24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları da muzeylərimizi ziyarət edirlər.

Ötən gün Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Güləş Federasiyasının üzvləri Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində, Boks Federasiyasının üzvləri Dövlət Bayrağı Meydanı və Muzeyində, Basketbol Federasiyasının üzvləri Cəmşid Naxçıvanskinin ev-muzeyində olublar.

Heydər Əliyev Muzeyində idmançılara məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə yaradılıb və 10 may 1999-cu ildə fəaliyyətə başlayıb. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, görkəmli dövlət xadiminin istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş por­tretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin təhsil illəri, ilk əmək fəaliyyəti, 1969- 1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbər­lik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir. Həmin materiallar ulu öndərimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, dahi rəhbərin mənalı həyatı, zəngin və çoxşaxəli ömür yolu barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Boks Federasiyasının idmançıları və məşqçiləri Dövlət Bayrağı Meydanı və Muzeyini ziyarət ediblər. Ziyarətçilərə bildirilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilmiş üçrəngli bayrağımız ikinci dəfə ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 17 noyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
1990-cı illərdə qəbul olunmuş tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında muzeydə ətraflı məlumatlar yerləşdirilib.
Cəmşid Naxçıvanskinin ev-muzeyini ziyarət edən Basketbol Federasiyasının üzvlərinə muzey haqqında ətraflı məlumat verilərək bildirilib ki, bu muzey Kəngərlilər nəslinin nümayəndəsi, Azərbaycan atıcı diviziyasının komandiri, general Cəmşid Naxçıvanskinin anadan olmasının 85 illiyi ilə əlaqədar 1981-ci ildə vaxtilə onun yaşadığı evdə yaradılıb. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyalarından ibarət 6 minə yaxın eksponat qorunub saxlanılır. Bu eksponatlardan 1000-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Onlar içərisində Cəmşid Naxçıvanski­nin ilk hərbi təhsil illərinə aid fotoşəkillər, Birinci Dünya müharibəsinə aid sənədlər, 1918-1920-ci illərdə milli orduda hərbi xidmətləri, 1921-1931-ci illərdə Azərbaycan ilk milli atıcı diviziyasına komandirliyi dövrünə aid fotoşəkillər, eləcə də 1931-1933-cü illərdə Frunze adına Hərbi Akademiyada təhsil aldığı və 1933-cü ildən hərbi pedaqoji fəaliyyətə başladığı illərə dair qiymətli sənədlər var.
Qeyd edək ki, muzeyləri 100-dən çox idmançı ziyarət edib.

 Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR