24 Dekabr 2024, Çərşənbə axşamı

 

Türkiyənin görkəmli hərb və dövlət xadimi Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir iyunun 2-də Naxçıvan Muxtar Respublikasına gəlib. Səfər çərçivəsində Timsal Qarabəkir Naxçıvan Dövlət Universitetində “Əsrin sınaqlarında ədib və paşa – Hüseyn Cavid və Kazım Qarabəkir” mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransı giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ali təhsil ocağının qonaqlarını salamlayıb, Timsal xanımı Naxçıvan Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib.

Tədbirdə Kazım Qarabəkir Vəqfinin sədri Timsal Qarabəkir foto­slaydlar vasitəsilə atasının mübariz həyat yolu haqda məlumat verib. O deyib ki, Kazım Qarabəkirin həyatı və mücadiləsi Osmanlı və Türkiyə Cümhuriyyəti tarixinin ən önəmli səhifələrini əhatə edir. Onu qocaman Osmanlının son illərində baş verən hadisələrdə, Qurtuluş Savaşının mərkəzində, türk millətinin daxili və xarici düşmənlərə qarşı apardığı mücadilənin önündə görürük və adı Qurtuluş Savaşının bayraqdarı Mustafa Kamal Atatürklə birgə çəkilir. Ancaq bu böyük insan yalnız bacarıqlı bir sərkərdə, qalib komandan deyil, həm də dövrünün tərəqqipərvər ziyalısı, maarifçisi, xeyriyyəçisi olub.
Timsal Qarabəkir vurğulayıb ki, Kazım Qarabəkir Paşa yalnız Anadolu ellərində deyil, bütün Türk dünyasında hörmətlə anılan qəhrəmandır. XX əsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələri erməni daşnakları tərəfindən talan edilir, yerlərdə müsəlman əhaliyə qarşı böyük qırğınlar törədilirdi. Bu baxımdan Naxçıvanın vəziyyəti daha ağır idi. Azərbaycanın əsas ərazisindən ayrı düşmüş Naxçıvanda ermənilərin törətdiyi soyqırımı nəticəsində təkcə 1918-1921-ci illərdə yüzlərlə kənd dağıdılmış, 80 minə yaxın dinc müsəlman əhali qətlə yetirilmişdi. Kazım Qarabəkir Paşa yardıma gəlmiş, Naxçıvan əhalisi onu böyük ruh yüksəkliyi ilə qarşılamışdı. Türk bayrağının qaldırılması münasibətilə təşkil olunmuş izdihamlı mitinqdə çıxış edənlərin hər biri xilaskar türk ordusuna və onun yenilməz komandanı Kazım Qarabəkir Paşaya sonsuz sevgilərini çatdırmışdılar. Kazım Qarabəkir Paşa təcili olaraq Naxçıvanda nizami ordunun yaradılması işinə başlamışdı.
Naxçıvanda qonaqpərvərliklə qarşılanmasından böyük sevinc hissi keçirdiyini dilə gətirən Timsal Qarabəkir onu da qeyd edib ki, Azərbaycanda, ələlxüsus Naxçıvan torpağında atasının adının xüsusi ehtiramla, xilaskar sərkərdə olaraq xatırlanması qürurvericidir. Kazım Qarabəkir Paşa doğmaları, yaxınları və müasirləri tərəfindən həm də ailəsinə, əqidəsinə, inamına bağlı duyğusal bir insan olaraq xatırlanır. İllərlə hərbin sərt tələblərinə uyğun olaraq şanlı bir əsgər həyatı yaşamağına baxmayaraq, onun sevdiyi insanlarla davranışına, münasibətlərinə heyran qalmamaq mümkün deyil.
Çıxışının sonunda Timsal Qarabəkir Kazım Qarabəkir Vəqfinin plaketini Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmova təqdim edib.
Sonra Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Nihat Erşenin, “Turan Cavid Qadın Mərkəzi” İctimai Birliyinin sədri Sevda Cəfərovanın, Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin, Qars Qafqaz Universitetinin nümayəndələrindən Oktay Qızılqaya və Cem Tüysüzün çıxışları olub.
Çıxışlarda Kazım Qarabəkir və Türk dünyasının böyük şairi Hüseyn Cavid arasında Naxçıvan Rüşdiyyə məktəbində yaranan dostluq münasibətlərindən, görkəmli sərkərdə və dahi ədibi birləşdirən ideyalardan, hər iki şəxsiyyətin əsrin sınaqlarına qarşı apardığı mübarizədən söhbət açılıb. Qeyd edilib ki, bəşəriyyət tarixi çox sərkərdələr görüb. Ancaq Kazım Qarabəkirin şəxsində tamam ayrı-ayrı sənət sahiblərinə xas xüsusiyyətlər cəmləşdiyindən, o, bütün bu işlərin öhdəsindən qibtəolunacaq dərəcədə bacarıqla gələ bilib. Türk dünyası üçün Kazım Qarabəkir müharibə sənətinin, Hüseyn Cavid isə söz sənətinin zirvəsində dayanır. Hər iki şəxsiyyətin ən böyük arzusu xalqını və ölkəsini azad görmək olub. Bu gün onların arzuları gerçəkləşib.
Konfransın bədii hissəsində tələbələrin ifasında o dövrün həqiqətlərindən bəhs edən səhnələr nümayiş etdirilib, sarsılmaz Azərbaycan-Türkiyə dostluğunu tərənnüm edən mahnılar oxunub.
Konfransdan sonra qəzetimizə müsahibə verən Timsal Qarabəkir deyib ki, burada həmsöhbət olduğu hər bir insan Kazım Qarabəkiri hörmət və ehtiramla yada salır, onun bu torpaqların erməni işğalçılarından təmizlənməsi yolunda xidmətlərini yüksək qiymətləndirir. Naxçıvanın ən görkəmli yerində onun adını daşıyan möhtəşəm bir məscidin istifadəyə verilməsi, buranın qısa zamanda əhalinin axın etdiyi ibadətgaha çevrilməsi bu yerin insanlarının Kazım Qarabəkirə olan sonsuz sevgisindən xəbər verir.
Konfransdan sonra universitetin tələbələrindən İnci Məmmədzadə, Musa Nəcəfov və Ləman Vəliyeva ilə həmsöhbət olub konfrans haqda təəssüratlarını öyrəndik. Onlar bildirdilər ki, Kazım Qarabəkir Vəqfinin sədri Timsal Qarabəkirin nümayiş etdirdiyi fotoşəkillər, verdiyi məlumatlar o dövrdə baş verən hadisələr haqda tələbələrdə dolğun təəssürat yaradıb.

Səbuhi Hüseynov

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR