25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə muxtar respublikada mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, müxtəlif idarə, müəssisə və təşkilatların əməkdaşları muzeylərə gedir, tariximizi, mədəniyyətimizi, milli dəyərlərimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlarla tanış olurlar. Son vaxtlar bu sıraya Nəbatat bağı da daxil olub. Muxtar respublikamızın nadir təbiəti, zəngin bitki aləmi ilə yaxından tanış olmaq məqsədilə bu ünvana təşkil olunan gedişlər insanlarda yüksək əhval-ruhiyyə yaradır, onlara regionumuz barədə əlavə məlumatlar verir.

Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Nəbatat bağında olublar. Burada onlara məlumat verilib ki, Nəbatat bağlarının ən qədim nümunələrinə Çində və Aralıq dənizi sahili ölkələrində rast gəlinib. Bu bağlarda meyvə ağacları, tərəvəzlər, dərman istehsalında lazım olan bitkilər becərilib və onlardan istifadə edilib.
Naxçıvan Muxtar Respublikası zəngin bitki örtüyü, heyvanlar aləmi və təbii sərvətlərə malik olan diyardır. Bu baxımdan burada Nəbatat bağının yaradılması əhəmiyyətli və mühüm addımdır. Babək rayonunun Şıxmahmud kəndi yaxınlığında Nəbatat bağının yaradılması məqsədilə 1972-ci ildə Azərbaycan Elmlər Akademiyasının təşəbbüsü və Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı ilə 10 hektar torpaq sahəsi ayrılıb, bu sahə su ilə təchiz edilib və nəticədə, belə bir gözəl məkan yaradılıb.
Nəbatat bağının yaradılmasında əsas məqsəd insanların Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Cənub-Şərqi Asiyanın, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın zəngin flora nümunələri ilə tanış edilməsidir. Bağın nadir bitkilər kolleksiyası sahəsində Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Qırmızı kitablarına daxil edilmiş bəzi bitki növləri mövcuddur. Burada ayrı-ayrı flora nümunələri üçün sahələr, təcrübə yerləri, nadir bitkilər kolleksiyası, tingçilik sahələri, həmçinin meyvə genofondu bağı yaradılıb. Bu da yerli və məhsuldar toxum sortlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyır.
Nəbatat bağının sahəsi hazırda 13,2 hektar, muxtar respublika üzrə balansında olan torpaqların sahəsi isə 80 hektardan artıqdır. Nəbatat bağında “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxana quraşdırılıb. İstilikxana tam avtomatlaşdırılmış iqlim-nəzarət, istilik, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi bitkilərin normal inkişafına imkan verir. Burada sitrus, Hind-Çin, Afrika, Avstraliya, Ərəbistan və digər bu kimi mənşəli bitkilər olmaqla, 10 bölmə yaradılıb və 100-ə yaxın bitki əkilib. Artıq bu bitki növlərinin bəziləri muxtar respublikanın iqlim şəraitinə uyğunlaşdırılıb və açıq havada çoxaldılmasına başlanılıb. Təcrübə sahələrində Naxçıvan Dövlət Universitetinin Biologiya və Coğrafiya ixtisaslarının tələbələrinin iştirakı ilə açıq dərslər keçilir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşdırılmış məhkəmələrin də kollektivləri Nəbatat bağında olublar.
Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının, “Şərq qapısı” qəzeti redaksiyasının, Dövlət Meliorasiya və Su Təsərrüfatı, Statistika komitələrinin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksini ziyarət ediblər.
Həmin gün muxtar respublikanın rayonlarındakı idarə, müəssisə və təşkilatların əməkdaşları da müvafiq olaraq rayon ərazisində yerləşən muzeyləri ziyarət ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR