali Məclisinin üzvü Asim Yadigar zəng vurur. Hal-əhval tuturuq, görüşmək barədə razılaşırıq və otelə dönürəm. Sabah Günəş oyanmamış qalxıb Batabata gedəcəm. Və orada gözəl şairimiz İslam Səfərlinin ruhundan üzr istəyib deyəcəm:
– Batabata gəlmişəm!..
Əbülfət MƏDƏTOĞLU
Əməkdar jurnalist, şair, publisist
“Ədalət” qəzeti, 23 sentyabr 2016-cı il