Azərbaycan və Yaponiyanın regionları arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması çərçivəsində Okinava prefekturasının Miyakocima şəhərində prefekturanın nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri barədə fotosərgi açılıb.
Sərginin açılış mərasimində Okinava prefekturasının və Miyakocima şəhərinin rəhbərliyi, Azərbaycanın Yaponiyadakı səfiri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən səfir Gürsel İsmayılzadə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə məlumat verib, son illər əldə edilən yüksək iqtisadi uğurlardan danışıb. Ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı məqsədilə regionlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Bir həftə davam edəcək sərgidə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının füsunkar təbiəti, tarixi və mədəniyyət abidələri, eləcə də iqtisadi obyektlərinə dair fotolar nümayiş etdirilir.
Miyakocima şəhər parlamentində tarixdə ilk dəfə xarici dövlətin nümayəndəsi kimi çıxış edən səfir şəhər parlamentinin üzvlərinə ölkəmiz, eləcə də Azərbaycan-Yaponiya münasibətləri haqqında ətraflı məlumat verib. Miyakocima şəhər parlamentinin üzvlərini qədim tarixə, zəngin mədəniyyətə və müasir inkişafa malik olan Naxçıvan haqqında məlumatlandıran diplomat iki şəhər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasının ölkələrimiz arasındakı əlaqələrə müsbət töhfələr verəcəyinə əminliyini ifadə edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri, Tokio