24 Dekabr 2024, Çərşənbə axşamı

İctimai həyatın mühüm tələbatlarından biri ümumi qəbul olunmuş norma və qaydalara əməl etməklə cəmiyyətdə hərtərəfli inkişafa nail olmaqdır. Hərtərəfli inkişaf isə hərbi-siyasi gücü təmin edən ən mühüm şərtdir ki, bu da olmadan milli təhlükəsizliyimiz, yəni gələcəyimiz olmaz. Deməli, hərtərəfli inkişaf edib ölkəmizi, dövlətimizi gücləndirməyimiz üçün çox çalışmalı və hər sahədə nümunəvi olmalıyıq.
Bir çoxlarının nəzərində inkişaf hansısa ölkənin güclü iqtisadiyyatı, maddi sərvəti deməkdir. Əlbəttə ki, məsələyə sırf statistik-təhlili nəzərdən baxdıqda belə arqumentlər həmişə ön plana çıxır. Çünki iqtisadiyyat həmişə inkişafın əsas meyarı olub. Lakin inkişafın mənəviyyat, insanın dünyagörüşü, onun cəmiyyətin birgəyaşayış norma və qaydalara əməl etməsi baxımından da ciddi tələbləri vardır. Müasir dünyaya diqqətlə nəzər saldıqda çox aydın görünən bu incə xətlər diqqətimizi cəlb edir: inkişaf təkcə rəqəmlərlə ölçülən bir meyar deyildir.

Şübhəsiz, yaxın keçmişə, yəni müstəqilliyimiz dövründə ölkəmizin və eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişaf yoluna nəzər saldıqda çox sayda fərəhdoğuran rəqəm, fakt və hadisə göz önündə canlanır. Məhz bu inkişafımızın nəticəsidir ki, muxtar respublikanın xarici-iqtisadi əlaqələri davamlı olaraq genişlənir. Xüsusən son 20 ildə insana diqqət, asayiş və ekoloji mədəniyyət kimi sahələrdə qazandığımız keyfiyyətlər sarıdan bu gün bir çox inkişaf etmiş ölkələrlə belə, müqayisədə çox üstünük. Deməli, hərtərəfli inkişafa qovuşmaq üçün kiminsə ideal hesab etdiyi bir cəmiyyət modelinə bənzəmək yerinə öz milli dövlətçiliyimizi möhkəmləndirmək və mədəniyyətimizi qoruyub saxlamaq üçün tutduğumuz yolla davam etməliyik. Ən doğru yol kimi bütün bunlar keçən iyirmi ilin Naxçıvan təcrübəsində bir daha açıq görünür.
Naxçıvan öz tarixi boyu bu qədər zəngin dövr keçməmişdir. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindəki böhran, dağıdıcılıq və az qala həyata inamsızlıq kimi kataklizmlərin vurduğu yaraların sağaldılması üçün bu dövrdə nə qədər əziyyətli yollardan keçdik. O dövrdə qurulacaq yeni həyat üçün keçmiş sovet rejiminin qanunlarının bütün cəmiyyətcə inkar olunması və yenicə qazanılmış müstəqilliyin kövrək addımlarının möhkəmləndirilərək güclü, müstəqil Azərbaycan qurulması hamının arzusu idi. Ancaq bu sadalananların xəyallardan real həyata tətbiqi yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin bir xilaskar kimi yenidən ölkəmizin rəhbərliyinə qayıtması ilə başladı. Və indi geriyə dönüb baxdıqda görürük ki, iqtisadi gücə görə geridə qoyduğumuz ölkələr arasında bizdən həm ərazicə, həm də əhalicə böyük olanlar az deyil. Hətta onlar arasında Avropa İttifaqının üzvləri olan ölkələr də vardır.
Ölkəmizin müasir inkişafında Naxçıvan Muxtar Respublikasının öz töhfələri vardır. Müstəqilliyimizin ilk dövrlərindən başlayaraq, istər mühüm siyasi qərarların verilməsi, istərsə də iqtisadi islahatların aparılması baxımından Naxçıvan həmişə ön cərgələrdə olub. Naxçıvan özünün yerləşdiyi coğrafi mövqeyi ilə ölkəmizin əsas hissəsindən aralı düşsə də, onsuz ölkə gündəminin bir günü belə, olmayıb. Bu, müstəqilliyimizin ilk illərində, ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə də belə olub və indi də eyni templə davam etməkdədir. Bu ritmin sirlərini açmaq, onu təhlil etmək gələcəkdə təkcə siyasət bilicilərinin deyil, həm də iqtisadçıların, mədəniyyətşünasların tədqiqat işləri olacaq. Ancaq bu gün yurdumuza səyahət edən hər bir qonaq bunları soruşur: Necə oldu ki, blokada vəziyyətində olan Naxçıvanda çox qısa bir zamanda bu qədər möhkəm qorunan sabitliyə nail olundu? Hansı səbir və siyasi iradə ilə blokada çətinlikləri arxada qaldı? Çoxlarına maraqlıdır ki, görəsən, bu gün bir az qıtlıq və çətinlik yaşanan yerlərdə kütləvi iğtişaş və vətəndaş itaətsizliyi baş qaldırdığı halda, necə oldu ki, naxçıvanlılar illərlə blokadanın yaratdığı belə çətinliklərə həmrəyliklə sinə gərdilər? Əcnəbi turistlərə və diyarımızın qonaqlarına inandırmaq çətindir ki, bütün bunlar naxçıvanlıların özünə və doğmalarına, həmvətənlərinə və qonaqlarına, nəhayət, bütün insanlığa olan sevgisindən, qanunlara səmimi hörmət hissindən qaynaqlanır. Doğrudan da, bu gün çox sayda ölkədə bu qanunlar şəhərin küçələrində əldə silah növbə çəkən hərbçi, polis və döyüş texnikası hesabına yaradılır. Ancaq Naxçıvanda bunlar varmı? İnsanların ürəyində kök salmış vətənpərvərliyi, qanına hopmuş tolerantlığı təkcə insana deyil, bütün yaradılana məhəbbət hissləridir ki, bu torpaqda heç nə ögey deyildir. Bütün qurulub yaradılana nəzarət, əkilən hər ağaca qulluq, hər çiçək açmış gülkarlığa nəvaziş təkcə bir nəfərin istəyi deyil bu torpaqda. Bu, bizim bir həyat tərzimiz, əqidəmizin prinsipidir. Öz əqidəsində isə naxçıvanlılar polad kimi sərtdirlər. Çünki vətənə və dövlətə sədaqət ruhu ilə yaşayan hər bir naxçıvanlı harada olursa olsun, bir amal, bir sevgi üçün yaşadığını həmişə yaxşı bilir. Bu, onun üçün hər şeydən əziz olan Azərbaycan, onun hər qarış torpağıdır.

Əli Cabbarov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR