Yer üzünə insan oğlunun ilk addım atmasından bu yana min illər, əsrlər, qərinələr keçib, Adəm övladları mağaralarda yaşamlarını sonlandırdıqdan sonra özləri üçün evlər inşa edib nəsillərini davam etdiriblər. Yan-yörədəki heyvanları ovlayıb gün keçiriblər, əkib-becəriblər, su quyuları, kanallar qazıblar. Sonra evlərin qarmaqarışıq olduğunu görüb yavaş-yavaş planlı iş görməyə başlayıblar. Sonra yığışıb elin-obanın dərdini-sərini, xeyirini-şərini bölüşmək üçün meydanlar yaradıblar. Meydanlar elə yerdə olub ki, bütün yollar orada kəsişib, hamının qısa zamanda oraya toplaşmasına imkan yaranıb. Meydanlarda sıx çətirli ağaclar əkilib, kəhrizlər çağlamağa başlayıb, bu kəhrizlərin suyu elə meydanların bir tərəfində inşa edilən hamamlara axıb, insanlar paklanıb, təmizləniblər.
Sonra həmin yerin adamları görüblər ki, bu dünyada tək deyillər. Əli qılınc tutan başqa tayfalar, qəbilələr qənimət əldə etmək üçün tez-tez hücumlar edirlər. Onda düşünüblər ki, bu hücumların qarşısını almaq yalnız uca, möhkəm divarlar tikilməsi nəticəsində mümkün ola bilər. Bax beləcə qala-şəhərlər salınıb, insanlar əmin-amanlıqlarını elə o qala divarları arxasında sürdürüblər. Qala-şəhərlər hərb texnologiyasının inkişafı ilə yavaş-yavaş öz funksiyasını itirməyə başlayıb, qalalar şəhərlərin içində tarixin bir yadigarı kimi mühafizə edilib. Şəhərlər isə böyüdükcə böyüyüb. İnsanlar öz şəhərlərini sevib əzizləyiblər, onunla fəxr ediblər, şəninə şeirlər, nəğmələr qoşublar, bayatılar söyləyiblər. Bir sözlə, hər kəsə doğulub boya-başa çatdığı şəhəri doğma olub. “İnsanlar yaşadıqları şəhərə, şəhər isə qoynunda yer verdiyi insanlara oxşayır” ifadəsi də deyəsən buradan yaranıb. Tarix boyu yer üzərində minlərlə şəhər olub. Ancaq onlardan çox azı bu günə qədər varlığını qoruya bilib. Biri zəlzələdən dağılıb, biri, necə deyərlər, vəlvələdən. Biri vulkan külü altında qalıb, biri sellərə-sulara qərq olub, digəri isə amansız müharibələrin qurbanına çevrilib, viranə qalıb. Ancaq elə şəhərlər də olub ki, bütün keşməkeşlərə rəğmən bu günə qədər varlığını saxlaya bilib. Tanrı özü bu şəhərləri qoruyub, hifz edib, cahana hökm edən şahlar, xaqanlar bu şəhərləri yer üzündən silə bilməyiblər. İnsanlar isə yaşadıqları şəhərləri mühafizə edib, qurub-yaradıb, gələcək nəsillərə ötürüblər. Elə Naxçıvan şəhərini də bu qəbildən olan yaşayış məskənləri sırasına daxil etmək olar. Baş ucunda başı qarlı dağların, qənşərində adı dillər əzbəri olan Xan Arazın olduğu bu şəhərə tarix Naxçıvan adı verib. O Naxçıvan ki, min illərin soyuq ruzigarları qarşısında məğrur dayanıb, yada-namərdə qoynunda yer verməyib. Gün o gün olub ki, ona doğma, yaxın şəhərlərə aparan yolu, insanlara, torpaqlara nicat verən suyu, gözəlliyinə gözəllik qatan ağacları, evləri isidəcək mavi yanacağı kəsilsə də, doğma insanlarından üz döndərməyib, baltalanan ağaclarına, varı-yoxu yağmalanan fabrik-zavodlarına rəğmən dönük çıxmayıb, həmişə sədaqətli olub.
Ana öz övladlarını qarşılıqsız məhəbbətlə sevdiyi kimi, o da öz sakinlərini sevib, əzizləyib. Səbirlə gözləyib, gözləyib. Heç vaxt ruhdan düşməyib, peşman olmayıb. Bilib ki, gec-tez bu şəhərin çətin günlərinə ürəkdən kədərlənən, ona ürəyi yanan, ona nicat verəcək biri tapılacaq. Nəhayət, o gün gəlib çatıb. Bu şəhərdə doğulub boya-başa çatmış, onu canından çox sevən xalqımızın böyük oğlu Heydər Əliyev son nəfəsində olan şəhəri yenidən həyata qaytarmaq, qanayan yaralarına məlhəm qoymaq üçün buraya qayıdıb. Beləcə bu şəhər üçün zülmətin qapıları birdəfəlik bağlanıb, işığa, inkişafa, tərəqqiyə aparan yolun qapıları taybatay açılıb. O vaxtdan bu günə nə az, nə çox, düz 26 il vaxt keçib. Bütün bu illər ərzində şəhər keçmişin ona yadigar qoyduğu “xəstəliklərdən”, çatışmazlıqdan, diqqətsizlikdən aranıb, qayğıkeş insanların sarsılmaz iradəsi nəticəsində, sözün həqiqi mənasında, qaynar həyatın hökm sürdüyü şəhərə çevrilib. Özü də təmizliyi, səliqə-sahmanı, əmin-amanlığı, asayişi, yaşıllığı ilə dünyanın bir çox yaşayış məskənlərinə nümunə olacaq bir şəhərə.
N ədən, haradan başlayacağımı düşünərkən ilk ağlıma gələn, daha doğrusu, qulağımda çınlayan, doxsanıncı illərin
əvvəllərində, şəhərin baş meydanında Kalaşnikov avtomatından hara gəldi atılan, yoldan keçənləri yerə uzanmağa, vahimə içində ora-bura qaçmağa vadar edən güllə səsləri oldu. Bu hadisə o zamanın Naxçıvan şəhəri üçün adi hala çevrilmişdi və demək olar ki, hər gün baş verirdi. İndi o güllələr atılan yerdə şəhərin bugünkü asayişinin, əmin-amanlığının əsasını qoyan dahi rəhbərimizin möhtəşəm abidəsi ucaldılıb. Bu meydan al-əlvan gül-çiçəklər, büllur kimi bərq vuran fəvvarələr məkanına çevrilib. Burada indi silah səsləri deyil, günün istənilən saatında uşaqların şən-şaqraq gülüş, rahat skamyalarda oturub şirin söhbət edən insanların səsləri gəlir.
Ən çox insanların əziyyət çəkdikləri aylar qış fəslinə təsadüf edib. Bu aylarda insanlar odun-kömür tapmaq üçün bütün əlaqədar təşkilatlara müraciət edir, cavab tapmadıqda, səsləri-ünləri heç bir yerə yetmədikdə əlac xaos dövründə zəifin ən yaxşı silahına çevrilən baltaya qalırdı. Bağlarda-bağçalarda ağaclar qırılıb tökülür, bunun müqabilində evlər isidilirdi. İndi isə şəhərin istənilən ünvanında, istənilən iş yerində mavi yanacaq şölələnir. Əvvəllər qar yağmasından, şaxta olmasından oddan qorxan kimi qorxan şəhər əhalisi qış aylarında yalnız yağan qardan zövq alır.
Qaranlıq öz qalın pərdəsini bu şəhərin üzərinə çəkən kimi hər yer qapqara zülmətə bürünürdü. Tək-tük yerdə görünən işıqlar dövlət əhəmiyyətli idarələrin, müəssisələrin binalarından süzüləndə bu şəhərdəki hər kəs oradan evinə gizlincə necə elektrik xətti çəkmək haqda düşünürdü. O gün olmazdı ki, məhəllələrdə həddindən artıq yüklənmiş transformatorlardan partlama səsləri gəlməsin. İnsanlar da artıq buna alışmışdı. Bir də görürdün ki, məhəllə sakinlərindən biri əlinə mis məftil alıb transformatorların qoruyucusunu əvəzləməyə çalışır. Bəlkə də, buna görə idi ki, transformatorlar naşı ustaların əlindən bezara gəlib, o “ustaları” elə oradaca yerə yapışdırırdı. Sonra da bütün məhəllə bir nəfər kimi toplaşırdı əlaqədar orqanların qapısına. Xülasə, çox çətin günlər idi. Ancaq şəhər sakinləri üçün o illər çox-çox arxada qalıb. Gecələr şəhəri gur işıq seli öz ağuşuna alır. Yollar, küçələr, prospektlər, parklar, xiyabanlar sanki o günlərin acığına nurdan don geyir, qaranlığı aydınladırlar. Bakı şəhərindən Naxçıvana təyyarə ilə səfər edənlərin şəhərimizi qaranlıqda bərq vuran inciyə bənzətməsi heç də təsadüfi deyil.
Şəhəri son illərdə inanılmaz dərəcədə dəyişdirən amillərdən biri də burada genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılmasıdır. Yanacağın yoxluğu səbəbindən ağacların, demək olar
ki, kökünün kəsildiyi şəhəri indi yamyaşıl çinarlar, şamlar, küknarlar, müxtəlif meyvə ağacları, güllər, çiçəklər bəzəyir. Hər bir ağac, hər bir gül kolu körpə uşaq kimi qulluq görür. Bəlkə də, buna görədir ki, şəhərə gələn hər bir qonaq “Bu şəhərdə yaşamağa dəyər”, – deyir.
İ llər ötdükcə şəhərlər də insanlar kimi qocalır, – deyənlərin fikri ilə heç bir zaman razı olmamışam. Ona görə razı olmamışam ki, doğma Naxçıvan şəhərini ötən 20 il heç qocaltmayıb, əksinə, cavanlaşdırıb. Çətin illərin, çətin ayların ağır yükünü daşımaqdan beli bükülən bu şəhər son illərdə görülən işlər nəticəsində qamətini düzəldə bilib. İndi şəhərimizi bir-birindən gözəl binalar, evlər, bağ-bağçalar, şüşə kimi hamar yollar, körpülər bəzəyir. Naxçıvandan uzun müddət ayrılmış insanlar bir daha bura qayıdanda, şəhərin sürətlə gözəlləşdiyini görəndə heyrətlərini gizlədə bilmir, burada doğulub-böyüdüklərindən fəxarət hissi ilə danışırlar. Bəli, bu şəhər haqda ürəkdolusu danışmağa, onu vəsf etməyə istənilən qədər əsas var.
C anım Azərbaycanın ən dilbər guşələrindən biri olan muxtar respublikanın paytaxtı indi elmi mərkəzlər, universitetlər, institutlar, kolleclər şəhəridir. Bu gün şəhərdə binaları və texniki imkanları dünyanın ali təhsil ocaqlarından fərqlənməyən orta məktəblər var. Bu elm və təhsil müəssisələrində dünyanın ən qabaqcıl texnologiyalarından, tədris metodlarından istifadə edilir. Naxçıvan Azərbaycanın gələcəyi üçün minlərlə gənc – savadlı, intellektli, yaradıcı, təşəbbüskar kadrlar yetişdirir. Bu gün Naxçıvan ziyalılar şəhəridir.
Artıq bu şəhərdə heç kim səhhətində problemlər olduqda uzun məsafələr qət edib başqa ölkələrə üz tutmur, yaxşı tibb ocağı, yaxşı həkim axtarmır. Bu gün Naxçıvan şəhərində ən müasir avadanlıqlarla təchiz edilmiş tibb ocaqları var. Dünyanın inkişaf etmiş ölkələrinin səhiyyə ocaqlarında istifadə olunan belə avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri “insan ən böyük kapitaldır” deyimini bir daha təsdiqləyir. Artıq bu ünvanlara tez-tez müraciət etməyə də ehtiyac yoxdur. Çünki həkim briqadaları mütəmadi yerlərdə olur, insanların səhhəti ilə maraqlanırlar. Həkimlər xəstəxanadan zəng edərək insanları profilaktik müayinələrə cəlb edirlər. Paytaxt Bakı şəhərindən gəlib humanitar aksiyalar keçirilməsini də əlavə etsək, naxçıvanlıların hansı qayğı əhatəsində olduğunu görərik.
H əmişə yolumu Naxçıvanqaladan salanda, oradakı muzeyi ziyarət edəndə, tarixin daş yaddaşı olan eksponatlara baxanda, qala bürclərinin daş əzəmətinə tamaşa edəndə bu qalanın dünəni ilə bu gününü müqayisə etmişəm. Ötən günləri yada salanda ağlıma uçuq, baxımsız divarlar, taleyi ilə az qala barışmış, təslim olmağa hazır olan bürclər gəlir. Bu gün həyatının ikinci baharını yaşayan qala öz məğrur duruşu ilə gələnləri heyran edir. Naxçıvan şəhərinin qədimliyinin, əzəmətinin daş nümunəsi olan bu qala şəhərin simvoluna çevrilib. İndi Naxçıvan şəhərində bərpa olunaraq yenidən həyata qaytarılan tarixi abidələr çoxdur. Qaytarılan təkcə abidələr deyil, qan yaddaşımız, daşlaşan tariximiz, bu xalqın möhtəşəm keçmişidir. Məscidləriylə, qalalarıyla, hamamlarıyla, kəhrizləriylə Naxçıvan şəhəri tarixə ayna tutur, onu işıqlandırır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim diyarın paytaxtı indi beynəlxalq elmi konfranslara, idman tədbirlərinə, festivallara, çempionatlara ev sahibliyi edir. Bir zamanlar əməlli-başlı futbol sahəsi olmayan bu şəhərdə indi ən müasir tələblərə cavab verən idman qurğuları var. Dünyanın aparıcı ölkələrindən gələn qonaqlar da etiraf edirlər ki, ölkələrində bu qədər hərtərəfli təmin edilmiş idman qurğuları, mehmanxanalar yoxdur. Bu, məncə, Naxçıvan şəhərinin son illərdəki inkişafının təntənəsi, dövlətimizin gələcəyimiz olan gənclərin sağlam böyüməsinə göstərdiyi diqqətin göstəricisidir.
N axçıvan şəhəri bir zaman işsizlər şəhəri kimi tanınsa da, indi iş adamlarının, dövlət qulluqçularının, müxtəlif peşə sahiblərinin, xalq sənətkarlarının, incəsənət adamlarının şəhəridir. Hər kəs öz sahəsində yaradıcı olmağa çalışır, ölkəmizin gələcəyi, dövlətimizin qüdrətlənməsi üçün səy göstərir. Dövlətimizin əhalinin məşğulluğunu təmin etmək üçün atdığı ardıcıl və qətiyyətli addımlar işsizi iş adamı, evsizi ev sahibi edib. Gənc ailələrin sosial müdafiəsi gücləndirilib, kiçik sahibkarlığa diqqət artırılıb, fiziki imkanları məhdud insanların bir sıra sosial layihələr çərçivəsində məşğulluğu təmin edilib. Bu şəhər yeganə şəhərlərdəndir ki, bütün imkanlar sakinlərin yaxşı yaşaması, rahat şəraitdə işləməsi və istirahət etməsi üçün səfərbər edilib.
Hər dəfə səfərdən, yad ellərdən doğma diyara qayıdanda bu şəhərə çatmağa, onun küçələrində addımlamağa, şəhərin ən qiymətli incisi olan insanlar ilə söhbət etməyə tələsmişəm. Elə olub ki, uzaqdan bu şəhərin möhtəşəm binaları görünəndə uşaq kimi sevinmişəm. Yurdumun paytaxtını bütün şəhərlərdən doğma, əziz bilmişəm. Daşından tutmuş suyuna, ağacına, havasına sonsuz sevgi, məhəbbət bəslədiyim bu şəhərin vurğunu olmuşam. Ətrafından mərkəzə kimi istedadlı bir rəssamın incə bir zövqlə işlədiyi bir mənzərəyə bənzəyən bu şəhər ulu öndərimiz Heydər Əliyevin yaratdığı Azərbaycan adlanan şah əsərin qızıl hərflərlə yazılmış səhifəsidir. Rəhbərin, yol göstərənin bələdçiliyi ilə yenidən qovuşduğumuz məkandır. Ən Layiqli İnsanların Yurdu, Evi, Vətənidir.
BURA NƏQŞİ-CAHANDIR!
Səbuhi Hüseynov