25 Dekabr 2024, Çərşənbə

Dünən Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən statistika orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.

Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, ölkə­mizdə, eləcə də muxtar respublikamızda bütün sahələr kimi, dövlət qulluğu sahəsi də qayğı ilə əhatə olunub, müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi yaradılıb. Dövlət orqanları üçün müasir inzibati binaların tikilib istifadəyə verilməsi, bacarıq və peşəkarlığı yüksək olan dövlət qulluqçularının təltif edilməsi, dövlət idarəçiliyi sistemində yeni texnologiyaların tətbiqi, “Elektron hökumət”in, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin qurulması bunun bariz nümunəsidir.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən də danışan İsmayıl Qəribli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması vətəndaşların mərkəzləşdirilmiş qaydada dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə geniş imkanlar açıb.
Sonra müsabiqəni uğurla başa vurmuş və statistika orqanlarında işə başlamış namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içdilər.
Sonra andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib, mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Xatırladaq ki, komissiya tərəfindən 6 iyun 2016-cı ildə elan edilmiş müsabiqəyə 201 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 213 nəfər sənəd təqdim edib. Müsabiqənin 29 iyun-2 iyul 2016-cı il tarixlərdə keçirilən test imtahanları mərhələsində 205 namizəd iştirak edib, 180 namizəd keçid balını toplaya bilib. 27-30 iyul 2016-cı il tarixlərdə keçirilən müsahibə mərhələsində iştirak edən 142 namizəddən 124-ü müvəffəqiyyət qazanaraq vakant vəzifələrə təyin olunub.
Həmin gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının akt zalında Naxçıvan Muxtar Respublikasının inzibati ərazi dairələrində statistika uçotunun aparılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən elan edilmiş müsabiqədən keçən şəxslərlə görüş və seminar keçirilib.
Tədbiri Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov açaraq bildirib ki, son dövrlərdə komitədə kadr potensialının və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində komitənin 2 yeni idarəsi – Naxçıvan Şəhər və Kəngərli Rayon Statistika idarələri yaradılıb, komitə aparatına yeni ştat vahidləri verilib. Ötən dövr ərzində Dövlət Statistika Komitəsinin aparatı və Naxçıvan Şəhər Statistika İdarəsi üçün yeni bina istifadəyə verilib, Şərur, Kəngərli, Ordubad, Şahbuz və Sədərək Rayon Statistika idarələrində çalışan işçilərin iş şəraiti yaxşılaşdırılıb. Bu gün muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sosial sahənin inkişafı üzrə aparılan tədbirlərin genişmiqyaslılığı rəsmi statistikanın da davamlı qaydada təkmilləşdirilməsi zərurətini yaradıb. Məhz bu zərurət nəzərə alınaraq “Naxçıvan Muxtar Respublikasında statistika işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 1 iyun 2016-cı il tarixdə Sərəncam imzalanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının icrası istiqamətində komitə aparatında İnzibati ərazilər üzrə məlumatların statistikası və təhlili şöbəsi, şəhər və rayon statistika idarələrində isə inzibati ərazi dairələri üzrə məlumatların toplanması şöbələri yaradılıb. İnzibati ərazi dairələri üçün aktual statistik göstəriciləri özündə əks etdirən və beş bölmədən ibarət təsərrüfatbaşına kitab hazırlanıb. Təsərrüfatbaşına kitabın birinci bölməsində təsərrüfat üzvlərinin siyahısı, ikinci bölmədə təsərrüfatın xüsusi mülkiyyətində olan heyvanların, quşların və arı ailələrinin sayı, üçüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan torpaq, dördüncü bölmədə təsərrüfatın xüsusi mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı texnikası, beşinci bölmədə isə təsərrüfata məxsus tikililər qeyd olunub. Təsərrüfatbaşına kitabın işlənməsinə dair göstərişlər hazırlanıb və işin normal aparılması üçün müvafiq izahlar verilib. Belə ki, hər hansı bir statistik göstəricinin əldə olunması üçün müəyyən olunmuş vaxtda müşahidələr və ya seçmə qaydada sorğular aparılmaqla göstəricilər əldə olunurdusa, bundan sonra hər bir inzibati ərazi dairəsində müəyyən olunmuş sayda statistika əməkdaşının işə başlaması həmin ərazidə baş verən hər hansı bir yeniliyin və ya dəyişikliyin operativ uçota alınmasına imkan verəcəkdir.
Komitə sədri qeyd edib ki, bu gün keçirilən görüş və seminarla yanaşı, yaxın günlərdə şəhər və rayonlarda komitə aparatının aidiyyəti şəxslərinin iştirakı ilə geniş tərkibdə işçilərin peşə hazırlığı üzrə seminarlar təşkil olunacaq.
Tədbirdə komitənin Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri Məhərrəm Məmmədovun təsərrüfatbaşına kitaba əlavə edilmiş yeniliklər və işin mahiyyəti haqqında çıxışı olub.
Komitənin İnzibati ərazilər üzrə məlumatların statistikası və təhlili şöbəsinin müdiri Əliheydər Qurbanlı təsərrüfatbaşına kitabın işlənilməsi haqqında tədbir iştirakçılarına slayd vasitəsilə geniş məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

 Səbuhi Hüseynov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR