24 Dekabr 2024, Çərşənbə axşamı

İyunun 13-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanın Qurtuluş tarixi” mövzusunda elmi-praktik konfrans keçirib.
Naxçıvan Dövlət Tarix Muzeyində keçirilən konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhim­ovun, həmin muzeyin baş elmi işçisi Nərminə Allahverdiyevanın məruzələri olub.

Məruzələrdə qeyd edilib ki, ulu öndər Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçiləndə sosial-iqtisadi inkişafa görə keçmiş SSRİ-nin geridə qalan, ictimai-siyasi və sosial xaosun hökm sürdüyü respublikanı öz sələflərindən təhvil almışdı. Lakin ümummilli lider hakimiyyətinin elə ilk günlərindən Azərbaycanda mövcud olan problemlərin həlli üçün iradə ortaya qoyub və məhz öz uzaqgörənliyi, xalqa bağlılığı və dərin siyasi zəkası nəticəsində respublikamızı inkişafına görə keçmiş Sovetlər Birliyinin ilk üçlüyünə daxil olan ölkələr sırasına çıxarıb. İstər milli-mədəni, təhsil və elm, istərsə də ordu quruculuğu sahəsində milli kadrların yetişdirilməsi məsələsində Azərbaycan XX əsr tarixinin intibah dövrünü məhz 1969-1982-ci illərdə yaşayıb.
Bildirilib ki, ermənilərin Azərbaycan torpaqlarına təcavüzünün 1988-ci ildən başlandığı növbəti mərhələdə Naxçıvan da düşmənin real işğal təhlükəsi ilə üz-üzə dayanmışdı. Ulu öndərin 1990-cı il iyulun 22-də Naxçıvana qayıdışı və muxtar respublika rəhbəri kimi 1991-1993-cü illərdə həyata keçirdiyi tədbirlər Naxçıvanı işğaldan xilas edib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul edilən tarixi qərarlarla ümummilli lider müstəqil Azərbaycan dövlətçiliyinin əsasını Naxçıvanda qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin düşünülmüş və çevik siyasəti ilə muxtar respublika eyni zamanda sosial-iqtisadi fəlakətdən də xilas olub.
Bildirilib ki, ümummilli liderimizin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra Onun rəhbərliyi altında ölkəmiz 1993-2003-cü illərdə özünün möhtəşəm müstəqil dövlət quruculuğu salnaməsini yaradıb. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızda yaratdığı sosial-iqtisadi potensialı müstəqil Azərbaycan dövlətinin dirçəlməsi naminə uğurla istifadə edib, Azərbaycan Heydər Əliyevin liderliyində Qurtuluş mübarizəsini qalibiyyətlə başa vuraraq müasir, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun inkişafından hüquqi-siyasi, sosial-iqtisadi və elmi-mədəni intibah dövrünə qədəm qoyub. Heydər Əliyev yolu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan günbəgün inkişaf edir, yeni qələbələr qazanır.
Vurğulanıb ki, 1995-ci ildən üzübəri Naxçıvanda həyata keçirilən hərtərəfli quruculuq siyasəti ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasına əsaslanıb. Naxçıvan Muxtar Respublikası həm sosial-iqtisadi inkişaf, həm də muxtar dövlət quruculuğu baxımından regionun və dünyanın analoji siyasi sistemlərinə nümunədir, inkişafın Naxçıvan modeli müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
Konfransa Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli yekun vurub.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib. Məşğələni institutun rektoru, professor Oruc Həsənli açıb.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikası 1991-ci il ok­tyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi. Amma müstəqilliyin qorunmasının əldə edilməsindən nə qədər çətin olduğunu sonrakı hadisələr bir daha təsdiqlədi. Çünki cəmi iki il ərzində bir neçə dəfə hakimiyyət dəyişikliyi yaşamış Azərbaycan dövləti daxili çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi, total xaos, Ermənistanın işğalçılıq siyasəti, ən nəhayət, səriştəsiz dövlət idarəçiliyi səbəbindən dərin uçuruma sürüklənmişdi. Dövlətlə xalq arasında yaranan uçurum ölkədə separatizmin baş qaldırmasına, Azərbaycanın parçalanmasına və müstəqilliyin itirilmə təhlükəsinin yaranmasına gətirib çıxarmışdı. Bu səbəbdən də insanlar ölkənin düşdüyü ağır vəziyyətdən xilas edilməsini istəyirdi. Məhz belə bir dövrdə – 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyev xalqın təkid və xahişlərindən sonra Naxçıvandan Bakıya getdi.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hələ Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə əsl vətənpərvərliklə, liderlik qabiliyyəti ilə dövlət müstəqilliyinin qazanılması sahəsində mühüm tədbirlər həyata keçirmişdi. Respublikamızda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdı.
1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı. Görkəm­li dövlət xadiminin ikinci dəfə ali hakimiyyətə qayıdışı məhz xalqımızın Qurtuluşunu təmin etdi.
Vurğulanıb ki, hər bir dövlətin inkişafı və tərəqqisi onun siyasi sabitliyindən, bu faktorun üzərində qurulmuş güclü iqtisadiyyatdan asılıdır. Elə bu səbəbdən də ümummilli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan Prezidenti seçildikdən sonra ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atdı. Ulu öndər Heydər Əliyev, ilk növbədə, cəbhədə atəşkəs sazişinin imzalanmasına nail oldu. Qısa bir müddətdə Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacaq neft müqavilələri imzalandı. Ölkəmizdə bütün istiqamətlərdə kompleks islahatlar həyata keçirildi, elmi, mədəni, iqtisadi və digər sahələrdə nailiyyətlər əldə olundu. Eyni zamanda ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yaradılmış komissiya tərəfindən Azərbaycan Respublikasının ilk Konstitusiyası hazırlandı və ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul edildi.
Vəli Baxşəliyev deyib ki, ötən dövrdə Azərbaycan sürətlə inkişaf edərək regionun ən güclü dövlətinə çevrilib. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası da Heydər Əliyev siyasətinin uğurlu davamı nəticəsində hərtərəfli inkişaf edib. Həyata keçirilən quruculuq-abadlıq tədbirləri çərçivəsində muxtar respublikada yüzlərlə təhsil, səhiyyə, mədəniyyət ocağı tikilib və ya yenidən qurulub. Regionumuzun ən ucqar kəndlərində, eləcə də digər yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb. Bütün bunlar isə Milli Qurtuluş Gününün bəhrələridir.
Tədbirə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli yekun vurub.

*  *  *

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən, 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş lektoriyadan əvvəl məktəbin həyətində ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyulub.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açıb.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə və hərtərəfli inkişafına həsr edib. Ulu öndər Heydər Əliyev hələ keçən əsrin 60-cı illərindən başlayaraq daim ölkəmizin müstəqilliyini düşünür və bu yolda o dövr üçün çox çətin olan müəyyən addımlar atırdı. Gələcək müstəqil Azərbaycanın təməl daşlarının atıldığı həmin dövrlərdə yüzlərlə azərbaycanlı gənc ali təhsil almaq üçün keçmiş ittifaqın nüfuzlu təhsil ocaqlarına göndərilir, hərbçi kadrların yetişdirilməsinə diqqət artırılır, ölkədə səhiyyə, mədəniyyət, təhsil, idman obyektlərinin yaradılmasına ciddi fikir verilir, bütün sahələrin inkişafı diqqətdə saxlanılırdı. İmperiyanın süqutundan sonra ölkə­miz öz müstəqilliyinə qovuşdu. Ancaq bu müstəqilliyi qoruyub saxlamaq heç də asan olmadı. Bir tərəfdən daxili sabitliyin pozulması, digər tərəfdən ölkəmizə qarşı elan olunma­mış müharibə Azərbaycanı məhvə doğru sürükləyirdi. Məhz belə bir dövrdə xalqın yeganə ümidi ümummilli liderin siyasi hakimiyyətə qayıtması idi. 1993-cü ilin 15 iyununda ulu öndərimizin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan qurtardı.
Lektoriyada məktəbin müəllimləri Rahilə Seyidovanın “Xalqın qəlbində əbədi yaşayan Şəxsiyyət”, Aynur Mustafayevanın “Zirvələrə aparan yol” mövzularında çıxışları olub.
Çıxışlarda vurğulanıb ki, Milli Qurtuluş Günü kimi tarixə düşmüş 15 iyun xalqımızın gələcəyə olan ümidlərini özünə qaytardı, hər şeydən əziz olan müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə imkan verdi. Azərbaycan ümummilli lider Heydər Əliyevin sayəsində inkişaf və tərəqqi yoluna çıxdı. Artıq 20 ildən çoxdur ki, Azərbaycan bu yolla inamla irəliləyərək inkişaf edir, yeni uğurlara imza atır.
Sonda tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Azərbaycan qədər əbədi” filminə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR