Tarixin çətin və məsuliyyətli anlarında xalqının mənafeyi naminə mühüm qərarlar qəbul edən siyasi liderlər təmsil etdikləri xalqları zamanın sərt sınaqlarından üzüağ çıxararaq milli liderə çevrilmişlər. Ümummilli lider Heydər Əliyev isə ötən əsrin 70-80-ci illərindən respublikada milli müstəqilliyə etibarlı zəmin yaradaraq xilaskarlıq missiyasını həyata keçirmişdir. Bu, Azərbaycanı Azərbaycana, öz xalqına qaytarmaq məramının başlanğıcı idi. Azərbaycan xalqı öz görkəmli dövlət xadiminin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toparlaya bilmiş, dövlət müstəqilliyi üçün zəruri potensial yaratmışdır.
Hər birimiz “Azərbaycan mənim qibləgahımdır”, – deyən böyük şəxsiyyətin fəaliyyətində sonsuz fədakarlığın şahidi olmuşuq. Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən ulu öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur.
Ümummilli lider 1982-ci ildən sonra – SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, ermənilərin məkrli torpaq iddialarına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz belə qətiyyətli və prinsipial mövqeyinə görə ulu öndərimiz 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa vermişdir.
Bununla da, Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlanmışdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarılmış, tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədilmişdir. Lakin tarix sübut etdi ki, lideri olan xalq heç zaman darda qalmayıb. Ümummilli liderimiz Heydər Əliyev ali dövlət vəzifəsində olmasa da, Ona qarşı aparılan çirkin təbliğatlara baxmayaraq, həyatını təhlükə altında qoyaraq, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını elə imperiyanın paytaxtında – Moskva şəhərində kəskin ittiham etmişdi.
Bundan sonra dahi şəxsiyyətin Moskvada yaşaması mümkün olmamış və O, 1990-cı il iyulun 20-də Bakıya, sonra isə Naxçıvana qayıtmışdır. Xalqımızın böyük oğlunun Naxçıvana qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcına çevrilmiş, ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul olunmuş və Azərbaycanın müstəqillik yolunun əsası qoyulmuşdur.
1990-1993-cü illərdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdü. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində ümummilli liderin rəhbərliyi ilə Naxçıvan inkişaf edir, cəmiyyət quruculuğu sahəsində qətiyyətli addımlar atılırdı. Azərbaycan xalqı belə cəsarətli, düşünülmüş və məqsədyönlü, ümummilli mənafelərə xidmət edən addımların ölkə miqyasında da atılmasını tələb edirdi. Belə bir şəraitdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan etmişdir.
Ulu öndərimiz Heydər Əliyev hakimiyyətə elə bir dövrdə qayıtmışdı ki, Azərbaycanda iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş, cəbhədə hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş qarşıdurması, parçalanma həddinə çatmış, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Naxçıvandan Bakıya qayıdışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov belə xarakterizə edir: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına – AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir”.
Ulu öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarmış, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlamışdır. Beləliklə, dahi rəhbərimiz xilaskarlıq missiyasının növbəti mərhələsini həyata keçirmişdir. Sonralar ümummilli lider özü bu barədə deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan xalqımızın böyük oğlu idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünyanın aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan, nəticədə, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyev respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan maddi-mənəvi mədəniyyət abidələrinin, adət-ənənələrin, milli irsin qorunması və gənc nəslə aşılanması məsələlərinə xüsusi diqqət yetirmişdir. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasını çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Məhz ulu öndər Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genofondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması qayğısına qalmışdır.
Ötən dövrün təhlili bir daha təsdiqləyir ki, Azərbaycanın inkişafında 15 İyun Milli Qurtuluş Günündən başlanan yeni mərhələnin alternativi yoxdur. Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət Heydər Əliyev müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin etmişdir. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əldə olunan uğurların Heydər Əliyev yolunun davamı olduğunu bildirərək demişdir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız Azərbaycandakı böyük tərəqqinin daha geniş və parlaq müşahidə olunduğu məkandır. Blokada şəraitində olsa da, Naxçıvan yaşayır, sürətlə inkişaf edir. Muxtar respublikanın hər bir şəhəri, qəsəbəsi, kəndi yenidən qurulur, böyük və hərtərəfli tərəqqi işığında nura boyanır. Bütün bunlar isə zamanın dahisi, böyük xilaskar Heydər Əliyev siyasətinin təntənəsidir. Bu siyasət yolumuza daim işıq saçır, bizi zəfərlərə aparır.
Azərbaycanın güclü, qüdrətli dövlətə çevrilməsi, regionların sürətlə müasirləşməsi, xalqın rifah halının günbəgün yaxşılaşdırılması Milli Qurtuluş Gününün bəhrələridir. Odur ki, qədirbilən xalqımız hər zaman Qurtuluş Gününü əziz tutur, bu günü böyük sevinc və fərəh hissi ilə qeyd edir. Çünki ulu öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtulmuş, Milli Qurtuluş yüksək intibaha açılan qapı kimi tariximizdə yeni bir səhifə açmışdır. Bu səhifə isə bu gün olduğu kimi, gələcəkdə də müstəqil Azərbaycanın əsas inkişaf modeli olacaqdır. Ölkə Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.
“Şərq qapısı”