25 Dekabr 2024, Çərşənbə

Görülmüş işlər kəndlərimizin inkişafından xəbər verir

1930-cu ildən üzübəri illərin, qərinələrin yol yoldaşlığında böyük çətinliklərlə üzləşən, lakin torpağa bağlılığını qoruyan insanların yaşadığı Şahbuz rayonu bu gün başdan-başa dövlət qayğısı ilə əhatə olunub. Rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq işləri görülüb. Odur ki, bölgənin füsunkarlığı daha da artıb. Bu səbəbdəndir ki, Şahbuza gələn qonaq burdan getmək istəmir.
Beləcə, sosial-iqtisadi inkişafın işığında bərq vuran rayon mərkəzindən keçib Ayrınc kəndinə üz tuturuq. Məqsədimiz bu istiqamətdə yerləşən kəndlərimiz barədə oxuculara ətraflı məlumat verməkdir.

Ayrınc kəndi görkəmi ilə göz oxşayır

Kəndə gedən yolun sol tərəfində ağacların altında, göy çəmənlikdə dayanan maşınlar, çay kənarında istirahət edən qonaqlar diqqətimizi çəkir. Onlardan birinin qollarını açıb sanki havanımı, təbiətimi qucaqlamaq istəyi nəzərimizdən qaçmır və digərinə dediyi sözləri də ötəri eşidirik: “Cənnətdir e, cənnət”.
Geniş, asfalt yolla yolumuza davam edirik. Kəndin girəcəyində, yolun solunda inşa olunmuş ikimərtəbəli məktəb binası görünüşü ilə göz oxşayır. 2005-ci ilin dekabrında ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata vəsiqə alan kənd tam orta məktəbinə daxil oluruq. Öyrənirik ki, 110 şagird yerlik məktəbdə 2013-cü ildə yenidənqurma işləri aparılıb. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə və kompüter otağı vardır. Yaradılan şəraitin nəticəsidir ki, məktəb ilbəil yaxşı nəticələr göstərir. 2015-2016-cı dərs ilində təhsil ocağının məzunlarının hamısı tələbə adını qazanıb.

Kompleks quruculuq tədbirləri çərçivəsində Ayrıncda inşa olunmuş kənd mərkəzinin binası sakinlərin işini xeyli asanlaşdırıb. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xaliq Abdullayev belə diqqət və qayğıya görə sakinlərə yaxşı xidmət göstərə bildiklərini söyləyir. Kənd mərkəzində rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, mədəniyyət evi fəaliyyət göstərir. Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün otaqların ayrılması sakinlərə böyük qayğıdır. Kənddə xidmət mərkəzi də inşa olunub ki, artıq burda hər kəsin keyfiyyətli yerli ərzaq məhsulları almaları üçün lazımi şərait yaradılıb. Mərkəzdə ərzaq və təsərrüfat mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu yaradılıb, 5 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, ayrınclıların əsas məşğuliyyəti əkinçilikdir. Çünki geniş və münbit torpaqlara malikdirlər. Torpaqların 57 hektarı dövlət, 2149 hektarı bələdiyyə, 113 hektarı xüsusi mülkiyyətdədir. Kükü çayından götürdükləri su ilə əkin sahələrini suvara bildiklərindən hər il bol məhsul götürürlər. Kənd sakinlərinin içməli su sarıdan da problemləri yoxdur.
Kənd sakini Sevindik Cəfərov deyir ki, 1969-cu ildən burada yaşayıram. Çəkdiyimiz əziyyətləri unutmamışıq. Məktəbimiz yararsız hala düşmüşdü, yol yox idi, bir sənəd lazım olanda gedirdik keçmiş Qarababa kəndinə. Amma bu gün kəndimizin öz icra nümayəndəliyi var, gözəl binada yerləşib. Yaraşıqlı məktəbimiz var. Bizə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizə minnətdarlığımızı bildiririk.

Kəndimizi tanımadım

Deyirlər, Vətən doğulduğun evdən, sonra küçədən, kəndindən başlayır. Mənim də ilk Vətən anlayışım Qızıl Qışlaqdan başlayıb. Min illərdir, əzəmətlə dayanan Sarı Güney dağının dərələrindən, kəndi əhatələyən Ağ düz, Qoralıq, Təmrəz dağlarının, Atlar bulağı, Dəvəuçan, Qaraqaya, Həsənalı yurdu, Nəbi bulağı adlanan təpələrin ətəyindən axan şəlalələrini, buz bulaqlarını və su içindən baş qaldıran yarpızlarını, min rəngə çalan gül-çiçəyini, bənövşəsini, nərgizini, minbir dərdin dərmanı olan müalicəvi bitkilərini çox sevmişəm. Elə füsunkar təbiətindəndir ki, yay aylarında Qızıl Qışlağın qoynu qonaqlı-qaralı olub. Həyət-baca, bağ-bağça daim yaşıllıq içindədir. 2013-cü ildə kənddə aparılan kompleks quruculuq tədbirləri isə Qızıl Qışlağa xüsusi yaraşıq verib, sakinləri doğma ocağa daha sıx tellərlə bağlayıb.
…Kənd yollarının keçmişi gözlərim önündə canlanır. Dağ yolları ilə kəndə getmək həm vaxt aparırdı, həm də əzab-əziyyət idi. Kəndə çataçatda maşının pəncərəsindən baxanda adamın canına üşütmə düşürdü ki, birdən dərəyə yuvarlanar. Çünki dağlardan gələn sellər getdikcə yolları yuyur, qış aylarında isə lap bərbad olurdu. Qar çox yağanda avtobus kəndin aşağısında qalır, insanlar qalan yolu piyada qət edirdilər. Hətta Küküyə gedənlər belə, bu kəndə piyada getmək məcburiyyətində qalırdılar. İndi geniş, rahat yola baxdıqca qəlbən rahatlıq tapırsan.
Kənd məscidinin qarşısında dayanıram. Sovet dövründə kolxoz anbarı edilən məscid təmir olunub, qapıları hər kəsin üzünə açılıb. Elə burada tikilən xidmət mərkəzi də sakinlərə böyük töhfədir.
Yolumu kəndin yuxarısından salıram. Pilləkənlərlə hündürlüyə qalxıram. Burda iki bina ucaldılıb. Yaraşıqlı məktəb binasına və kənd mərkəzinə baxıram. Heyrətlənmirəm. Çünki bu gün belə yaraşıqlı, gözəl tikililər muxtar respublikanın bütün rayon, qəsəbə və kəndlərində göz oxşayır. Zirzəmi ilə birlikdə üçmərtəbəli təhsil ocağına baxıram. Uçuq-sökük, birmərtəbəli binada qış aylarında soyuqdan çəkdiyimiz əziyyəti xatırlayıram. İndi müasir, gözəl binaya, yaradılan hərtərəfli şəraitə baxanda qibtə edirəm bugünkü şagirdlərə. Bu il məktəbi bitirən 3 məzundan birinin 598 balla ali məktəbə qəbul olunması təhsilə göstərilən qayğının nəticəsidir.
Elə ikimərtəbəli kənd mərkəzi də bu qayğının bir hissəsidir. Kənd sakinləri Abdulla Quliyev, Əli Həziyev razılıq edərək bildirirlər ki, əvvəlcə köhnə, yararsız binada fəaliyyət göstərmək həm işçilər, həm də sakinlər üçün çətin idi. Bu gün isə müasir binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə fəaliyyət göstərir. Həkim ambulatoriyasına da burada insanların sağlamlığına yaxşı xidmət imkanı yaradılıb. Ambulatoriya üçün 5 otaq ayrılıb, lazımi tibbi avadanlıqlar qoyulub.
Görülən işlərə baxdıqca Ali Məclis Sədrinin açılış mərasimində dediyi sözləri xatırlayıram: “Aparılan kompleks quruculuq işləri Qızıl Qışlaq kəndini muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil etmişdir. Bu, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bir kəndin timsalında nümunəsidir. Kənd­lərdə aparılan quruculuq işləri, ilk növbədə, insanların rahatlığına hesablanmışdır ”.
Qürur duyuram ki, qonaqpərvər, səmimi insanları olan kəndimin hüsnünə yeni gözəllik naxışları vurulub. Bu naxışlar həmkəndlilərimin çöhrələrinə təbəssüm bəxş edib. Kənd sakinləri ilə sağollaşıb yol alırıq Küküyə…

Küküdə də kompleks quruculuq işləri aparılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Sosial sahəyə qoyulan vəsait... insan kapitalı kimi geri qayıdır. Xəstəxana, yol çəkilişi, digər ictimai yerlərin yaradılması, məktəb tikintisi, su xətləri, qazlaşdırma – bütün bu layihələr bir daha onu göstərir ki, bizim dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Hər tərəfdən dağlarla əhatə olunmuş, qədim tarixə malik Küküdə aparılan kompleks quruculuq tədbirləri nəticəsində insanların rahatlığı təmin olunub, kənd bu gün müasirliyin ağuşunda gələcəyə doğru addımlayır. Kənddə 1671 sakin yaşayır. Əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır. Kükü həm də gözəl alma bağları ilə məşhurdur. Bağlarda qışqızılı, belflor, palmet, banan, qarpız, göy alma kimi növlər yetişdirilir və alıcılar tərəfindən də həvəslə alınır. Kəndin səfalı təbiəti insanların dolanışığı üçün əlverişlidir. Zəhmətkeş qadınlar dağların ətəyində, çəmənliklərdə bitən ələyəz, əvəlik, diyçə kimi pencərlərdən yığıb hörüb qurudur, qışda satıb yaxşı qazanc götürürlər. Üstəlik, dərman otları yığıb satan da az deyil. Dərəboğazı səmtində Gur bulaqdan su içib şaxələnən baldırğanlar da kənd sakinlərinə az xeyir vermir. Dağlarının ətəyindən qaynayıb üzə çıxan Xan bulaq, Qırxbulaq, Südlü bulaq, Pünhan bulaq, Qiblə bulaq, Səfərbəy bulağı və daha neçə-neçə belə sərvətə malik Kükü “Bulaqlar kəndi” kimi də tanınıb.
Kəndin yaşlı sakinləri – 1910-cu il təvəllüdlü Bəyim Əliyeva və 94 yaşlı Əsəd Axundov deyir ki, Küküdə uzunömürlü insanlar çoxdur. Bunun da səbəbi kəndin havası, təbiəti, bir də insanlara göstərilən qayğıdır, yaxşı gün-güzərandır.
Üç il bundan öncə kənddə istifadəyə verilmiş yeni sosial obyektlər çərçivəsində avtomobil yolunun yenidən qurulması sakinlərə sevinc bəxş edib. Çünki daha əvvəlki çala-çuxur yollardan əsər-əlamət qalmayıb. 16 kilometr uzunluğundakı avtomobil yoluna 30 sel­ötürücü, 97 suötürücü qoyulub, 9 körpü tikilib.
Kənddə müasir məktəb binasının istifadəyə verilməsi muxtar respublikamızda təhsilin inkişafı sahəsində görülən işlərin məntiqi davamıdır.
Qeyd edək ki, bu kənd əzəldən elmə marağı ilə fərqlənib. Bu barədə məktəbin müəllimi Yunis Quliyev deyir ki, Kükü məktəbi 1 akademikin, 7 elmlər doktorunun, 20 fəlsəfə doktorunun ilk təhsil aldığı ünvandır. 2008-ci ildə məktəbin məzunu Aygün Salahlı ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülüb. Bu il məktəbdən 3 nəfər ali məktəblərə, 1 nəfər texnikuma daxil olub. Ali məktəblərə qəbul olunanlardan 2-si 500-700 intervalında bal toplayıb ki, onlardan qızıl medal alan Səfa Rzayeva 672 balla ona göstərilən etimadı doğruldub.
Yenilik, müasirlik həm də rahat yaşayış, firavan həyat deməkdir. Bu gün Kükü kəndində buna nail olunub, sakinlərin rifah halının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bunun nəticəsidir ki, kənddə yeni ikimərtəbəli kənd və xidmət mərkəzləri, həkim ambu­latoriyası tikilib. Əhalinin əksər hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğundan verilən kreditlərdən də yararlanır, təsərrüfatlarını genişləndirir.
Sakinlərin gündəlik tələbatını ödəyən xidmət mərkəzində POS-terminalın quraşdırılması da insanların rahatlığına hesablanıb. Kənd sakinlərinin elektrik enerjisindən, təbii qazdan, rabitə xidmətindən fasiləsiz istifadə etmələri, muxtar respublikamızda səhiyyə infra­strukturunun müasirləşdirilməsi çərçivəsində kənddəki tibb ocağının əhali sayı nəzərə alınaraq lazımi ştatlarla təmin edilməsi, müasir səhiyyə avadanlıqları quraşdırılması da əhalinin məskunlaşmasına xidmət edən amillərdəndir.
Bəli, bu gün dağlar qoynunda yerləşən Kükü kəndi təkcə rəngarəng təbiəti ilə deyil, həm də həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə diqqət çəkir. Bu isə həm də kənddə turizmin inkişafına ­stimuldur.

Güney Qışlaq kəndi də müasir
yaşayış məntəqələrindəndir

Güney Qışlaq kəndinə də muxtar respublikanın hər yerində həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq işlərindən pay düşüb. Bu kənd ucu şiş dağlarla əhatələnib. Geniş otlaqları, təbii bulaqları, axar çayları bu yurd yerini gözəlləşdirən amillərdir. Güney Qışlağın zəhmət adamları bağ salmaqda, müxtəlif meyvə tingləri becərməkdə səriştəlidirlər.
Qeyd etdiyimiz kimi, bu kənddə də hərtərəfli quruculuq işləri aparılıb. Belə ki, üç il əvvəl kənd yolu yenidən qurulub. Kənd yollarının bir hissəsində isə təmir işi davam etdirilir. Kəndin girəcəyində dağlardan gələn sel sularının sıradan çıxardığı yol genişləndirilib, yola verilən torpaq bərkidilib və yanındakı dağ tərəf maili şəkildə sıxlaşdırılaraq asfalt işinə hazırlıq görülür.
Bu gün ölkəmizdə bütün yaşayış məntəqələrinin inkişafına, infra­strukturun yenilənməsinə xüsusi diqqət göstərilir. Güney Qışlağa çəkilən yol, kənddə tikilən yeni sosial obyektlər, əvvəlki illərin quruculuq töhfəsi olan yeni məktəb binası ölkə­mizin inkişafını kəndlərimizin timsalında da aydın göstərir, həmçinin kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində atılan addım kimi dəyərləndirilir.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Kərimov bu yaşayış məntəqəsində yeni sosial obyektlərin istifadəyə verilməsini muxtar respublikada insanların rahatlığı sahəsində görülən işlərin ifadəsi olduğunu bildirir. Deyir ki, yaradılan şəraitdə sakinlərə daha yaxşı xidmət etmək imkanı qazanıblar. Bütün bunlar eyni zamanda kənddə əhalinin məskunlaşmasına, onların rifahının yüksəlməsinə səbəb olub. Çünki kəndlərdə dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması və əhalinin sosial problemlərinin həlli inkişafın başlıca şərtidir. 2260 metr məsafədən çəkilən içməli su xətti onların bu problemini də həll edib.
Bəli, kəndin səfalı təbiəti, göstərilən dövlət qayğısı yay aylarında buraya gələnlərin sayını artırır. Yayda kəndə 50 nəfər istirahətə gəlib. 95 yaşlı kənd sakini Hüseyn Hümbətov bildirir ki, ömür sürdüyüm bu illərdə bugünkü kimi rahatlıq, qayğı görməmişik. Sağ olsun hökumətimizi. Rahat yolumuz, məktəbimiz, qazımız, işığımız, gözəl dükanımız var. Pensiyamızı da vaxtında alır, alış-verişimizi edirik. Kənd camaatı həm də dövlətdən ona görə razıdır ki, sakitlikdir.
Əli ilə qarşı dağları göstərərək deyir: – Bu dağlar var-dövlətdir. Məşədikərim yurdu, Koladəyi yaylağı, Səngər yaylağı doludu ələyəz, əvəlik, çaşır, sobu, baldırğan, həmərsin, dərman otları ilə. Camaat yayda obaya gedər, elə bunlardan da yığar, aparıb satıb başqa ehtiyaclarını ödəyərdi. Amma nankor ermənilər o yerləri gülləbaran edirdilər. Ona görə adamların bunlardan da əli çıxmışdı. İndi isə əsgərlərimiz düşmənin gözünü tökər bir addım bu yana qoymaq istəsələr. Odur ki, camaat da rahatdır.
Kəndləri gəzib qayıdarkən öz-özümə düşünürdüm. Kəndlərimizə göstərilən diqqət və qayğı doğma yurd yerlərimizin təbii gözəlliklərinə əlavə çalarlar qatmaqla yanaşı, insanların öz ata-baba torpaqlarında məskunlaşmasını təmin edib, onların qurub-yaratmaq əzmini daha da yüksəldib.

 Hafizə Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR