24 Dekabr 2024, Çərşənbə axşamı

Müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi həm də onun malik olduğu elmi-mədəni potensialla ölçülür. İndiyə qədər bəşər tarixində əbədilik qazanmış dahi şəxsiyyətlərin elmə, elm xadimlərinə münasibəti, bu fəaliyyət sahəsinin inkişafına verdikləri töhfələr onların əbədiyaşarlığını təmin edən başlıca amillərdən birinə çevrilmişdir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətləri də misilsizdir.
Elm sahəsində qazanılan nailiyyətləri dövlət quruculuğu prosesinin mühüm şərti kimi nəzərdən keçirmiş ulu öndərimiz Azərbaycana rəhbərliyinin bütün dövrlərində bu sahəyə diqqət və qayğısını əsirgəməmiş, daim milli elmimizin qüdrətli hamisi kimi çıxış etmişdir. O, Elmlər Akademiyasına, bütövlükdə Azərbaycan elminə, ziyalılara həmişə yüksək qiymət vermiş, öz diqqət və qayğısını göstərmişdir. Azərbaycan elminin ən çox inkişaf etdiyi dövr dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Elmin yeni yüksəlişi məhz ulu öndərin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində Azərbaycan Elmlər Akademiyası Onun böyük təşkilatçılıq istedadı nəticəsində dünyada şöhrət qazanmış, özünün kadr potensialını yaratmış, maddi-texniki bazasını möhkəmləndirmişdir.

Ümummilli lider dünyada tanınan və qəbul edilən görkəmli siyasi və dövlət xadimi olmaqla yanaşı, həm də böyük bir elm adamı idi. Azərbaycan elminə və elm adamlarına göstərdiyi qayğı və dəstək elə bundan qaynaqlanırdı. Ulu öndərimiz Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü.
Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərliyə gəldiyi ilk günlərdən elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirmiş, ona daim qayğı göstərmiş, elmin sürətli inkişafı üçün mühüm qərarlar vermişdir. O, avqust (1969) plenumunda respublika elminin inkişafında yaranmış vəziyyətdən narahatlığını bildirərək demişdir: “Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə elmi idarələri elmi-texniki tərəqqinin sürətləndirilməsi uğrunda, tamamlanmış işlərin istehsalata tətbiqi uğrunda mübarizədə kifayət qədər əzmkarlıq göstərmirlər... Dissertasiyaların heç də hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət yaxşı deyildir... Alimlik dərəcəsi alanlar arasında nazirliklərin və digər mərkəzi idarələrin rəhbər işçiləri də az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qabil olan adamlar gəlsinlər...”
Azərbaycan aliminə və elminə elə ilk gündən yüksək qayğı göstərən ulu öndər Heydər Əliyev bu sahədəki fəaliyyətini də ardıcıl və sistemli şəkildə həyata keçirirdi. Onun diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərin sayı artır, Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, elmi-tədqiqat institutları üçün yeni korpuslar tikilir, xüsusi təyinatlı layihə-konstruktor büroları yaradılırdı. Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin ölkədə və dünyada tanıtdırılmasına səy göstərilir, elmi-tədqiqat işlərinin səviyyəsi yüksəlir, elmin tətbiq sahələri genişlənir, elm adamlarına yaradıcılıq şəraiti yaradılır, görkəmli alimlərin fəaliyyətləri təqdir olunur, onlar mükafatlandırılırdı. Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi.
Ümummilli lider Azərbaycanı dünya elminin mərkəzlərindən birinə çevirmək məqsədilə elmi-tədqiqat institutlarının, elmi işçilərin sayının artırılmasına çalışır və onlara qayğı göstərirdi. Əgər 1969-cu ildə Azərbaycanda fəaliyyət göstərən 89 elmi-tədqiqat institutunda, digər layihə müəssisələri və problem laboratoriyalarında 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1978-ci ildə elmi-tədqiqat, layihə və sahə institutlarının sayı 118-ə, elmi işçilərin sayı 21407 nəfərə, akademik və müxbir üzvlər 100 nəfərə, elmlər doktorları 853, elmlər namizədlərinin sayı 7594 nəfərə çatmışdı.
Görkəmli dövlət xadimi Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda elmi işçilərin sayı artır, alimlərin hazırlanmasına xüsusi diqqət yetirilirdi. 1970-1980-ci illərdə respublikamızda 258 elmlər doktoru, 2677 elmlər namizədi hazırlanmışdı. Respublika Elmlər Akademiyasının 56 həqiqi üzvü və 71 müxbir üzvü var idi. 123 elmi idarə və 17 ali məktəbin kafedralarında 22 min elmi əməkdaş, o cümlədən 900-dən çox elmlər doktoru və 8 mindən çox elmlər namizədi çalışırdı.
Ötən əsrin 70-80-ci illərində yeni elm sahələrinin, elmi istiqamətlərin yaranması respublikamızda elmin inkişafına müsbət təsir göstərmişdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü, rəhbərliyi və bilavasitə iştirakı ilə kimya, neft emalı və neft-kimya sənayesinə kapital qoyuluşu artırılmış, bu sahədə ən qabaqcıl texnologiya tətbiq olunmuşdu. Neft-kimya sənayesi modernləşdirilmiş və yenidən qurulmuşdu. Astronomiya, kosmik tədqiqatlar, biokimya, molekulyar biologiya, biofizika, biotexnologiya kimi sahələr inkişaf etdirilmişdi. Ümummilli liderimizin uzaqgörənliyi ilə Azərbaycanda onlarla nəhəng sənaye kompleksi – neft emalı, neft-kimya, maşınqayırma, cihazqayırma müəssisələri yaradılmışdı ki, bunlar da elmin sürətli inkişafını təmin etmişdi.
Görkəmli dövlət xadimi Heydər Əliyev respublika alimlərini və elmi idarələrin rəhbərlərini elmin ən müasir sahələri üzrə elmi-tədqiqat işlərinin aparılmasına yönəldirdi. Bilavasitə bu dahi insanın himayəsi altında ölkəmizdə elmin ən perspektivli sahələri üzrə elmi-tədqiqat işləri aparılırdı. Təkcə 1979-cu ildə təbiət və ictimai elmlər sahəsində respublikada aparılan elmi tədqiqatların 55 nəticəsi sovet elminin ən mühüm nailiyyətləri sırasında qeyd edilmişdi. 70-80-ci illərdə – 10 il ərzində Elmlər Akademiyası alimlərinin tədqiqatlarının istehsalata tətbiqi nəticəsində əldə edilən iqtisadi səmərə 570 milyon manatdan çox olmuşdu. 1970-1985-ci illərdə iqtisadi səmərəyə malik 850-yə yaxın iş xalq təsərrüfatında tətbiq edilmiş, 2280 elmi, elmi-tədqiqat və xalq təsərrüfatı əhəmiyyətli nəticə alınmışdı.
Xalqımızın ictimai həyatında əlamətdar hadisə olan, çoxəsrlik tariximizdə ilk universal-milli oncildlik Azərbaycan Ensiklopediyasının meydana gəlməsi də ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ensiklo­pediya Heydər Əliyev dövrünün mənəvi abidəsidir.
Ümummilli liderimiz bütün ictimai-siyasi fəaliyyəti boyunca tarixə, ədəbiyyata, mədəniyyətə, ümumilikdə, humanitar elmlərə yüksək qiymət və əhəmiyyət vermiş, onların xalqın mənəvi həyatında oynadığı rolu layiqincə dəyərləndirmişdir. Öz xalqını və dilini dərindən sevən dahi şəxsiyyət Heydər Əliyev rəhbərliyə gəldiyi ilk günlərdən başlayaraq respublika iqtisadiyyatı və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsi və inkişafına da daima diqqət yetirmişdir. Ulu öndərin hakimiyyəti illərində Azərbaycan dilinə, Azərbaycan tarixinə, mədəniyyətinə dair xeyli elmi-tədqiqat işi aparılmış və monoqrafiyalar nəşr olunmuşdur. Azərbaycan tarixi və dilçilik sahəsində yazılmış bir sıra əsərlərə dövlət mükafatları verilmişdir.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri Azərbaycan üçün ən çətin, ağır dövr idi. Həmin illərdə mövcud hadisələrin, müharibə alovunun fonunda Azərbaycan elminə də ciddi zərbələr vurulmuşdur. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də durğunluq hökm sürürdü.
1993-cü il Azərbaycan tarixində dönüş ili kimi yadda qalmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra elmə göstərilən diqqət və qayğı elə ilk günlərdən bir daha özünü göstərmişdir. Dahi rəhbər Heydər Əliyev hələ Azərbaycan Prezidenti seçilməzdən əvvəl ziyalılarla ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikası Elmlər Akademiyasında keçirmişdir. Bunu da yalnız ulu öndərimizin alimlərə bəslədiyi böyük ehtiram, Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqət kimi izah etmək olar. Bu həm də ölkəni 1993-cü ilin iyununadək idarə etmiş səriştəsiz insanların respublikada elm adamlarına münasibətdə yol verdikləri ədalətsizliklərdən irəli gələn narahatlıqlarla bağlı idi. Elə həmin görüşdə ulu öndər Heydər Əliyev belə narahatlıqların yalnız naqis adamların təxəyyülünün məhsulu olduğunu cəsarətlə ifşa edərək demişdir: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, son qoyacağıq. Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir”.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti parçalanmaq, məhv olmaq təhlükəsindən xilas olmuşdur. Bu eyni zamanda Azərbaycan elminin xilası demək idi. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ziyalıya, alimə və elmə hörməti də geri qaytarmışdır.
Elmlər Akademiyasının bağlanacağı haqqında söz-söhbətlər hələ də dolaşmaqda idi. Lakin Heydər Əliyev müdrikliyi buna son qoydu. 1997-ci il yanvarın 31-də ulu öndər Heydər Əliyev Azərbaycan Elmlər Akademiyası rəhbərliyini və aparıcı alimlərin bir qrupunu qəbul edərək elm sahəsində islahatların aparılmasının vacibliyini bildirmiş, Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdi. Bu görüş Azərbaycan elminin və Elmlər Akademiyasının tarixində böyük əhəmiyyət kəsb etməklə elmimizin nüfuzunu yenidən artırmış, onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirmişdir. Çox çətin vəziyyətlərlə qarşılaşan, nəinki durğunluq, həm də tənəzzül dövrü keçirən Azərbaycan Elmlər Akademiyası üçün 1997-ci il yanvarın 31-i yeni mərhələnin başlanğıcı idi. Ümummilli lider bu tarixi nitqi ilə Azərbaycan Elmlər Akademiyasına ikinci bir həyat vermişdir. Akademiya rəhbərliyi ümummilli liderimizin tövsiyələrini rəhbər tutaraq Elmlər Akademiyasında islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi idarə və elmi xidmət müəssisələrinin işinin səmərəliliyinin yüksəldilməsi məqsədilə bir sıra qərarlar qəbul etmiş və tədbirlər həyata keçirmişdir.
Müstəqil dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafında elmin mühüm rolu vardır. Bunu uzaqgörənliklə nəzərə alan ulu öndərimiz elmin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, elmi-texniki potensialın qorunub saxlanılması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində bir sıra mühüm qərarlar qəbul etmişdir. Ümummilli liderimizin 15 may 2001-ci il tarixli fərmanı ilə respublika Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmişdir.
2002-ci ildə ulu öndərimiz Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalamışdır. Naxçıvanda bölmənin yaradılmasına həsr olunmuş müşavirə keçirilmiş, müşavirədə ulu öndərimiz blokada şəraitində yaşayan qədim Azərbaycan diyarının hərtərəfli öyrənilməsinə daha çox ehtiyac duyulduğunu qeyd etmiş, bu sahədə genişmiqyaslı tədqiqatların aparılması üçün tapşırıqlar vermişdir. Bölmənin yaradılmasından ötən müddət ərzində bütün elmi-tədqiqat institutları və mərkəzi aparat üçün müasir iş şəraiti yaradılmış, bölmənin kadr potensialı formalaşdırılmışdır. Bütün bunlar burada elmin inkişafına stimul vermiş, Naxçıvanın tarixinin, mədəniyyətinin və digər sahələrin tədqiqi istiqamətində araşdırmalar aparılmış, onlarla kitab nəşr edilmişdir. İkicildlik “Naxçıvan Ensiklopediyası”, üçcildlik “Naxçıvan tarixi” kimi fundamental əsərlərin hazırlanması ulu öndərimizin uzaqgörən siyasətinin, AMEA Naxçıvan Bölməsinin yaradılmasının bəhrəsidir.
Ümummilli lider Heydər Əliyevin siyasi xəttini, müəyyənləşdirdiyi yolu inamla və uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev praqmatik və rasional düşüncəli siyasətçi kimi xalqın gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında dəfələrlə vurğulamışdır. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə AMEA-nın yığıncaqlarında iştirakı və alimlər qarşısında dərin məzmunlu nitq söyləməsi, elmin inkişaf perspektivləri ilə bağlı dəyərli tövsiyələrini verməsi, habelə akademiyanın binası ətrafında aparılan yenidənqurma, abadlıq işləri ilə yaxından tanış olması bu sahəyə dövlət qayğısının davamlı səciyyə daşıdığını göstərir. Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın inkişafında elmin roluna diqqət çəkərək demişdir: “Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir”.

Ulu öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR