Bu mövzuda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib
Naxçıvan Tibb Kollecində “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Milli Qurtuluş Gününə həsr olunan məşğələni giriş sözü ilə Naxçıvan Tibb Kollecinin direktor əvəzi Mehri Seyidbəyli açaraq tədbir iştirakçılarına ulu öndərimizin keçdiyi həyat yolu, görkəmli dövlət xadiminin siyasi fəaliyyəti, müstəqil Azərbaycan naminə gördüyü işlər, xalqın qurtuluşu üçün misilsiz xidmətləri haqda məlumat verdi.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli məruzəsində qeyd etdi ki, 1990-cı ilin iyulunda ulu öndər Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıtması muxtar respublika əhalisi tərəfindən böyük ümid və sevinc hissi ilə qarşılandı, bu tarixi hadisə Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının başlanğıcı, istinad nöqtəsi oldu. 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ümummilli lider Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ulu öndərimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü.
Bildirildi ki, 1993-cü il iyun ayının əvvəllərində ölkəmizdə yaranmış gərgin ictimai-siyasi hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qaldı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ulu öndərimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. 15 iyundan başlayaraq ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi-demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması istiqamətlərində əsaslı addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdüldü. Xalqın təkidi ilə ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra ölkədə bərqərar edilən dinamik sosial-iqtisadi inkişaf və siyasi sabitlik müstəqilliyimizin möhkəmləndirilməsində, ölkəmizin sivil dünyaya qovuşmasında, beynəlxalq aləmə inteqrasiyasında və müasir cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Bu yolu davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düzgün, düşünülmüş siyasəti ölkəmizi uğurlardan uğurlara aparır.
Sonra tədbir iştirakçıları ulu öndərimizin həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.
Xəbərlər şöbəsi