25 Dekabr 2024, Çərşənbə

Şərur Rayon Prokurorluğunun təşkilatçılığı ilə Kürçülü kəndində keçirilən növbəti hüquqi maarifləndirmə tədbirində rayon prokurorunun köməkçiləri – kiçik ədliyyə müşaviri Araz Zöhrabov “Torpaq üzərində mülkiyyət hüququ” və üçüncü dərəcəli hüquqşünas Arif Quliyev “Tikintiyə icazə verilməsi üzrə icraat” mövzularında məruzələr ediblər.
Qeyd olunub ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət səlahiyyətlərinə ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi, bu sənədlərin hazırlanmasına və tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin ətraf mühitə təsirinin qiymətləndirilməsi meyarlarının və qaydalarının müəyyən edilməsi daxildir. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Bildirilib ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda tikintiyə icazə qüvvəsini itirir. Bu dövrdə nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə fonduna verilməsi əsasında yaranır.
Vurğulanıb ki, qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılmasının xüsusiyyətləri, sənaye obyektlərinin tikintisi, dəmiryol və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri, əsasən, kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün sahələr, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız yerlərdən verilir. Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması obyektin yerləşdirilməsinin əvvəlcədən layihələşdirilməsindən və torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsindən sonra aparılır. Qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələrinin ayrılması və istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Qanunvericilikdə, istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulma­mışdırsa, torpaq sahəsindən icarə müddəti başa çatdıqdan sonra istifadəçi tərəfindən ucaldılmış müvəqqəti tikili onun hesabına sökülməlidir.
Tədbirdə çıxış edən rayon prokuroru, kiçik ədliyyə müşaviri Tural İbrahimovun məruzəsində isə valideynlərin hüquq və vəzifələrindən bəhs edilib. Bildirilib ki, Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilib. Dövlət ailənin müdafiəsinə onun sosial quruluşunun ictimai özəyi kimi təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin II bəndində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlar valideynlərin nikahda olub-olmamasından asılı olmayaraq, onların arasında hüquqi münasibətlərin yaranması üçün əsasdır. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər, onların hüquq və mənafeləri valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarından ayrı yaşasalar belə, uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşaqlar yetkinlik yaşına çatdıqda, yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericilikdə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin hüquq və vəzifələrinə xitam verilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Elman Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR