AMEA Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov İsveç Krallığının Stokholm şəhərindəki hərbi muzeydə keçirilən “İN HOC SIGNO VINCES” (Bu bayraq altında qalib gələcəksən) Beynəlxalq veksilloloji (bayraqşünaslıq) simpoziumda “Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları” adlı məruzə ilə çıxış edib.
Veksillologiya yeni elm sahəsi olaraq bayraqlar və ştandartların tarixi, inkişaf mərhələlərini araşdırır. Veksillologiya üzrə keçirilən bu konfransda Azərbaycan nümayəndəsi ilə bərabər, Polşa (Varşava Milli Muzeyi, Krakov Milli Muzeyi, Polşa Silahlı Qüvvələri Muzeyi, Vilanovda Kral Sarayı Muzeyi, Böyük Polşanın Hərbi Muzeyi), Rusiya (Moskvanın Kreml Muzeyləri, Dövlət Ermitaj Muzeyi, Artilleriya Hərbi-Tarix Muzeyi), İsveç (İsveç Hərbi Muzey), Belarus, Almaniya, Vyena, İsveçrə, Avstriya və İspaniya nümayəndələri də iştirak etmişlər.
Pərvin Gözəlov “Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları” məruzəsində Naxçıvan xanlığının XVIII-XIX əsr dövlət və döyüş bayraqları haqqında məlumat verərək demişdir ki, elmi tədqiqatlar nəticəsində aşkar edilmiş Naxçıvan xanlığının dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür. Naxçıvan xanlığının dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyası, xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması sübut edir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağındakı rəmzlər və rənglər Azərbaycan Xalq Cümhuriyyətindən də qabaq Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və Azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirir. Bayraqda əks olunmuş ulduz Möminə xatın türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Qeyd edilmişdir ki, nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib. Bayraqların təsvirlərini təhlil edərkən belə qənaətə gəlinir ki, təqdim edilən bayraqların tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.
Beləliklə, ilk dəfə olaraq Naxçıvan xanlığının bayraqları beynəlxalq simpoziumda tam və dolğun şəkildə təqdim edilmişdir.
Xəbərlər şöbəsi