Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, üçrəngli bayrağımız meydana gətirilib. Sonra taqımlar şəklində tribunanın önündə düzülən gənc əsgərlər əllərini silahın üzərinə qoyaraq vətəni layiqincə qoruyacaqlarına, əsgəri borclarına şərəflə əməl edəcəklərinə and içiblər.
Mərasimdə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, baş leytenant Nicat Qafarov gənc əsgərləri bu əhəmiyyətli gün münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Valideynlər adından çıxış edən Arzuman Yusifov bu günün onda böyük qürur hissi doğurduğunu deyib, bütün valideynlərin vətənin müdafiəçiləri olan övladları ilə fəxr etdiyini bildirib.
Gənc əsgərlər adından çıxış edən Tural Şıxəliyev nümunəvi xidmətləri ilə hərbi hissənin adını daim yüksək tutacaqlarını, baş verə biləcək fövqəladə hallar zamanı əllərindən gələni əsirgəməyəcəklərini bildirib.
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, general-mayor Hikmət Kərimov ölkəmizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda Silahlı Qüvvələrimizin rolundan danışıb, gənc əsgərlərə və onların valideynlərinə xoş arzularını çatdırıb.
Sonda alayın şəxsi heyəti hərbi marşın müşayiəti ilə tribuna önündən keçib.
Xəbərlər şöbəsi