25 Dekabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, sentyabrın 9-dan başlayaraq ADA Universiteti tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının iştirakı ilə üçgünlük kursa start verilib. Kursun gedişində ADA Universitetinin əməkdaşı Hikmət Hacıyevlə görüşüb həmsöhbət olduq:
– Hikmət müəllim, bu kursun keçirilməsində əsas məqsəd nədən ibarətdir?
– Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın tarixi guşələrindən biri olan Naxçıvanda olmaqdan böyük sevinc hissi keçirirəm. Blokadada yaşamasına baxmayaraq, muxtar respublikanın son illərdə böyük inkişaf yolu keçməsi, Naxçıvan şəhərinin öz gözəlliyinə, səliqə­-sahmanına görə ölkəmizin nümunəvi şəhərləri sırasında olması, onun nəinki ölkəmizdə, hətta ölkə hüdudlarından kənarda yüksək səviyyədə təqdim edilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi xarici siyasətin mühüm bir istiqamətini həyata keçirir və Azərbaycana səfər edən nümayəndə heyətlərinin Naxçıvana gəlişi zamanı onlara adıçəkilən idarə tərəfindən yüksək səviyyədə diplomatik xidmət göstərilir. Naxçıvana səfərlər zamanı xarici ölkələrin diplomatları bu diyarın timsalında Azərbaycanın inkişafının, investisiya qoyuluşu üçün imkanların genişliyinin, əlverişli biznes mühitinin yaradılmasının, insanların həyat səviyyəsinin gündən-günə yaxşılaşmasının şahidi olurlar. Naxçıvana səfər edən nümayəndə heyətlərinin səfərləri çox məzmunlu, çox geniş, bütün diplomatik protokol qaydalarına uyğun olaraq həyata keçirilir. Bundan əlavə, burada İran İslam Respublikasının və Türkiyə Cümhuriyyətinin Baş konsulluqları da fəaliyyət göstərir ki, bu da nəinki ölkə paytaxtında, hətta bölgələrdə də diplomatik fəaliyyətin yüksək səviyyədə qurulmasından xəbər verir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi bu diplomatik nümayəndəliklərin fəaliyyəti üçün hərtərəfli imkanlar yaradır. Naxçıvan eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi bir sıra qlobal miqyaslı beynəlxalq tədbirlərin əsas məkanlarından biridir, bu günə qədər burada çoxsaylı belə tədbirlər keçirilib. Yaradılan geniş infrastruktur imkanları, eləcə də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarının məhsuldar fəaliyyəti böyük miqyaslı tədbirlərin yüksək səviyyədə keçirilməsinə şərait yaradır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bir elementi olan ADA Universitetinin xətti ilə ölkəmizdə mütəmadi olaraq treninqlər və proqramlar həyata keçirilir. Bir müddət öncə ADA Universitetinin rəhbərliyi tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində də bu qəbildən olan treninqlər keçirilsin. Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin təşkilati dəstəyi ilə biz kursun keçirilməsinə başladıq. Burada əsas hədəfimiz Azərbaycan xarici siyasətinin gündəmində olan məsələlərlə əlaqədar fikir mübadiləsi aparmaq, idarənin əməkdaşlarını beynəlxalq aləmdə gedən proseslərlə yaxından tanış etmək, onları ölkəmizin xarici siyasətində baş verən yeniliklər haqda ətraflı məlumatlandırmaqdır.
– Kursda ən çox söhbət açılan məsələlərdən biri də diplomatiyanın yeni trend­lərindən olan ictimai diplomatiya oldu. Deyə bilərsinizmi, bu sahəyə bütün dünyada, eləcə də Azərbaycanda niyə bu qədər əhəmiyyət verilir?
– Hər bir ölkənin xarici siyasətində ikitərəfli, çoxtərəfli münasibətlərlə yanaşı, ictimai diplomatiya, yəni xarici ölkələrdə geniş ictimaiyyətə ölkə haqqında məlumatların çatdırılması mühüm yer tutur. Buna görə də biz kurs zamanı ictimai diplomatiya, onun alt elementləri olan ölkənin brendləşdirilməsi, bu istiqamətdə təbliğatın aparılması, sosial şəbəkələrin rolu haqqında geniş söhbət açdıq. Qeyd edildi ki, son illər ictimai diplomatiya və ya xalq diplomatiyası beynəlxalq ictimai əlaqələr nöqteyi-nəzərindən daha çox diqqət çəkir. Qloballaşma dövründə dünya ölkələri bütün səviyyələrdə aralarında münasibətlər yaradılmasına böyük əhəmiyyət verirlər. İctimai diplomatiyanın məqsədi ölkələr, xalqlar, siyasi liderlər, ictimai xadimlər və sadə vətəndaşlar arasında bilavasitə təmas nöqtələri tapmaq, ölkənin siyasəti və dəyərləri haqqında daha çox informasiya verməkdir. Başqalarının səni tanıması və başa düşməsi üçün əvvəlcə sən özün digər tərəfi eşitməyə və başa düşməyə çalışmalısan. Qloballaşma dövründə milli hökumətlərin sosial və iqtisadi perspektivə hesablanmış məqsədyönlü ictimai diplomatiyası ölkənin milli imicinin yaradılmasına xidmət edir. İndi interaktiv kommunikasiya üçün internetin yaratdığı imkanlar ictimai diplomatiya proseslərinə daha dolğun və əhatəli məzmun verir. Qlobal internet şəbəkəsi informasiya, bilik və ideyaların yayılması üçün çox əlverişli kanaldır. Yeni kommunikasiya texnologiyaları bu gün xarici siyasətdə sürətlə tətbiq olunur, dünya dövlətləri arasında ictimai diplomatiya sahəsində bir yarış və rəqabət mühiti yaradır. Dövlətlər bu imkandan daha intensiv faydalanmağa çalışırlar. Texnologiyaların inkişafı qeyri-hökumət təşkilatlarını, o cümlədən fəal ictimai qrupları, ayrı-ayrı fərdləri ictimai diplomatiya prosesinə qoşur, milli dövlət və hökumətləri həmin qüvvələrlə interaktiv əməkdaşlığa sövq edir. Milli hökumətlər bugünkü ictimai diplomatiya sahəsində yeni kommunikasiya texnologiyalarını tətbiq etməklə siyasət və diplomatiyada rəqabət üstünlüyü əldə etməyin əhəmiyyətini getdikcə daha artıq başa düşürlər. Sayı milyonlarla ölçülən publika ilə işləməklə bugünkü ictimai diplomatiya paradiqmasını dəyişmək mümkündür. Bunun üçün dünya şəbəkəsi olan internetin əvəzi yoxdur. Çünki internet sərhəd tanımır. İctimai əlaqələri diplomatiyaya tətbiq edərkən internetin dialoq, ikitərəfli və interaktiv təbiətini nəzərə almaq lazımdır. Fərdi və şəxsi təmaslar qlobal ictimai təmaslara çevriləndə nəhəng güc yaranır, milli dövlətlərin ictimai diplomatiya səmərəliliyi artır.
– Kurs zamanı daha hansı məsələlər haqda iştirakçılara məlumat verildi? Kursun gedişində yerli diplomatik heyətin fəallığını necə dəyərləndirirsiniz?
– Bildiyiniz kimi, kursda bütün təqdimatlar və müzakirələr, eləcə də diskussiyalar ingilis dilində aparılır. Yeri gəlmişkən, onu da qeyd edim ki, Naxçıvanın gəzməli-görməli yerləri, tarixi abidələri, ümumilikdə, bu diyarın özünəməxsus xüsusiyyətləri və bütün bunların ölkə xaricində beynəlxalq ictimaiyyətə tanıdılması yolları barədə də naxçıvanlı həmkarlarımızla geniş söhbətlərimiz oldu, onlardan maraqlı təkliflər eşitdik. Kursda Azərbaycanın xarici ölkələr ilə əlaqələrinin hazırkı vəziyyəti, xarici və yerli media orqanları ilə iş, dövlət orqanlarının fəaliyyətində vətəndaşlara xidmət baxımından şəffaflığın təmin olunması, konsulluq xidməti qarşısında qoyulan müasir tələblər, diasporaya yardımın müasir aspektləri, diplomatik protokol, diplomatik etiket və digər məsələlər də müzakirə mövzusu oldu. Kurs zamanı o da qeyd edildi ki, bu gün Naxçıvan beynəlxalq tədbirlərin məkanına çevrilməklə bərabər, həm də ölkə turizmində önəmli yerə malik bir diyardır. Turistlərə lazımi konsulluq xidməti göstərilməsi, eləcə də müxtəlif məqsədlərlə xarici ölkələrə getmək üçün vətəndaşlara vizaların verilməsinin müasir tələblər əsasında təşkili, beynəlxalq tədbirlərə protokol dəstəyinin göstərilməsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi tərəfindən yüksək səviyyədə həyata keçirilir. Əməkdaşların fəallığına gəlincə isə tam əminliklə deyə bilərəm ki, bu tədbirə qatılanlar verilən məlumatlara qarşı diqqət, müzakirə olunan məsələlərə qarşı həssaslıq, yüksək intellekt, ortaya atılan hər hansı bir problemin qısa zamanda və yüksək səviyyədə həlli bacarığını nümayiş etdirdi. Naxçıvandakı diplomatik heyət bütün tapşırıqların öhdəsindən vaxtında və yüksək keyfiyyətlə gəlmək iqtidarındadır. Bu, bizi çox sevindirir.
– Maraqlı müsahibə üçün sağ olun.

Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR