25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyasının təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə akademik İsmayıl Hacıyev açıb.
Monoqrafiya haqqında geniş məlumat verən AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev qeyd edib ki, monoqrafiya Moskvada çapdan çıxıb. Geniş oxucu kütləsinə təqdim edilən 181 səhifədən ibarət olan monoqrafiyada ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törətdikləri soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları, bu torpaqlar uğrunda gedən mübarizə və onların nəticələri, düşmən dövlətlərin məkrli siyasəti və bu siyasətin həyata keçirilməsində ermənilərin oynadıqları mənfi rol aydın şəkildə göstərilib.

Bildirilib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları məsələsinə həsr edilmiş və Azərbaycan, o cümlədən Naxçıvan tarixşünaslığında özünəməxsus yeri olan monoqrafiya bu gün dəyərli bir mənbə olmaqla yanaşı, həm də gələcək tədqiqatlar üçün əhəmiyyətli elmi istiqamətdir. Hiyləgər ermənilərin xalqımızın başına gətirdiyi ağır faciələrə nəzər salan və bugünkü oxucuya XX əsr proseslərini arxiv sənədləri vasitəsilə açıq və aydın şəkildə izah edən yeni nəşrdə ermənilərin mərhələlərlə azərbaycanlılara qarşı qırğınları da öz əksini tapıb. Monoqrafiyada göstərilir ki, bütün dövrlərdə Naxçıvan diyarının əhalisi yaşanan qanlı hadisələrə mərdliklə sinə gərib, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu bölgə uğrunda mübarizə aparıb. Qeyd edilir ki, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri, qətiyyətli mövqeyi ermənilərin və onların havadarlarının Naxçıvanla bağlı planlarını alt-üst edib. Naxçıvan diyarının tarixi taleyini, yəni onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanlarını Qars müqaviləsi reallaşdırıb. Bu müqavilənin beynəlxalq müqavilə kimi Naxçıvanın Azərbaycanın tərkibində muxtar ərazi statusu təsbit etməsi, bu statusun bölgənin sonrakı tarixi taleyində onun ərazisinin qorunub saxlanılması və təhlükəsizliyində çox böyük rol oynadığı dolğun bir şəkildə oxucu­lara çatdırılır.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və həmin institutun şöbə müdiri İlhami Əliyev çıxış ediblər.
Bildirilib ki, akademik İsmayıl Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri” monoqrafiyası beynəlxalq arenada bir çox suala cavab rolunu oynayan sanballı elmi əsər kimi diqqəti çəkir.

 Nərgiz İsmayılova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR