24 Dekabr 2024, Çərşənbə axşamı

Şərur rayonu

Şərur muxtar respublikamızın böyük rayonlarından biridir. Ulu Tanrı öz səxavətini bu bölgədən əsirgəməyib. Milli Qurtuluşdan ötən dövr ərzində isə Şərur müasir rayona çevrilib. Belə ki, tarixə qovuşan son 23 ildə rayonda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, reallaşdırılan iqtisadi layihələr Şərura böyük yeniliklər gətirib, insanların həyat səviyyəsi xeyli yüksəlib.

Şərur şəhəri, bölgənin kəndləri füsunkar bir gözəlliyə qovuşub, yenilənib, müasirləşib. Kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər bəhrələrini verib. Kənd yaşayış məntəqələrində müasir infrastruktur yaradılıb. Bu dövrdə rayonda həyata keçirilən quruculuq tədbirlərinin həcmi o qədər böyükdür ki, onları adbaad sadalamaq mümkün deyil. Qısaca olaraq bildirək ki, adıçəkilən dövrdə rayonun 45-dək yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib. Bu tədbirlər çərçivəsində təhsil, səhiyyə, mədəniyyət ocaqları üçün yeni binalar, kənd mərkəzləri tikilib. Belə qayğıdan rayonun digər idarə, müəssisə və təşkilatlarına da pay düşüb. Həmin müəssisələrdə müasir iş şəraiti yaradılıb. Rayondaxili yolların müasirliyinə söz ola bilməz.

Rayonda sahibkarlar təbəqəsi formalaşıb. Bu isə yeni iş yerlərinin açılmasına, insanların məşğulluğunun təmin olunmasına imkan verib. Turizm potensialından düzgün istifadə üçün tədbirlər reallaşdırılıb. Bütün sahələrdə qazanılan uğurlar getdikcə artmaqdadır.
Hazırda rayonun Arbatan, Çəmənli və Arpaçay kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri həyata keçirilir. Dərvişlər-Arpaçay-Çəmənli, Çərçiboğan-Arbatan kəndlərini birləşdirən yollar yenidən qurulur. Şərur şəhərindəki 2 nömrəli tam orta məktəb və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üçün binalar tikilir.
Görülən bu işlərə rayon sakinləri necə qiymət verirlər? Milli Qurtuluş Günü münasibətilə təşkil edilən xalq gəzintisində bir neçə şərurlu ilə həmsöhbət oldum. Naxçıvan Muxtar Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Rza Camalov dedi:
– Bütün bunlar Milli Qurtuluşun Şərura və şərurlulara böyük töhfələridir. Həyata keçirilən bütün layihələr bir məqsədə ünvanlanıb: şərurluların yaşayış səviyyəsini yaxşılaşdırmaq, insanların layiq olduğu səviyyədə yaşamasına nail olmaq. Rayon sakinləri də bu həqiqəti dərindən dərk edir, rayonun, muxtar respublikanın və nəticə etibarilə, ölkəmizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Şərur şəhər sakini Qəhrəman İbrahimov: – Şərurlular Milli Qurtuluş Günündən ötən dövrdə həyata keçirilən tədbirlərdə fəallıq göstərməyi vətəndaşlıq borcu bilərək doğma yurd yerinin müasirliyə qovuşması üçün əllərindən gələni əsirgəməyiblər, dövlətimizə dəstək olublar. Rayon sakinləri Şərurun daha da çiçəklənməsi, iqtisadi cəhətdən güclənməsi üçün səy və bacarıqlarını əsirgəmir, son 23 ildə qazanılan uğurları son hədd hesab etməyərək qarşıdakı illərdə də yüksək göstəricilərə nail olacaqlarına inanırlar. Çünki arxalarında güclü və müstəqil dövlətin durduğunu görürlər. Belə dövlətin vətəndaşları olmaqla qürur duyurlar. Bilirlər ki, nail olunan hər bir uğurun təməlində insana, onun layiq olduğu səviyyədə yaşamasına qayğı dayanıb.
Həmin gün Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Arpaçay” instrumental ansamblı üzvlərinin maraqlı ifaları xalq gəzintisinə çıxanlara yüksək ovqat bəxş edib.

Babək rayonu

1993-cü ilin 15 iyunundan sonra Azərbaycan, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası sabitlik və inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin yaratdığı Babək rayonu da ötən illər ərzində çiçəklənib, inkişaf edib. Qədirbilən rayon sakinləri iyunun 15-də rayon mərkəzində təşkil olunmuş xalq gəzintisində bir daha Heydər Əliyev ideyalarına, amallarına sədaqət nümayiş etdiriblər.
Həmin gün rayon ictimaiyyətinin toplaşdığı bayram tədbirində həmsöhbət olduğumuz rayon sakinlərindən Həsən Həsənov bildirdi ki, Babək rayonunun yaradılmasından 38 il keçir. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksinə olaraq xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin, siyasi iradəsinin, uzaqgörənliyinin nəticəsi idi. Ümummilli lider bu tarixi addımı atmaqla milli düşüncənin Onun üçün hər zaman öndə olduğunu sübut etdi.
Sahibkar Nağı Nağıyev isə dedi ki, Babək rayonu muxtar respublikada böyük aqrar potensiala malik rayonlardan biridir. Sahibkarlığa göstərilən hərtərəfli dövlət qayğısının sayəsində rayonda kənd təsərrüfatının və sənayenin müxtəlif sahələri inkişaf etdirilib, xeyli sayda istehsal müəssisələri fəaliyyətə başlayıb. Yaradılmış şərait sahibkarların fəaliyyətinə geniş imkanlar açıb. Bu gün əldə etdiyimiz uğurların təməlində, təbii ki, Heydər Əliyev ideyalarının uğurlu davamı və sabitlik dayanır.
Digər rayon sakini Sulduzə Hacıyeva isə uzun illərdir ki, Şıxmahmud kənd tam orta məktəbində müəllim işləyir. Onun dediklərindən: “Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən parlaq səhifəsidir. O tarixi gün olmasaydı, yəqin ki, bu günümüz sual altında qalardı. Heydər Əliyev kimi dahi şəxsiyyətin yenidən siyasi hakimiyyətə qayıdışı bizi bütün bəlalardan xilas edib. Bu gün rayonumuzun hansı yaşayış məntəqəsinə getsən, orada yeni quruculuq ünvanları ilə, abad yollarla qarşılaşarsan. Hər tərəfdə səliqə-sahman hökm sürür, yaşıllıqlar göz oxşayır. Kəndlərimizdə tikilən müasir məktəblər şəhər məktəblərindən fərqlənmir. Təhsilə elə yüksək dövlət qayğısı göstərilir ki, bu qayğının sayəsində oxuma­maq və yaxud gələcəyimiz üçün savadlı, bilikli kadrlar yetişdirməmək mümkün deyil. Bütün bunlar isə Milli Qurtuluşun xalqımıza töhfələridir”.
Həmin gün Babək qəsəbəsində Milli Qurtuluş Günü münasibətilə xalq gəzintisi təşkil olunub. Mərkəzi meydanda yerli istehsal müəssisələrinin məhsulları nümayiş etdirilib, Babək Rayon Mədəniyyət Evinin musiqiçiləri tərəfindən ulu öndərimizə, vətənimiz Azərbaycana, müstəqilliyimizə, xalqımızın şanlı tarixinə, yurdumuzun gözəlliklərinə həsr olunan mahnılar səsləndirilib.

Ordubad rayonu

Tariximizə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günündən ötən müddət ərzində Ordubad rayonunda 80-dən çox obyekt inşa edilərək və ya yenidən qurularaq istifadəyə verilib, onlarla yaşayış məntəqəsi, eləcə də ucqar dağ yaşayış məntəqələri abad kəndlər sırasına qoşulub.
Ötən müddətdə rayonda ən müasir avadanlıqlarla təchiz edilmiş ümumtəhsil məktəbləri, musiqi məktəbləri, uşaq bağçaları, səhiyyə və mədəniyyət müəssisələri üçün binalar inşa edilərək istifadəyə verilib, kənd mərkəzləri həyata vəsiqə alıb. Bütün bu görülən işləri Milli Qurtuluş Gününün bəhrələri kimi dəyərləndirən qədirbilən ordubadlılar hər il tarixə qızıl hərflərlə yazılmış bu günü yüksək əhval-ruhiyyə ilə qeyd edirlər.
Ordubad şəhərində də Milli Qurtuluş Gününə həsr olunmuş xalq gəzintisi təşkil edilib. Gəzinti zamanı görüşüb həmsöhbət olduğum rayon ziyalısı Cabir İsmayılov bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun Milli Qurtuluş Günündən ötən dövr ərzində keçdiyi böyük inkişaf yolunu gözlərimiz önünə gətirəndə təəccübümüzü gizlədə bilmirik. Çünki 23 illik zaman kəsiyində bölgə on illərə bərabər yol qət edib. Rayonun iqtisadiyyatı inkişaf etdirilib, yeni iş yerləri yaradılıb, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlər həyata keçirilib. Zəngin fauna və floraya, tarixi abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal müəssisələrinin işə salınması ulu öndər Heydər Əliyevin bağlar diyarına böyük qayğısının ifadəsi kimi dəyərləndirilir. Ordubad rayonunun müasir yaşayış məntəqələri, tarixiliyin və müasirliyin vəhdətindən doğan gözəllikləri Milli Qurtuluş Gününün bəhrələridir.
Xalq gəzintisi zamanı həmsöhbət olduğum rayon gənclərindən Əli Heydərov, Ülviyyə Əlizadə, Gülçatay Bağırova, Şəbnəm Rüstəmova və başqaları ilə söhbət zamanı qeyd edildi ki, Milli Qurtuluşdan ötən dövr ərzində bölgənin ən ucqar dağ və sərhəd kənd­lərinin belə, siması dəyişib, bu yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim yurd yerinə yeni görkəm gətirib. Aparılan məqsədyönlü tədbirlər insanların həyata baxışlarını da dəyişib. Bir sözlə, Ordubad tarixiliyini saxlamaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib. Bu gün rayon gəncləri dərindən dərk edirlər ki, bütün bunlar Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev yoluna sədaqətin və ehtiramın ifadəsi hesabınadır. Odur ki, xalqımızın dahi oğlu rayon sakinləri tərəfindən daim minnətdarlıqla, böyük sevgi hissləri ilə xatırlanır, Onun xatirəsi əziz tutulur.

Culfa rayonu

Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü  il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəni düçar olduğu anarxiya, xaos, özbaşınalıq və iqtisadi tənəzzüldən xilas edib. 

Ulu öndərimizin müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində əsrlərə sığmayan böyük işlər görülüb, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar edilib, milli Konstitusiyamız qəbul olunub, Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna çıxıb. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçib. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr muxtar respublikamızı tərəqqiyə qovuşdurub.
Milli Qurtuluş Gününün bəhrələrini Culfa rayonunda da hər addımda müşahidə etmək olar. Odur ki, rayon sakinləri xalqımızın bu əziz bayramını hər il böyük coşqu ilə qeyd edirlər.
Milli Qurtuluş Günü münasibətilə Culfa rayonunda da rayon mərkəzində yerləşən Mədəniyyət və İstirahət Parkında xalq gəzintisi olub. Burada bir neçə rayon sakini ilə həmsöhbət olduq. Ləkətağ kənd tam orta məktəbinin direktoru Eldəniz Məmmədov bildirdi ki, muxtar respublikamızın ayrı-ayrı bölgələrində olduğu kimi, Culfa rayonunda da genişmiqyaslı quruculuq tədbirləri həyata keçirilib, yeni sosial obyektlər həyata vəsiqə alıb. 26 ümumtəhsil müəssisəsinin fəaliyyət göstərdiyi rayonda 21 orta məktəb, 1 uşaq bağçası, şahmat məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi üçün müasir tələblərə cavab verən yeni binalar tikilib istifadəyə verilib.
Söhbətimizə qoşulan Culfa şəhər sakini Nazim Məmmədov qeyd etdi ki, rayon mərkəzini ucqar dağ və sərhəd kəndləri ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması da diqqət mərkəzində saxlanılıb, ümumi uzunluğu 57 kilometr olan Çeşməbasar-Boy­əhməd avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Kənddaxili və kəndarası avtomobil yollarında əsaslı təmir işləri aparılıb, rayon sakinlərinin rahatlığı təmin olunub.
Sahibkar Alıyar Quliyev isə vurğuladı ki, daxili bazarın yerli məhsullarla təmin olunmasında mühüm rol oynayan kiçik və orta sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb, əhalinin məşğulluğu təmin olunub, maddi rifahının daha da yaxşılaşmasına geniş imkanlar açılıb. Bütün bunlar Milli Qurtuluş Gününün bəhrələridir.

Kəngərli rayonu

Müstəqil Azərbaycanda sabitlik və inkişafın təməlinin qoyulduğu 15 İyun – Milli Qurtuluş Günü Kəngərli rayonunda da böyük təntənə ilə qeyd edilib.
Belə ki, rayon mərkəzinin Qıvraq qəsəbəsindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında ictimaiyyət nümayəndələrinin xalq gəzintisi təşkil olunub.
Bu bölgəmizdə Milli Qurtuluş Gününün böyük sevinclə qeyd olunmasının əsaslı səbəbləri var. Bütün rayon sakinləri muxtar respublikamızda, o cümlədən Kəngərli rayonunda görülən əsrə bərabər işlərin Milli Qurtuluş Gününün töhfələri olduğunu dərindən dərk edirlər.
Xalq gəzintisində rayon sakinləri bölgədə insan amilinin daim diqqət mərkəzində olduğunu bildirdilər. Onlar qeyd etdilər ki, insana qayğını özündə təcəssüm etdirən böyük inkişaf Kəngərli rayonunun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar abadlaşdırılıb, sənaye müəssisələri yaradılıb, yeni iş yerləri açılıb.
Qarabağlar kənd sakini Nahas Səfərov bildirdi ki, bu gün Kəngərli rayonunda bütün təşkilatlarda əhaliyə nümunəvi xidmət göstərilir, insanların problemlərinin həllinə həssaslıqla yanaşılır. Sakinlərin işlə təminatı, rabitə xidmətindən istifadəsi, onlara lazımi səviyyədə tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanılır. Görülən bütün işləri insanlar sevinclə, alqışlarla qarşılayırlar. Bu isə rayon sakinlərinin qurub-yaratmaq əzmini daha da yüksəldir.

Şahbuz rayonu

15 İyun – Milli Qurtuluş Günü müstəqil ölkəmizin hər yerində olduğu kimi, Şahbuz rayonunda böyük coşqu ilə qeyd olunub.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana bəxş etdiyi Milli Qurtuluş Şahbuz rayonunun da inkişaf və tərəqqiyə qovuşmasına səbəb olub. Bu gün siması günbəgün dəyişilən Şahbuz şəhəri, rayonun hər bir yaşayış məntəqəsi məhz Milli Qurtuluşun bəhrələridir. Rayonda aparılmış genişmiqyaslı quruculuq, kəndlərin abadlığı, rahat sosial infrastruktur və şahbuzluların müasir həyat səviyyəsi ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu ən böyük sərvətin – müstəqilliyin və Milli Qurtuluşun sayəsindədir. Təbii gözəlliklərlə zəngin olan Şahbuzun müasir tərəqqi və inkişaf mənzərəsi indi bu rayonun hüsnünə daha da yaraşıq verib.
Şahbuz şəhərində keçirilən budəfəki ümumxalq bayramı, Milli Qurtuluş Günü gur axınlı xalq gəzintisi ilə yadda qaldı. Rayon mərkəzində həmsöhbət olduğumuz Şahbuz şəhər sakinləri Fazil Rzayev və Ramiz Cəlilov bildirdilər ki, Milli Qurtuluş Günü hamımız üçün müqəddəs bayramdır. Ötən əsrin 90-cı illərində ölkəmizin başının üstünü almış təhlükədən xilas olunmağımıza görə dahi rəhbərə borcluyuq. Güclü Azərbaycan dövlətinin qurulması Milli Qurtuluş Günündən başlayır. Şahbuz rayonu da əsl inkişafına bu dövrdən sonra qovuşub. Rayonumuz abadlaşıb, sakinlərin güzəranı yaxşılaşıb. İndi Şahbuz təkcə muxtar respublikamızın deyil, ölkəmizin turizm və istirahət mərkəzlərindən birinə çevrilib. Bütün kəndlərimiz müasir görkəminə qovuşub, heç zaman belə olmamış hamar yollar çəkilib.
Qeyd edək ki, Milli Qurtuluş Günü münasibətilə Şahbuz şəhərində təşkil olunmuş xalq gəzintisi axşam saatlarınadək davam edib, əhaliyə müxtəlif iaşə xidmətləri göstərilib.

Sədərək rayonu

Sədərək rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təşkil edilən  xalq gəzintisi və  Sədərək Rayon Uşaq Musiqi Məktəbi şagirdlərinin konserti sərhəd bölgəsi sakinlərinin Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevə böyük sevgi və ehtiramının təntənəsinə çevrildi. 

Sədərək rayonunun yaradılması, bölgədə yaşayış massivlərinin salınması, inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bunu rayon sakinləri bir daha dilə gətirdilər. Nadir Məmmədov bildirdi ki, XX əsrin 90-cı illərinin əvvəllərində Sədərək Ermənistan tərəfindən hücumlara məruz qalıb. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd bölgəsi olan, Naxçıvanın qala qapısı sayılan Sədərəkdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün qarşısının alınması üçün misilsiz xidmətlər göstərib, dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. Sədərəklilər ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
“Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə Sədərək rayonunun erməni işğalından qorunması, bölgənin sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü tikilib, Türkiyənin həmsərhəd vilayətlərindən Sədərəyə elektrik xətti çəkilib. Ulu öndərin tövsiyələrinə uyğun olaraq bu bölgənin inkişafı diqqət mərkəzində saxlanılıb, rayon mərkəzində və kəndlərdə kompleks quruculuq tədbirləri həyata keçirilib”, – bunları isə rayon ziyalısı Samil Kazımov dedi.
Sərhəd bölgəsində təşkil olunan xalq gəzintisi və konsert sədərəklilərin yüksək əhval-ruhiyyədə iştirakı və uşaqların ifa etdikləri bir-birindən maraqlı musiqi nömrələri və rəqslərlə yadda qaldı.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR