25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Əlincəqala” mövzusunda tədbir keçirilib.
Tədbirdə xidmətin əməkdaşı Nurlan Tağıyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Hazırda muxtar respublika ərazisində 1200-dən çox dünya, ölkə və yerli əhəmiyyətli tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Tədqiqatlar göstərir ki, Naxçıvan qalatipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun səbəbi Naxçıvanın əlverişli mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Azərbaycan xalqının mübarizlik və vətənpərvərlik əzmini toplu halında nümayiş etdirən tarixi qalalarımızdan biri də Əlincəqaladır. Qaladan I-VI əsrlərdən başlayaraq müdafiə istehkamı və yaşayış yeri kimi istifadə olunub. Əlincəqala 14 il Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Naxçıvanın Azərbaycan Atabəylər dövlətinin paytaxtı olduğu dövrdə Əlincəqalanın iqtisadi və siyasi mövqeyi əhəmiyyətli dərəcədə artıb.

Bildirilib ki, Əlincəqalanın xatırlandığı ilk yazılı mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Araşdırmalar zamanı Əlincəqalanın tarixinə aid xeyli yeni faktlar aşkar edilib. Qalada tapılan sikkələr qalanın I-VI əsrlərdə yerli hökmdarların əsas iqamətgahlarından biri olduğunu və Mərkəzi Asiya ölkələri ilə əlaqəsi olan qala-şəhər kimi formalaşdığını təsdiq edir. Həmçinin qala və onun ətrafında olan epiqrafik abidələrin öyrənilməsi bu bölgənin orta əsrlərdə Azərbaycanın mühüm siyasi, sosial və mədəni mərkəzlərindən biri olduğunu göstərir.
Qeyd olunub ki, tarixən bu ərazidə yaşamış Azərbaycan türklərinin yaratdığı qədim tarixi-mədəni irsin qorunub saxlanması istiqamətində ardıcıl tədbirlər görülür, tarixi abidələr bərpa olunaraq keçmişdən bu günə körpü salınır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən, “Əlincəqala” tarixi abidəsinin bərpa olunması da bu sahədə görülən işlərin davamıdır. Bərpa işləri zamanı Əlincə dağının ətəyində müvafiq yer seçilib və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün bina inşa olunub. “Əlincəqala” tarixi abidəsindəki qala divarları, bürc və giriş qapıları, qədim yaşayış evləri, təsərrüfat binaları, su hovuzları və təndirlər, səngər və mühafizə yerləri ilkin forması saxlanılaraq bərpa edilib. Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Tarixi yaşadanları tarix də yaşadacaqdır. “Əlincəqala” tarixi abidəsinin bərpa olunması da xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonra tədbir iştirakçıları üçün “Əlincəqala” tarixi abidəsinə ekskursiya təşkil edilib, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi ziyarət olunub. Burada onlara muzeydəki eksponatlar haqqında ətraflı məlumat verilib. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ekspozisiya zalında nümayiş etdirilən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, pul və sikkələr, kitab, jurnal və qəzet materiallarına böyük maraq göstəriblər. Əlincəqalada məskunlaşmış insanların yaşayışını və döyüş sənətini özündə əks etdirən eksponatlar qala sakinlərinin həyatı və qəhrəmanlıq tarixi haqqında ziyarətçilərdə dolğun təsəvvür yaradıb. “Əlincəqala” tarixi abidəsinin möhtəşəm görkəmi isə iştirakçıları heyran edib.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR