24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, iyunun 11-də Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.
Əvvəlcə qonaqlar ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub. Universitetin tədris korpusları ilə tanış olan qonaqlara məlumat verilib ki, hazırda dünyanın 80-dən çox tanınmış ali məktəbi ilə sıx əməkdaşlıq mövcuddur. Qeyd olunub ki, Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında bağlanmış müqaviləyə uyğun olaraq, hər iki ali təhsil müəssisəsi 2012-ci ildən sıx əməkdaşlıq edir. Universitetlərarası tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxış etmələri humanitar sahədə əlaqələri daha da genişləndirib.

Naxçıvan şəhərinin ən hündür məkanında qərar tutan Dövlət Bayrağı Meydanı və Muzeyi də qonaqlarda böyük maraq doğurub.
Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin başçılıq etdiyi nümayəndə heyəti “Naxçıvan” Universiteti ilə də yaxından tanış olub. Bildirilib ki, 1999-cu ildən fəaliyyət göstərən universitetdə hazır­da 4 fakültə, 9 kafedra və 5 şöbə var. 2015-ci il sentyabrın 15-də – Bilik Günündə “Naxçıvan” Universiteti üçün inşa olunan yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Yaradılmış şərait nəticəsində ali təhsil ocağında təhsil alan tələbələrin sayı hər il artır. Bu gün “Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilir. Universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 50-ni ötüb.
“Naxçıvan” Universitetinin Rəsm qalereyası ilə tanış olan və buradakı rəsm əsərlərinə maraqla baxan Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzeyə muxtar respublikanın füsunkar təbiətini canlandıran “Haçadağ mənzərəsi” rəsm əsəri hədiyyə edilib.
İyunun 12-də Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri ilə Gürcüstanın Acarıstan Muxtar Respublikasından gələn nümayəndə heyətinin tərkibinə daxil olan müvafiq nazirliklərin rəhbərləri arasında görüş olub, qarşılıqlı fikir mübadiləsi aparılıb, əlaqələrin genişləndirilməsinin vacibliyi bildirilib.

 Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR