24 Dekabr 2024, Çərşənbə axşamı

Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi 1993-cü il iyun ayının 15-i Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Həmin tarixdən etibarən dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas olub, ölkəmiz inkişaf, tərəqqi, yüksəliş yoluna qədəm qoyub.

Bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində keçirilən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” adlı məruzəsində bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini elan edən Azərbaycan ağır problemlər burulğanına yuvarlanmışdı. Artıq 1993-cü ilin yazında ölkə daxilində vəziyyət böhran həddinə çatmışdı. Azərbaycan torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal olunmuş, yüz minlərlə yurddaşımız öz doğma ocaqlarından qaçqın, köçkün vəziyyətinə düşmüşdü. Belə bir vaxtda xalq yeganə düzgün yolu seçdi – dünya şöhrətli siyasi xadim Heydər Əliyevi təkidlə ölkə rəhbərliyinə dəvət etdi.

“1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev Bakıya getdi. On minlərlə insan Bakı Hava Limanına axışaraq öz müdrik xi­laskarını qarşıladı. 1993-cü il iyunun 15-də xalqın qətiyyətli istəyi gerçəkləşdi: ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Ali Sovetinə Sədr seçildi”, – deyən İsmayıl Hacıyev vurğulayıb ki, 1993-cü il oktyabrın 3-də xalqın böyük dəstəyi ilə Prezident seçilən görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi on il müddətində son dərəcə böyük işlər görüb. Bu gün hər birimiz ulu öndər Heydər Əliyevə borcluyuq. Çünki xaos, anarxiya baş alıb gedən və vətəndaş müharibəsinə sürüklənən Azərbaycan dövləti Onun uzaqgörən siyasəti nəticəsində ağır bəlalardan xilas olub.
Vurğulanıb ki, ulu öndərin milli maraqlara əsaslanan çoxşaxəli siyasət strategiyası bu gün Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. ­Hazırda ölkəmizin hərtərəfli və sürətli inkişafı, baş verən əsaslı dəyişikliklər, xarici siyasətimizdəki uğurlar, insanların rahatlığı naminə həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.
Sonra sənədli filmə baxış olub.

*  *  *

“Naxçıvan” Universitetində də Heydər Əliyev lektoriyasının “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda növbəti məşğələsi  keçirilib.  

Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin qorunmasını təmin edən Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib, ulu öndərimizin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalqın birliyinə nail olunması, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb.
Rektor ümummilli liderin müasir Azərbaycan dövlətinin ideoloji- siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını vurğulayaraq deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Məşğələdə tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev: Qayıdışdan Qurtuluşa” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Milli Qurtuluşdan ötən 23 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçib, bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutub. Bu yüksəliş, inkişaf və tərəqqi müstəqil Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Gününün bəhrələridir. 1993-cü ilin 15 iyun günü böyük xilaskarlıq missiyasının başlanğıcı, Milli Qurtuluş Günü kimi Azərbaycan xalqının tarixinə yazılıb. Həmin gün xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu ­öndər bütün qüvvəsini Vətənimizi üzləşdiyi bəlalardan, xalqımızı çətin günlərdən xilas etməyə yönəldib.
Məruzəçi bildirib ki, Azərbaycana ikinci rəhbərliyi dövründə ümummilli liderimiz neçə-neçə qərinəyə sığmayan böyük işlər görüb, ölkə həyatının bütün sahələrində əsaslı dönüşə nail olunub, iqtisadi inkişaf təmin edilib. Bu gün Azərbaycan ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə uğurlar qazanılır. İnkişaf və intibah dövrünü yaşayan Azərbaycan dünyanın diqqət mərkəzinə çevrilib.
Diqqətə çatdırılıb ki, blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası da bu gün sürətlə inkişaf edir, şəhər, qəsəbə və kəndlər yenidən qurulur. Qədim Naxçıvanın müdafiə qabiliyyəti gücləndirilib, makroiqtisadi sabitlik bərqərar olunub, iqtisadi inkişaf təmin edilib, əhalinin yaşayış səviyyəsi yaxşılaşdırılıb. Bütün bunlar ulu öndər Heydər Əliyev yoluna sədaqətin və Milli Qurtuluşun bəhrələridir.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib. 

*  *  *

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluş Gününün bəhrələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Sucaxan Novruzov bildirib ki, ölkəmizdə günü-gündən genişlənən anarxiyanın, hərc-mərcliyin qarşısı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra alınıb, respublikamız düşdüyü bəlalardan xilas olub, inkişaf və tərəqqi yoluna çıxıb.
Xalqımızın dahi oğlu qısa müddətdə ölkədə baş verən vətəndaş qarşıdurmasını aradan qaldırıb, cəmiyyət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatlar həyata keçirilməsini təmin edib.
Ötən müddət ərzində respublikamız böyük inkişaf yolu keçib, ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası, ulu öndərin ideyalarına sədaqət bu qədim diyarın tanınmaz dərəcədə dəyişməsinə səbəb olub.
Məruzə ətrafında şuranın əməkdaşlarından Xatirə İbrahimli, Vahid Muradov, Gözəl Qənbərova və Taliyə Bağırova çıxış ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR