Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Təhsil nazirlikləri tərəfindən şəhər və rayonlarda fəaliyyət göstərən təhsil müəssisələri rəhbərlərinin, təhsil şöbələri müdirlərinin, təhsil ocaqlarında olan iaşə xidməti işçilərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirələrdə muxtar respublika rəhbəri tərəfindən İqtisadiyyat Nazirliyi qarşısında da bir sıra vəzifələr qoyulub. Bu vəzifələr sırasında təhsil müəssisələrinin geyim formalarına olan tələbatının müəyyənləşdirilməsi, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin hazırlanması, yarmarkalarda və kəndlərdəki xidmət mərkəzlərində bu geyim dəstlərinin münasib qiymətə satışının təmin olunması, iaşə və məişət xidmətlərinin təşkili, təhsil, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrinin yeməkxanalarının yerli ərzaq məhsulları ilə təminatına üstünlük verilməsi və bu sahəyə diqqətin artırılması da var. Ötən müddətdə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində bir sıra işlər görülüb.
Qeyd edilib ki, dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müəssisə və təşkilatların ərzaq təchizatı “Naxçıvan Məhsulları” MMC tərəfindən həyata keçirilir. Adıçəkilən cəmiyyət tərəfindən hər bir məhsul üçün istehsalçı şirkətlərdən gigiyenik və uyğunluq sertifikatı alındıqdan sonra ərzaq məhsulları müəssisələrə verilir. Bundan başqa, müntəzəm olaraq təhsil ocaqlarında yerləşən ictimai iaşə obyektlərində müəyyənləşdirilmiş qaydaların tələblərinə əməl olunması, yerli istehsal məhsullarının satışına üstünlük verilməsi və satışda olan malların keyfiyyəti diqqət mərkəzində saxlanılıb, yarmarkalarda məktəbli formalarının satışı təmin edilib. Bu istiqamətdə işlər davam etdirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək bildirib ki, bu il Naxçıvan Biznes Mərkəzində müəssisə, təşkilat rəhbərləri və sahibkarlarla görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dövlət büdcəsindən maliyyələşən təşkilatların yalnız yerli istehsal məhsullarını almaları, daxili bazarda yerli məhsullara daha çox üstünlük verilməsi ilə bağlı tapşırıqlar verib. Verilmiş tapşırıqların icrasının təmin olunması, bufetlərdə mövcud nöqsanların aradan qaldırılması, işçilərin məsuliyyətinin artırılması ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən bir sıra maarifləndirici tədbirlər həyata keçirilib. Bu məqsədlə rayon (şəhər) təhsil şöbələrinin müdirlərinə, müəssisə rəhbərləri və digər aidiyyəti şəxslərə təhsil müəssisələrində iaşə xidmətinin təşkili zamanı yalnız muxtar respublikada istehsal olunan məhsulların alınması ilə bağlı tapşırıqlar verilib.
Cari tədris ilində fəaliyyətdə olan bufetçilər təhsil müəssisələrində satışına icazə verilən, uyğunluq sertifikatı olan yerli məhsulların təhsil müəssisələrinə gətirilməsinə nail olmalıdırlar. Eyni zamanda qəbul edilmiş məhsulların mədaxil uçotu və brakeraj jurnallarının tələb olunan səviyyədə aparılması, bufet və yeməkxanalarda sanitariya qaydalarına əməl olunması, iaşə xidməti işçilərinin tibbi müayinədən vaxtında və tam şəkildə keçmələri təmin olunmalıdır. Təhsil Nazirliyi təhsil müəssisələrində iaşə xidmətinin təşkilinin günün tələbləri səviyyəsində qurulması və bu sahədə təhsilli gənc kadrların fəaliyyət göstərmələrinin təmin edilməsi məqsədilə Ordubad və Şərur Texniki Peşə və Sürücülük məktəbləri, eyni zamanda Naxçıvan Şəhər Peşə Liseyində bufetçi peşə ixtisası kursunun açılmasını həyata keçirəcək.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Səbuhi Hüseynov