1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana gələn ulu öndər Heydər Əliyev xalqın əsl xilaskarına çevrildi. Həmin gündən xalqımızın taleyində dönüş olacağına ümidlər artdı, böyük qurtuluşa aparan yolda mühüm addımlar atıldı. Məhz milli tariximizin unudulmaz günü olan 22 iyulda xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvana gəlişi ilə tarixboyu Azərbaycan dövlətçilik ənənələrinin yaşadıldığı qədim diyarımız işğal təhlükəsindən xilas edildi, ermənilərin muxtar respublikamızı dünyadan təcridetmə siyasəti iflasa uğradı, ağır blokadanın yaratdığı iqtisadi tənəzzülün qarşısı alındı.
Milli tariximizlə tanış olan hər kəs yaxşı bilir ki, son dörd-beş onillikdə respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider xalqın yanında olmuşdur. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan ulu öndər öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Ona görə də 1990-cı il iyulun 22-də dahi şəxsiyyətin Naxçıvana gəlişi əhali tərəfindən sevinclə qarşılanmışdı. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərmişdir.
Həmin dövrdə cərəyan edən proseslər Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. Ölkədə idarəçiliyin itirilməsi, yaşayış səviyyəsinin getdikcə pisləşməsi, Ermənistanın hərbi təcavüzü və siyasi hərc-mərclik xalqımızın sabaha olan ümidlərinin tükənməsinə səbəb olmuşdu. Ölkədən təcrid olunmuş blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Ümummilli liderimizin Naxçıvana qayıdışını əhali böyük sevinc hissi ilə qarşıladı. Naxçıvan şəhəri ilə bərabər, ən ucqar yaşayış məntəqələrindən də insanlar dahi şəxsiyyəti görməyə, onunla həmrəy olduqlarını nümayiş etdirməyə gəlirdilər. Naxçıvana gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürdü. Ümummilli lider 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi.
Beləliklə, 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların təkidi ilə dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi altında öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev o dövrdə Naxçıvanda baş verən hadisələr barədə demişdir: “Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın taleyi çox ağır ola bilərdi. Çünki artıq erməni millətçiləri Azərbaycana qarşı işğalçı siyasətini başlamışdılar və onların məkrli planlarında Naxçıvanın işğalı da var idi. O vaxt Naxçıvanda vəziyyət böyük çətinliklər hesabına sabit olaraq qalırdı. Ovaxtkı Azərbaycan rəhbərliyi də Naxçıvana ögey münasibət bəsləyirdi, heç bir yardım etmirdi, əksinə, Naxçıvanda sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin əməllər edirdi. Ancaq naxçıvanlılar həmişə olduğu kimi, müdrikliyini göstərərək ulu öndərin ətrafında bir yumruq kimi sıx birləşdilər və həm erməni işğalçılarına tutarlı cavab verdilər, onları yerinə oturtdular, həm də Azərbaycanın mərkəzi hökumətinə də öz etiraz səslərini qaldıraraq bildirdilər ki, Naxçıvanda o məkrli ssenari keçməyəcəkdir. O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir. O vaxt Naxçıvanın adı dəyişdirildi. Ulu öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi”.
Ulu öndərin müstəqil dövlətçilik naminə həyata keçirdiyi islahatlar ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Bütün bunlar bir məqsədə – Heydər Əliyev ideyalarının, xilaskarlıq missiyasının qarşısını almağa xidmət edirdi. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü. Bu inam isə muxtar respublikada ölkə əhəmiyyətli mühüm addımların atılmasını şərtləndirən başlıca səbəblərdən biri idi.
Xalqa, Vətənə sədaqətlə xidmətin, qırılmaz tellərlə bağlılığın məntiqi nəticəsi olaraq 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə ulu öndər Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində ümummilli liderin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı ilk çıxışında ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdir: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli lider Heydər Əliyev, ilk növbədə, düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi.
Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildir. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, ulu öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etmiş, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdı. İmzalanan protokollara əsasən, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuş, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları açılmışdır.
Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən ilk mühüm amil olmuş, Azərbaycanda torpaq islahatı ilk dəfə Naxçıvanda aparılmışdır.
Ölkəmizin ən nüfuzlu, qüdrətli və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının yaradılması da böyük şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf edir. 1992-ci il noyabr ayının 21-də respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə demişdir: “Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı”.
Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən, eyni zamanda Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında iştirak etmişdir. Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasındakı çıxışında ulu öndər vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etmiş, dağılmaqda olan Sovet İttifaqında, eləcə də Azərbaycanda mövcud ictimai-siyasi vəziyyəti obyektiv təhlil edərək, cəmiyyəti dərindən düşündürən problemlər barədə mühüm ideyalar irəli sürmüş, prinsipial və konkret fikirlər söyləmiş, təkliflər vermiş, siyasi və iqtisadi böhranın səbəbləri, onların aradan qaldırılması yolları barədə qətiyyətli mövqeyini bəyan etmişdir.
Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin diletantlığı üzündən 1993-cü ilin yayında qardaş qanı tökülmüş, vətəndaş müharibəsinə rəvac verilmiş, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirilmişdir. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın davamlı çağırışlarını nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya qayıdışı Vətənin xilası, xalqın qurtuluşu naminə atılmış addım idi.
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də ali hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmuşdur. Həmin gün Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk olundu.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırmış, qanunun aliliyi təmin olunmuş, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edilmiş, müasir idarəçilik sistemi yaradılmış, vətəndaş həmrəyliyi bərpa olunmuş, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırılmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng neft-qaz layihələrinin əfsanədən reallığa çevrilməsi müstəqil Azərbaycanın gələcəyi, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda həyata keçirilmiş tədbirlər kimi tarixə düşmüş, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənmiş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Ötən illər bir daha təsdiq etdi ki, Azərbaycanın nicatı və tərəqqisi məhz ulu öndər Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünü təsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil.
Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuşdur. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır.
Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1985-ci illərdəki təkamülü, 1990-1993-cü illərdə qədim Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, burada dövlət müstəqilliyinin əsasının qoyulması, 1993-2003-cü illərdə ölkəmizin müstəqilliyinin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz möhkəm, etibarlı təməl yaratmışdır. Müstəqil Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası indi bu təməl üzərində gələcəyə doğru inamla addımlayır.
Aqillər deyirlər taledən, alın yazısından qaçmaq mümkün deyil. 1990-cı il iyulun 22-də ulu öndərin Moskvadan Naxçıvana qayıtması da Azərbaycan xalqının taleyinə yazılan ən böyük xoşbəxtliklərdən biri idi.
“Şərq qapısı”