Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 20 fevral 2016-cı il tarixdə elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının andiçmə mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli tədbir iştirakçılarını Milli Qurtuluş Günü və dövlət qulluğuna qəbul olunmaları münasibətilə təbrik edib.
Muxtar respublikada dövlət qulluğunun səmərəli təşkili və idarə olunması məsələlərindən danışan İsmayıl Qəribli deyib ki, komissiya tərəfindən indiyədək keçirilmiş 10 müsabiqədə 647 nəfər dövlət qulluğu vəzifələrinə təyin olunub.
Sonra müsabiqəni uğurla başa vurmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə and içiblər.
Xatırladaq ki, komissiya tərəfindən müsabiqəyə 36 dövlət orqanı üzrə 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 634 nəfər sənəd təqdim etmişdi. Test imtahanları mərhələsində 563 namizəd iştirak etmiş, keçid balını toplaya bilmiş 141 namizəddən 124 nəfəri müsahibə mərhələsində iştirak etmək üçün sənəd təqdim etmişdi. Müsahibə mərhələsində iştirak edən 124 namizəddən 84-ü müvəffəqiyyət qazanmış, onlardan 67-si iddia etdikləri dövlət orqanları üzrə vakant vəzifələrə təyin olunmuşdur.
Xəbərlər şöbəsi